MÜSAHİBƏ


Bizim Ailədən
Bu yazıya 304 dəfə baxılıb.

Əhmədova Humay: "Cəmiyyətə yararlı olmaq üçün, insanlara yardım edə bilmək üçün, kimisə bataqlıqdan çəkib çıxara bilmək üçün mütləq elmli olmaq lazımdır".

Bizim Ailə jurnalının bu saykı qonağı Əhmədova Humay xanımdır. Humay xanım mümkünsə sizi daha yaxından tanımaq istərdik.

Mən, Əhmədova Humay 1968-ci ildə Gədəbəy rayonunun Ağamalı kəndində anadan olmuşam. 6-7 yaşım olarkən gözümdə problemlər yaranmağa başladı. Günü-gündən zəifləyən gözlərim, bir sıra müalicələrə baxmayaraq görməz hala gəldi. Həkimlərdən ümid kəsildikdən sonra valideynlərim elm almaq məqsədi ilə məni Bakı şəhərində yerləşən gözdən əlillər üçün internat məktəbinə yazdırdılar. Orta təhsilimi də burada tamamladım. Daha sonra Bakı şəhərində fəaliyyət göstərən soyuducu zavodunda işləməyə başladım.

1993-cü ildə ailə həyatı qurdum. Yoldaşımla elə Gözdən Əlillər Cəmiyyətində tanış olmuşduq. O vaxtlar yoldaşım Bakı Bövlət Universitetinin Tarix fakultəsində təhsil alırdı. Hazırda da ixtisası üzrə müəllim işləyir. Bir övladım var.

Övladınızı dünyaya gətirərkən hansı hissləri keçirdiniz?

Biz evləndikdən sonra mən ilk övladımı itirdim. Bu mənə çox pis təsir etmişdi. Amma Allahıma sonsuz şükürlər olsun ki, 1998-ci ildə mənə qız övladı nəsib etdi. Bütün analar kimi mən də çox sevinmişdim. Bilirsinizmi, bizim kimi insanlar xəstəliklərindən dolayı çox narahat olurlar. Mən də çox nigaran idim. Düşünürdüm ki, biz yoldaşımızla bir taleyi yaşayırıq. Övladımızın da bizim kimi olma ehtimalı çox böyükdür. Təbii ki, hər bir valideyn kimi biz də sağlam övladın arzusunda idik. Həm də düşünürdük ki, Allah bizə sağlam övlad verərsə, o da böyüyüb bizə dəstək olar. Amma sonradan bu narahatçılığın yersiz olduğunu anladım. Çünki Allahın təqdiri ilə hər kəs necə yaşamalıdırsa, eləcə də dünyaya gəlir. Mənim valideynlərim də normal görmə qabiliyyətli insanlar idi, amma məndə belə problem yarandı. Yəni heç kəs başına nə gələcəyini əvvəlcədən bilməz. Amma onu da düşünürəm ki, mən anamdan artıq deyiləm, əgər mənim kimi bir övladı Allah ona verirsə, deməli, mənə də verə bilər və mən də ona ən gözəl şəkildə baxmağa borcluyam. Yəni bunlar təqdiri İlahidir. Əgər biz bundan qorxuruqsa, onda gərək biz evlənməyək, ailə qurmayaq. İnsan Allaha sığınaraq həyatını davam etdirir.

Bəzən Allah-Təala insanı sınayır. Qızım dünyaya gəldikdən sonra həkimlər, “Ola bilsin ki, övladınızın görmə ilə bağlı problemləri olsun, çünki gözləri işığa qarşı həssaslıq göstərmir”,

dedilər. Bu söz mənə çox pis təsir etmişdi. Nə edəcəyimi bilmirdim, onsuz da narahat idik, daha da pis olduq. O zaman övladımı Allah-Təalaya həvalə etdim. “Ya Rəbbim, sən bizim, mənim və yoldaşımın halını daha yaxşı bilirsən. Bizə verəcəyin övlad da sənin əmanətindir”, - deyə dua etdim. Ertəsi gün göz həkimi gəldi və müayinə olduqdan sonra uşağın tam normal olduğunu bildirdi. Həmin anda hiss etdiyimiz sevincimizi sizə sözlə ifadə edə bilmərəm. Bir gün əvvəl yaşadığımız stressdən sonra bu xəbər sanki bizim üzərimizə sərin su səpdi. Allahıma nə qədər şükür etsək azdır.

Yaşadıqlarınız, həqiqətən, çox təsirlidir, Humay xanım. Bəs övladınızı böyütmək sizin üçün çətin olmadı ki?

Əlbəttə, qızımı böyüdərkən çox çətinliklərlə qarşılaşdım. Uşağın qayğısı, qulluğu bir yana, onun gözlə görülən halları olur ki, bu bizim kimi anaların başlıca sıxıntısı olur. Ona görə də ailəmin və yoldaşımın məsləhəti ilə övladım dünyaya gəldikdən sonra 5-6 ay anam mənə kömək etdi. Amma 6 aydan sonra öz evimə, yoldaşımın yanına getmək istədiyimi bildirdim. Çünki o da tək qalmışdı. İşə gedirdi, mən onun qulluğunda durmalı idim. Evimə qayıdarkən qohumlarımız uşağı anamda saxlamağı təkid etsələr də, mən razılaşmadım. Qızım olmadan yaşaya bilmərəm, dedim və onu da evimizə gətirdik.

Əgər bu uşağı Allah mənə veribsə, mən də bu uşağa baxmalıyam, deyirdim. Dövlətimiz sağ olsun, bizə bir neçə il bundan əvvəl yeni və geniş evlər verildi. Əvvəl isə biz yataqxanada, kiçik bir otaqda qalırdıq. Və o otaq bizim həm yataq, həm qonaq, həm də yemək otağımız idi. Təsəvvür edin stolumuzun üstündə hər zaman isti çaydanımız, yeməyimiz olurdu, amma qızım bir dəfə olsun bunlara əl uzatmırdı. Belə bir şəraitdə mən qızımı böyüdə bildimsə, bu Allah- Təalanın sayəsindədir. Qızım bir dəfə də olsun yanmadı, ciddi bir problem yaşamadı. Bu mənim sayəmdə deyildi, yalnız və yalnız Allahın qoruması idi.

Övladınızın təhsil alması üçün nələrə diqqət edirdiniz?

Biz zamanında orta təhsilə çox önəm verdiyimiz üçün az-çox elmimiz var idi. Ona görə də qızımın təhsili ilə özümüz məşğul olmuşuq. Hər gün onun dərslərinə nəzarət edirdik. Bütün dərslərini müəllimdən əvvəl bizə danışırdı. Beləcə biz də onunla birlikdə məktəbi yenidən

oxumuş olduq. Qızım keçən il Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldu. İnanırsınız, qızım hələ də bütün dərslərini bizə danışdıqdan sonra universitetə yollanır. Yəni biz onun istər dərsləri ilə, istərsə də təlim-tərbiyəsi ilə çox ciddi məşğul oluruq. Onun hər anına nəzarət etməyə çalışırıq, çünki o bizim ən dəyərli varlığımızdır. Dərsdən beş dəqiqə gec gələrsə, o anlar mənə illər kimi gəlir. Əslində narahatçılığım yersiz deyil. İndi övlad yetişdirmək çox çətindir. Evdə uşağa biz bir tərbiyə veririksə, uşaqlar kənarda başqa şeylərlə qarşılaşır. Bunu nizamlamaq asan olmur.

Allah razı olsun, qızım bu gün böyüyüb, mənə istər ev işlərində, bazar-dükan bütün işlərdə kömək edir.

Humay xanım, bildiyimizə gözə siz ərəb əlifbası ilə Qurani-Kərimi də çox gözəl oxuyursunuz. Bunu öyrənməyiniz haqda bizə danışarsınızmı?

Mən uşaq vaxtından nənəmin, babamın namaz qıldığını görürdüm. Yəni bu mühit bizə yad deyildi. Allahıma çox şükürlər olsun ki, hər zaman qəlbimizdə imanımız olub. Bir neçə il bundan əvvəl Türkiyədən gözdən əlillərə Qurani-Kərimi oxumağı öyrətmək üçün Adil müəllim gəlmişdi. Bizim qızlar da ondan öyrənirdilər. Mən ərəb əlifbasını öyrənməyi çox çətin hesab etsəm də, qızların təkidi ilə getdim. Bir neçə günə hərfləri öyrəndim. Bundan sonra da Qurani-Kərimi oxumağa başladım. Daha sonralar Şəbnəm mədrəsəsində iki il təhsil alaraq diplom aldım.

Əvvəllər bizə Allahdan qorxmağı öyrədirdilər. Yəni kim nə yanlış hərəkət etsə, “Allah səni cəzalandıracaq”, “Allahdan qorx!” - deyirdilər. Biz də belə eşidib, belə böyümüşdük. Allahı sevməyi isə daha sonralar öyrəndim. Onun bizə bəxş etdiklərini dərk etdikcə Allahı daha çox sevdim. Allah-Təala Qurani-Kərimin hər hərfini mənə öyrədəndən razı olsun. Hər namazda övladıma dua edə bilirəmsə, Allaha sonsuz şükürlər olsun.

Humay xanım, son olaraq gənclərə və ümumiyyətlə, oxucularımıza nə sözünüz var?

Mən əsasən analara demək istərdim ki, övladlarınızın təlim-tərbiyəsinə, təhsilinə çox ciddi yanaşın. Savadlı olmaq, bir elmə yiyələnmək vacibdir. Cəmiyyətə yararlı olmaq üçün, insanlara yardım edə bilmək üçün, kimisə bataqlıqdan çəkib çıxara bilmək üçün mütləq elmli olmaq lazımdır. Peyğəmbərimiz (s.ə.s.) “Beşikdən qəbrə qədər elm öyrənin”,- buyurur.

Dəyərli Humay xanım, bizə vaxt ayırıb səmimi söhbət etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk!


Bizim Ailədən
Bu yazıya 304 dəfə baxılıb.