Könül iqlimindən incilər


Osman Nuri Topbaş
Bu yazıya 345 dəfə baxılıb.

Cənabı-Haqqın insana lütfündən ehsan etdiyi hər şey, onlara əmanətdir. Mal əmanətdir. Can əmanətdir. Səhhət əmanətdir. Könül meyvəsi olan övlad əmanətdir. Din qardaşları əmanətdir və möminlərin bir-birinə öhdəlikləri vardır.

Bizim vəzifəmiz, bu əmanətləri, Cənabı-Haqqın istədiyinə uyğun, ən gözəl şəkildə qiymətləndirə və onları axirət sərmayəsi halına gətirə bilməkdir. İnsan həyatında hüzur və səadətin başqa yolu da yoxdur.

Mal əmanətdir, halallıq çərçivəsində istifadə olunub, axirət sərmayəsi kimi görüldükdə, insanın xoşbəxtliyinə və səadətinə vəsilə olur. Xüsusilə maddi baxımdan imkansız olanların bizə ehtiyacı olduğunu dərk etmək və yardım etmək zəruridir.

Çünki mülkün yeganə sahibi olan Cənabı-Haqq, əmanətə xəyanət edənləri, yəni malın sahibinin özü olduğunu zənn edən bədbəxtləri əsla sevməz, onlara qəzəblənər, onlara həqiqəti gec-tez göstərər. Bu həqiqəti yaşayarkən öyrənə bilməyənlər, qəbirlərində idrak edərlər ki, əslində bir iynənin belə sahibi deyillərmiş! Budur qəbiristanlıqlar... Neçə trilyonerlər və dünyəvi imkanlara sahib olanlar orada əli-ovucu bomboş yatır. Yanında dünyadan yalnız bir kəfən var. O da çürüyüb getmişdir. Üstünlük iddia etdiyi heç bir şey artıq əlində deyildir.

Bunu unutmamalıyıq ki, torpağın sinəsinə ancaq əməllərimizlə basdırılacağıq. Gözəl əməllərimizi artırmamağın və səhvlərimizin peşmanlığını yaşayaraq basdırılacağıq...

Bununla bağlı Rəsulullah (s.ə.s.) bir gün:

"-Ölüb peşmanlıq duymayacaq heç bir kimsə yoxdur",- buyurmuşdur.

Əshabi-kiram:

"-Onun peşmanlığı nədir, ya Rəsulallah?" - deyə heyrətlə soruşduqda da Peyğəmbərimiz (s.ə.s.) bu qarşılığı verdi:

"-Saleh bir insan isə, bu halını daha çox artırmadığına; fasiq bir kimsə isə, öz günahlarından imtina etmədiyinə görə peşman olacaq" (Tirmizi, Zühd, 59).

Can əmanətdir. İnsan bu əmanəti qulluq şüuru ilə, Allah yolunda xidmətə həsr etdiyi təqdirdə, əbədi səadətə qovuşa bilər. Nəfsin həva və həvəsləri arxasında ömür sürərək sonsuz səadət yurduna çatmaq mümkün deyil.

Səhhət əmanətdir. İbadətin, qulluğun, xidmətin layiqi ilə əda edilməsi üçün bədənin gücə ehtiyacı var. Səhhətini itirmiş və yatağa düşmüş bir kimsə, necə xidmət edə bilər? Ehtiyac sahibi olan, sınıq qəlbliləri necə axtara bilər? Peyğəmbərimiz (s.ə.s.), insanoğlunun səhhət neməti barəsində insanların qəflətə düşdüyünü belə xəbər verir: "İki nemət vardır ki, insanların çoxu bunları dəyərləndirməkdə aldanmışdır: Səhhət və boş vaxt" (Buxari, Rikak, 1).

Bədən əmanətdir və Cənabı-Haqq, insan anatomiyasını səcdəyə uyğun bir şəkildə xəlq etmişdir ki, çox səcdə etməklə qul, Rəbbinə yaxınlaşsın. Faniliyini və qulluq üçün yaradıldığını unutmasın.

Övladlar da əmanətdir. Onların, ana-atanın arzusu ilə deyil, istər sima, cinsiyyət və rənginin, istərsə də taleyinin ilahi təqdirlə yazıldığını heç bir zaman unutmadan, Cənabı-Haqqın İslam fitrəti üzrə bəxş etdiyi bir əmanəti, yenə İslam dini üzrə yetişdirməyə çalışmaq lazımdır.

Çünki ana-ata, övladın dünyaya gəlməsi üçün sadəcə bir vasitədir. Lakin onun təlim və tərbiyəsi, İslam üzrə yetişdirilməsi də ana-atanın məsuliyyətindədir. Eynilə bir bağban kimi ... Necə bir bağban, baxdığı bütün çiçəklərə ayrı-ayrı etina göstərir, heç birinə laqeyd yanaşmır, hər çiçəyi təbiətinə görə yetişdirirsə, bizlər də övladlarımıza qabiliyyətlərinə görə ayrı-ayrı qayğı göstərməli, o istedadların tərbiyəsinə əhəmiyyət verməliyik.

Çünki bu tərbiyə fərqinə görədir ki, eyni yaşdakı iki uşaqdan biri pişiyə daş atarkən, digəri ona süd verir. Yenə bir bağbanın çiçəklərini hər gün sulayıb onları alaq otlarından təmizləməsi, artıq budaqlarını kəsərək daha sağlam və gözəl inkişaf etməsi üçün çalışması kimi, bizlər də övladlarımızı İslam ilə yetişdirməyə səy göstərməliyik. Zamanın gətirdiyi mənfi düşüncə və davranışların, onların könül dünyalarını zəhərləməsinə fürsət verməməliyik. Heç şübhəsiz ki, bağbanın üstündə əsdiyi, qulluğunu ən yaxşı şəkildə etdiyi çiçəklər pöhrələnər, inkişaf edər. O bağçanı seyr edən hər kəs, orada məharətli bir bağbanın əməyi olduğunu dərk edər. Lakin baxımsız qalan və laqeyd yanaşılan bir bağçanı isə bir müddət sonra tikanlar bürüyər. Gözə xoş gəlmədiyi kimi, qəlbi narahat edər. O baxımsız bağçaya atılan hər toxum, tarla siçanlarının qursağında yox olmağa məhkumdur. Yəni gül kimi bir övlad yetişdirmək istəyiriksə, gül kimi bir ana-ata olmalıyıq. Digər tərəfdən, deyək ki, Cənabı-Haqq övlad vermədi. Bu da ilahi bir təqdir deyib halımıza razı olmalıyıq. Çünki düşünmək lazımdır ki, Rəsulullah (s.ə.s.) Həzrəti Aişə anamıza çox fərqli bir məhəbbəti olduğu halda, ondan bir övladı dünyaya gəlmədi. Lakin Aişə anamız heç bir zaman bunu özünə dərd etmədi. Bütün əshabi-kiram və qiyamətə qədər gələcək bütün Məhəmməd (s.ə.s.) ümməti onun övladları oldu.

Bundan əlavə inadla nəyinsə istənməsinin nəticəsi bəzən çox zərərli olduğu da görülmüşdür. Məsələn ana-atalar övladları olsun deyə çox dua edirlər. Lakin Cənabı Haqq ilahi bir imtahan olaraq onlara qüsurlu bir övlad verə bilər. Bu təqdirdə ana-ata qüsurlu övladlarına göstərəcəkləri şəfqət və mərhəmət səbəbindən ilahi əcrə nail olacaqlar. Bu səbəblə daim Allahın təqdirinə razı olmaq və "Ya Rəbbi! Sənin mənim üçün təqdir etdiyin, mənim özüm üçün arzu etdiyimdən şübhəsiz ki daha xeyirlidir, mən Sənin təqdirinə razıyam deyə bilmək lazımdır". Bu da heç şübhəsiz ki, bir iman əlamətidir. Xülasə, qeybi bilmədiyimiz üçün bəzi məhrumiyyət kimi görünən şeylərin əslində bizim üçün necə böyük bir rəhmət vəsiləsi ola biləcəyini əsla yadımızdan çıxarmamalıyıq. Ayəyi-kərimədə belə buyurulur: "Bəzən xoşlamadığınız bir şey

sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilər, siz bilməzsiniz" (Əl-Bəqərə, 216). Cənabı-Haqqın lütfü ilə bir övlad dünyaya gətirdiyində ana təbrik edilir, hədiyyələr verilir. Lakin bu xeyirli övlad olacaqmı, yoxsa xeyirsiz, bax bu heç düşünülmür. "Amaki-Hayal" adlı əsərində Filibəli Əhməd Hilmi, bir pişik balasının doğulması səbəbi ilə şənlik etmək istəyən Aynalı Babanın halına təəccüblənən Raciyə verdiyi cavabı belə nəql edir: "İndi sənə desəm ki; «Filan yerin kralının bir oğlu dünyaya gəlib, xalq şənlik edir, bu sözlərə heç təəccüblənməzsən, hətta çox normal bir hadisə kimi qəbul edərsən. Amma bir az düşün: Əvvəla, uşağın yaşayıb yaşamayacağı məlum deyil. İkincisi, yaxşı bir adam olub olmayacağı da məlum deyil. Üçüncüsü, insan olduğu üçün yaxşıdan çox pisə yönələcəyi çox güclü bir ehtimaldır. Dördüncü olaraq da kral oğlu olduğu üçün qürurlu, kobud, eqoist və bir az cahil olması da gözlənilir. İndi bu xüsusiyyətlərə sahib olan bir uşaq üçün şənlik edilməsinə səs çıxarılmırsa, bir pişik balasının dünyaya gəlişi, iki adamın sevincinə dəyməzmi?".

Deməli, ana-atalar üçün ən mühüm xüsusiyyət, övladlarının ilahi bir əmanət olduğunu heç bir zaman unutmayıb, onları Cənabı-Haqqa gözəl bir qul olaraq yetişdirməyə səy göstərməkdir. Bir ana övladını zəmanənin dəbinə uyğun böyüdərsə, ona incə corablar, yırtıq şalvarlar, səliqəsiz küçə geyimləri və s. geydirər, musiqiyə həvəsləndirər, bunu edərkən də «Uşaqdır həvəsini alsın, böyüyəndə etməz, geyməz» deyərsə, bu övladlara edilə biləcək ən böyük laqeydlikdir və onun gələcəyini düşünməməkdir. Bundan başqa belə ana-atalar, etdiklərinin qarşılığı olaraq axirətdə övladlarının onlardan şikayətçi olduğunu görəcəklər.

Bu dünya bazarında insanın alacağı hər şeyin bir qarşılığı vardır. Alınanlara uyğun ölçü vahidləri vardır. Məsələn, kömür, tonla satılır, şəkər kilo ilə alınır. Qızıl isə dəyərli olduğu üçün zərgər tərəzisi ilə çox böyük dəqiqliklə ölçülür və qramla satılır. Lakin Allah-təala qiyamət günü zərrələrin belə hesablanacağını ifadə edərək belə buyurur: "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)" (Zəlzələ, 7-8). Yəni qiyamət günü bütün əmanətlərin hesabı soruşulacaqdır. Mömin, edəcəyi hər işi əvvəl ilahi ölçülərlə ölçməli, dünyasına və axirətinə faydalıdırsa etməli, əks halda uzaq dayanmalıdır. Xülasə, indiki vaxtda içində olduğumuz dərin qəflətdən ötəri səfalətini səadət zənn edərək, çayın axını ilə sürüklənən kötüklər kimi zamanın axarına qarışıb gedən insanlığın əlindən tutmaq, bizə əmanət edilən cəmiyyəti o girdabdan xilas etmək, onlara əbədi və həqiqi səadətin nə olduğunu izah

etmək, iman və vicdan borcumuzdur. Ya Rəbbi! Biz aciz qullarına bu iman və vicdan borcunu əda edərək hüzuruna üzağı ilə çıxa bilməyi ehsan et! Amin!


Osman Nuri Topbaş
Bu yazıya 345 dəfə baxılıb.