Rəsmi bəyənmirik, yoxsa Rəssamı?


Sevinc Aslanova
Bu yazıya 296 dəfə baxılıb.

Yeri, göyü, aləmləri yaradan Uca Allah Qurani Kərimdə bir çox ayədə "biz hər şeyi bir hesaba görə yaratdıq" deyə buyurur. Belə olduğu halda ulduzları bir nizama görə düzən, ayı peyk edən, günəş sistemini idarə edən Rəbbimiz ən gözəl biçimdə yaratdıq" dediyi insanı necə bir sistemlə yaratdı? İçimizdə hər şey bir hesaba görə deyilmi? Qanımızda leykositləri, eritrositləri bir hesaba tabe edən Alim Allah vücudumuzdakı hər şeyi bir birini tənzimləyici olaraq yaratmışdır. Müasir tibbi texnologiya demək olar ki, daxilimizdəki bu gün elmə məlum olan hər şeyin rəqəmlərlə, ölçülərlə, hesablarla olan nəticəsini çıxara bilir. Bu da "hər şeyi bir hesaba görə yaratdıq" deyən Allah Təalanın nə demək istədiyini anlamağımızı asanlaşdırır.

Fiziki bədənimizdə hər şeyi bir hesaba görə yaradan Rəbbimiz təbii ki, mənəvi aləmimizi də hesaba tabe etmişdir. Bundandır ki, oruc ildə bir ay, namaz gündə beşdir və s. Bununla yanaşı etdiyimiz nafilə ibadətlər də gücümüz nisbətində və müəyyən olunmuş saylar ölçüsündədir.

Fiziki və mənəvi aləmimizi bir hesaba görə tənzimləyən Rəbbimiz onların ehtiyacını da qarşılamağımızı mütəxəssislərin tövsiyələri ilə öyrədir bizə. Əgər şüursuz qidalanarsaq, həm maddi həm də mənəvi fəsadlarına da hazır olmalıyıq. Həddindən çox və həddindən az qəbul olunan qidalar ilahi hesabı pozar. Buna görə də həddimizi bildirən mütəxəssislərə tabe olmalıyıq, tövsiyyələrinə uymalıyıq.

Daxilimiz və mənəvi aləmimiz bir birindən asılı olduğu kimi xaricimiz də daxilimizə və mənəvi aləmimizə təsir edir. Boş yerə deyilməyib ki, "ya göründüyün kimi ol, ya da olduğun kimi görün". Əgər iç aləmimiz və xaricimiz təzad təşkil edirsə, demək ki, şəxsiyyətimizdə bir problem var. Formalaşmamış şəxsiyyətdən isə doğru davranış və sağlam psixologiya gözləmək kimidir.

Bəli, olduğumuz kimi görünməli, görünmək istədiyimiz kimi olmalıyıq. Bir sual verək özümüzə ki, kimik biz, biz kimin övladlarıyıq, atamız Conmu, Antonimi, Deyviddirmi? Kimlərin qızlarıyıq biz? Bu gün küçəyə çıxdığımız halımızla atalarımızın qarşısına çıxa bilirikmi? Məqsədimiz, amalımız nədir? Ailəmizi doğru təmsil edirikmi? Unutduqmu kəlağayılı nənələrimizin yağ yaxmacını, Avropa və Amerika mətbəxi ilə unutduqmu əslimizi, nəslimizi? Bu geyimlər və qidalar deyilmi iç aləmimizi korlayıb bizi psixoloji böhranlara salan? Artıq oyanma vaxtıdır. Biz xalq olaraq şəhidlərimizin həyata yumduğu gözləri ilə oyandıq. İndi unutmamalıyıq bizim uğrumuza tökülən qanları, verilən canları. Onlar qanlarını tökdüyü meydanlarda bizim bu günkü cırıq şalvarlı halımızı görüb nə deyərdilər.

Unutmamalıyıq ki, biz şərəfli bir xalqın şərəfli nümayəndələriyik. Bu şərəfi layiqincə daşımalıyıq. Həm davranışımızla, həm halımızla, həm də geyimimizlə bir xanım olduğumuzu daim xatırlamalıyıq. Biz dəyərliyik, hər şeyi özümüzə rəva görməməliyik. Moda gözəl demək deyil, gözəl olan modadır. Ağlımızdan çıxartmamalıyıq ki, Allah bizi gözəl yaratdı, xanım olaraq yaratdı. O gözəl Rəbbimiz bizi yaradarkən öz ilahi sənət əsəri olaraq bəzədi. Dişlərimizi ağ yaradan o Uca Allah hər bir insanı ayrı ayrı rənglərlə bəzədi, əksiksiz yaratdı hər kəsi. Bəs biz nə edirik bu gözəllik qarşısında? Həmd və şükür edirik yoxsa əksik olduğunu düşünürcəsinə o ilahi sənət əsərinin üzərində düzəlişlər aparırıq. Niyə heç kimsə Leonarda Da Vinçinin məşhur əsəri

olduğunu bildiyi üçün "Mona Liza" portretinin üzərində bir düzəliş aparmır. Tam əksinə heyran heyran baxaraq, "görəsən rəssam burada nə deyib" deyə düşünür, o rəsmdə qaş əksikdir deyib qaş çəksək rəssamı təhqir deyilmi? Eləcə də Uca Allahın ilahi rəsm əsəri olan insanın da üzündə əlavələr etmək, rəssamı təhqir etməkdir. Rəsmimi bəyənmirik, Rəssamımı? Aynaya baxıb o əsər üzərində birlikdə düşünək, "görəsən rəssam burada nə demək istəyib?"


Sevinc Aslanova
Bu yazıya 296 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.