Əməldə Səmimiyət və Dogruluq


Samirə Mahmudova
Bu yazıya 306 dəfə baxılıb.

İnsanın ətrafındakılara xeyri və haqqı tövsiyə edərkən diqqət edəcəyi ən mühüm xüsus özünün nümunəvi şəxsiyyət olması və nə olursa olsun doğruluq prinsipindən ayrılmamasıdır. Bir müsəlman əməl edərkən Allaha ibadət etmə düşüncəsi ilə birlikdə, əməlinin onu Allahın rızasına nail olacağını düşünməli, bu istiqamətlə yaşamalıdır. Allah Təala buyurur:

“Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur” (Mülk,2).

Rəvayət edilir ki, Fudeyl ibn İyad bu ayəni izah edib demişdir:

“Əməl baxımından daha yaxşı olanınız” demək, yəni daha səmimi və daha doğru olanınız deməkdir. Ondan: “Daha səmimi və daha doğru olanı nədir?”- deyə soruşulduqda, o belə cavab vermişdir: “Əməldə əgər səmimiyyət olsa, lakin doğruluq olmazsa, o qəbul olunmaz. Həmçinin, əgər əməldə doğruluq olsa, lakin səmimiyyət olmazsa, o, yenə qəbul olunmaz. Əməl yalnız o təqdirdə qəbul olar ki, onda səmimiyyət və doğruluq olsun. “Səmimi əməl” deyildikdə, Allah üçün yerinə yetirilən əməl, “doğru əməl” isə sünnəyə uyğun əməl nəzərdə tutulur (Təfsirul- Bəğəvi).

İnsanlar zahirə və əməllərin çoxluğuna baxar. O əməllərdəki niyyət və ixlas Allah tərəfindən bilinməkdə və niyyət ilə ixlasa görə dəyər verilməkdədir. Buna görə, Peyğəmbərimiz( s.a.s.) “Dinində ixlaslı ol, o zaman az əməl belə sənə Cənnəti qazanmğa kifayət edər” buyurmuşdur.

İxlasın ziddi olan riyakarlıq da Xaliqi razı etmək məqsədi ilə olmayıb, xalqı razı etmək və bir mənfəət üçün yaxşı iş görülməsinə, ibadət edilməsinə deyilir. Riya sahibinə riyakar və ya mürai deyərlər. Qurani Kərimdə Allah rızası üçün yemək yedirib, nümayiş etməyən, başa qaxmayan və yemək verdiklərindən bir təşəkkür gözləməyən insanlardan təriflə bəhs olunmuşdur. Belələrinin:

“Biz sizi ancaq Allah üçün yedirdirik. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləyirik...”(İnsan, 9) dedikləri buyrulur. Peyğəmbərimiz (s.a.s.) riyanı kiçik şirk olduğunu bildirmişdir.

Rəsulullah (s.a.s.) buyurmuşdur ki: “Mənim sizin adınıza qorxduğum şeylərin ən qorxuncu şirkdir”. Əshabı Kiram: “Kiçik şirk nədir ey Allahın Rəsulu?”- deyə soruşdular. Allah Rəsulu (s.a.s.): “Riyadır! Allah qiyamət günü bəndələrini əməlləri ilə mükafatlandırdığı zaman riyakarlara belə deyəcəkdir: “Riya etmiş kəslərin yanına gedin. Baxın, baxaq onların qatında bir mükafat tapa biləcəksinizmi?”( İbn Macə, Fitən) Peyğəmbərimiz (s.a.s.) riyakarların cəhənnəmdəki yerini xatırladaraq: “Siz hüzn quyusundan Allaha sığının” buyurdu. Əshabı Kiram soruşdu: “Ey Allahın Rəsulu, hüzn quyusu nədir?” Rəsulullah (s.a.s.) buyurdu: “Cəhənnəmdə bir vadidir ki, riya sahibi olan Quran oxuyucuları üçün hazırlanmışdır” (Tirmizi, Zöhd ).

Deməli, mömin ibadət edərkən niyətinin xalis olmasını hədəfləməli, bu əməl və niyətinin Allahın rızasına uyğun olması üçün də səy göstərməlidir. Bununla birlikdə daima Allah Təaladan onu doğru yola yönəltməsi və salehlərlə bərabər olub daima yaxşı işlər görməsini də istəməlidir. Elə buna görədir ki, hədislərin birində peyğəmbərimiz (s.a.s.) Muaz bin Cəbələ (r.a.) hər namazın sonunda belə dua etməyi tövsiyə edir:

“Allahummə, əinni alə zikrikə və şükrikə və husni ibadətikə ( Allahım, Səni zikr etmək Sənə şükr etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et”.

Bu hədis insanı gözəl tərzdə ibadət etməyə təşviq edir. Çünki bəzi insanlar müəyyən mənfəət güdərək etdikləri əməllərinin onları Cənnətə salacağı inancında olur,

arxayınlaşırlar. Bu tərzdə ibadət edənlər yaxşı əməl etdiklərini və ibadətlərinin qəbul olunduğunu güman etsələr də, həmin əməl gözəl tərzdə olmadığından və xalis olmadığından puç olub gedir. Bu xüsusda Allah Təala buyurur:

“De: Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özü-özlüyündə yaxsı işlər gördükləri gümanında idilər” (Kəhf 103-105).

Rəsulullah (s.a.s.) buyurur ki: “İçərisində zərrə miqdarı riya olan əməli Allah qəbul etməz”. Qatadə (rahmətullahi aleyh) deyir ki: “Bəndə riya işlədiyi zaman uca Allah buyurar ki, “Buna baxın mənimlə necə istehza edir?” Buna görə də mömin əməl və niyətinin xalis olduğuna qənaət gətirərək Allahdan onun qəbul olunacağını ümid etməli, səmimi və doğru sayılan əməlin onu qurtara biləcəyinə inanmalıdır.


Samirə Mahmudova
Bu yazıya 306 dəfə baxılıb.