"Üzüm üzümə baxa-baxa"


Fatimə Zəhra
Bu yazıya 302 dəfə baxılıb.

Hal sirayətedicidir, yəni insandan insana keçicidir. İnsan xeyirli bir insanla dost olarsa xeyrə yönələr, xeyirsiz biri ilə dost olarsa da şərrə, mənfi təsirə məruz qalar. Bu hal insan psixologiyasının əsas xüsusiyyətlərindən biridir. Yaşlılar bunu: "Üzüm üzümə baxa-baxa qaralar"-, deyərək dilə gətirirlər.

Yaxşı insanları sevmək, adamı mənən abad edər. Bunun əksinə sevilməyə layiq olmayan insanlara məhəbbət bəsləyib, gözəl insanlara nifrət etmək də adamı bədbəxt edər. Bu səbəblə insan, kimlərə məhəbbət bəslədiyinə və kimlərdən nifrət etdiyinə diqqət etməlidir.

İnsan kimi sevər, kiminlə birlikdə olarsa, onun xüsusiyyətlərinə bürünər. Çünki insanın şəxsiyyət və xarakteri, digər insanlara bənzəməyə və onları təqlid etməyə meyillidir. Bu səbəbdən insan fərqində olaraq və ya olmayaraq bəyəndiyi və ünsiyyət qurduğu başqa birinin xüsusiyyətlərini götürür. Bu xüsusilə şəxsiyyət və xarakterin yetkinləşdiyi gənclik dövründə daha çox əhəmiyyətlidir.

Bununla bağlı Cənabı-Haqq Qurani-Kərimdə:

"... Sadiqlərlə bərabər olun!" (Ət-Tövbə, 119) buyurmuşdur.

Həqiqətən insan məhəbbət bəslədiyi ilə his, fikir, həyat tərzi və seçimlərində müştərək olar. Bu səbəbdən salehlərlə bərabərlik müsbət istiqamətdə tərəqqiyə vəsilədir.

Bu vəziyyətdə təbii ki, qafil və fasiqlərlə bir arada olmaqdan şiddətlə çəkinmək çox böyük əhəmiyyət kəsb edir. «Kor ilə yatan çəp olar» sözü bu həqiqəti necə də gözəl ifadə edir.

Bununla əlaqədar Peyğəmbərimiz (s.ə.s.) bu misalı verir :

"Yaxşı və pis yoldaşın halı, gözəl qoxu satanla körük çəkən dəmirçinin halına bənzəyir. Müşk satan adam ya sənə gözəl qoxusundan verər və ya sən ondan alarsan. (Yaxud yanında olduğun müddətcə) gözəl qoxu almış olarsan.

Körük çəkən kimsə isə ya paltarını yandırar ya da körüyün pis qoxusundan narahat olarsan" (Buxari, Zəbaih, 31).

Şeyx Sədi Şirazi Qurani-Kərimdəki Əshabi-Kəhf hekayəsini misal göstərdikdən sonra belə deyir:

"Bir qəlb salehlərlə olduğu üçün sadiqləşdi və Qurani bir ifadə qazandı. Həzrəti Nuh (ə.s.) və Həzrəti Lut əleyhissalamın xanımları isə fasiqlərlə birlikdə olduqları üçün küfrə düşüb cəhənnəm yolçusu oldular".

Həzrət Mövlana da belə buyurur:

"Allaha and içirəm ki, pis ilan, pis dostdan yaxşıdır! Pis ilan, insanın canını alır. Lakin pis dost, insanı əbədi atəşə atar, yandırar yaxar! İnsan, danışmasa belə, pis yoldaşın xasiyyətindən ona da keçər! Gönül gizlicə onun əxlaqını alar, mənimsəyər, pis əxlaqını özünə əxlaq əldə edər! Düzgünlükdən nəsibi olmayan, sərmayəsi olmayan yoldaş, sənin sərmayəni də alar, gedər!"

Həzrəti İmam Rəbbani pis adamlara qarşı bəslənən məhəbbət və onlarla yoldaşlığın zərəri barəsində belə bir misal verir:

"Qumarbazlarla oturub qalxan kimsə, bəlkə qumar oynamaz. Beləcə özünü kirlənməmiş zənn edə bilər. Lakin qumarbazlarla birlikdə olduğu müddətcə onlardan mənfi təsir alaraq qumar oynamağı zamanla normal görməyə başlayar. Bu isə onun mənəvi məhvinə səbəb olar".

Bu səbəblə bir müsəlman, xeyirli insanlarla yoldaş olmalı və özü də yaxşı bir yoldaşlıq sərgiləməlidir. Rəsulullah -sallallahu əleyhi və səlləm- belə buyurmuşdur:

"Yalnız mömin ilə yoldaşlıq et, onunla birlikdə ol! Yeməyini də ancaq təqva sahibi kəslər yesin!" (Əbu Davud, Ədəb, 16; Tirmizi, Zühd, 56/2395)

"Allah-Təalaya görə dostların ən xeyirlisi, dostuna faydalı olandır..." (Tirmizi, Birr, 28)

"Yalnızlıq pis yoldaşdan daha xeyirlidir, saleh bir yoldaş isə təklikdən daha yaxşıdır ..."(Hakim, III, 343; Beyhaki, Şuab, 256/4993)

"Elə bir zaman gələcək ki, o vaxt bu üç şeydən daha qiymətli bir şey olmayacaq: halal pul, can-dildən yoldaşlıq ediləcək bir qardaş və əməl ediləcək bir Sünnəyi-Səniyyə" (Heysəmi, I, 172).

Əshabı-kiram bir gün:

"-Birlikdə oturulacaq kəslərin ən xeyirlisi kimdir?" - deyə soruşduğunda Rəsulullah -səllallahu əleyhi və səlləm-:

"-Onu gördüyünüzdə halı ilə sizə Allahı xatırladan, danışdığında elminizi artıran və etdiyi əməllər ilə sizi axirətə yönləndirən adamdır",- buyurdu (Heysəmi, X, 226).

Digər bir xüsus da budur: İnsan, bilik, dünyagörüşü və ağıl kimi maddi-mənəvi məsələlərdə öz tayı ilə yoldaşlıq etsə rahat olar. Həzrət Mövlana (q.s.) belə buyurur:

"Quş ancaq öz cinsi ilə uçar. Öz cinsindən olmayanlarla görüşmək, sanki məzara girmək kimidir. Hər cins, öz cinsini çəkərkən, zərif bir ceyran, eşşək və öküzlərin içində necə yaşaya bilər?"

"Ah, təbiəti bizə uyğun gəlməyən dostun verdiyi iztirablardan! .. Ah, onların ürəyimizdə açdığı dərin yaralardan! Ey ulu kəslər, ey böyük insanlar; ağlınızı başınıza alın, özünüzə xeyirli dostlar, uyğun yoldaşlar axtarın!"

 

 

Bu yazı möhtərəm Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır.


Fatimə Zəhra
Bu yazıya 302 dəfə baxılıb.