Onların sevgisi – 1.


Nəzrin Hüseynova
Bu yazıya 245 dəfə baxılıb.

Peyğəmbərimizin (s.ə.s.) təbliğinə istehza edən müşriklər, müsəlmanların sayıları artdıqca müxtəlif tədbirlər almağa qərar verdilər. Bu tədbirlər işgəncə və zülümlər, maddi və mənəvi baykot, hətta öldürməyə təşəbbüs idi. İlk zamanlarda zəif və kimsəsiz müsəlmanlara tətbiq edilən işgəncə və əziyyətlər, zamanla daha da şiddətlənmiş və yayılmışdı. Artıq müsəlmanların heç biri güvəndə deyildilər. Bundan sonra Allah-Təala müsəlmanlara Məkkədən daha təhlükəsiz diyarlara hicrət etmələrinə icazə verdi. Peyğəmbərimiz (s.ə.s.) iki müsəlman qafiləsini Həbəşistana göndərmiş, ancaq bunların böyük bir qismi Məkkəlilərin müsəlman olduğu dedi-qodusuna inanaraq Məkkəyə geri qayıdırlar.

Allah Rəsulu hicrət etmək üçün başqa yerlər axtarmağa başlamışdı. Mübarək xanımı Hz. Xədicənin və uşaqlığından etibarən onu himayə edən əmisi Əbu Talibin vəfatı ilə tək qalan iki cahan günəşi əvvəlcə Taifə getmək istədi. Taiflilər Peyğəmbərimizi əvvəlcə şəhərlərinə dəvət etdilər, sonradan uşaqları və kölələri daşladılar. Üst-üstə gələn bu müsibətlərin ardından Cənab Haqq Rəsulunu Merac ilə təsəlli etdi. Sonra da mədinəlilərin könlünə islam eşqini salaraq onları Rəsulunun hüzuruna çıxartdı. Mədinəlilərlə Əqabə təpələrində iki beyət edildi və nəhayət, müsəlmanların yeni hicrət məkanı dəqiqləşdi – Mədinə.

Allah Rəsulu, əshabına gizli-gizli və bir-bir Mədinəyə getmələrini tövsiyyə etdi. Ancaq özünün hicrət etməsi üçün izn verilməmişdi. Peyğəmbərimiz, Hz. Əbubəkir, Hz. Əli və bəzi yaşlılar ilə kimsəsizlərdən başqa Məkkədə demək olar ki, heç kim qalmamışdı.

Peyğəmbərimizə də hicrət izni verildi və yolçuluq üçün hazırlıqlar başladı. Allah Rəsulu Məkkədən ayrılmadan əvvəl son dəfə Kəbəyə, daha sonra yuxusunda ona göstərilərək və “Bu sənin xanımındır” deyilən Aişəyə təbəssümlə baxdı. Nəhayət, gecə iki dost- Peyğəmbərimiz və Hz. Əbubəkr bəzi əmrlər verib evdən uzaqlaşdılar.

Hz. Aişə Mədinəyə hicrət etdiyində məscid ətrafında Əbu Bəkrin ailəsinə aid evlər hələ inşa edilməmişdi. Onlar müvəqqəti olaraq ənsardan Haris ibn əl-Hazrəcin evində qaldılar.

Aişə toyunu belə rəvayət edir:

-Rəsulullah evimizə gələndə ənsardan bir neçə qadın və kişilər də toplandılar. Anam məni evə gətirib saçlarımı düzəltdi. Daha sonra məni Rəsulullahın yanında oturdub:

-Bunlar sənin ailə üzvündür. Sonra qadınlar və kişilər qalxıb getdilər.

Onların toyunda nə bir dəvə, nə də bir qoyun kəsilmədi. Bircə Sad ibn Ubadənin göndərdiyi bir kasa süd var idi.

Cütlüklər arasındakı sevgi və məhəbbətin ən gözəl örnəkləri sadə, kiçik və kərpicdən hazırlanmış bir evdə yaşandı.

Hz. Aişənin həyatı başdan sona qədər təqva, qənaət və səxavətin ən parlaq nümunələri ilə doludur.

Rəsullullah normal günlərdə yatsı namazını qıldıqdan sonra otağına gedər, misvaqından istifadə etdikdən sonra yatardı. Gecə yarısı Hz. Aişəni oyandırar, birlikdə vitr namazını qılardılar. Bəzən Rəsulullahla Aişə səhərə qədər ibadətlə məşğul olardılar. Hz. Aişə namazda ona uyardı.

Həzrəti Aişə yoldaşının gündəlik işlərini görürdü. Onun başını yuyar, saçlarını darayar, gözəl ətirlər sürtər, paltarlarını təmizləyərdi. Rəsulullah yatdıqda yanına su və misvaq qoyar, evə qonaq gəldiyi zaman onun qulluğunda dayanardı.

Dünya nemətlərinin girmədiyi Rəsulullahın evində bir xoşbəxtlik və sevgi var idi: Hz. Aişə bir qabdan bir şey içəndə onu Aişədən alar və həmin yerdən içərdi. Otağında başını Aişəyə söykəyib Quran oxuyardı.

Sevimli bir yoldaş olaraq, sevgiyə səbəb olacaq, könül oxşayacaq davranışlar sərgiləyərdi.

Həzrət Aişə rəvayət edir: “Bəzən Rəsulullah yuyunub, üşümüş halda yanıma gələrdi, onu isitməyimi istəyərdi. Mən də Onu bağrıma basıb isidərdim. Mənim adət günlərimdə məni yanına çağırar, mən də onunla birlikdə yemək yeyərdim. Bu əsnada yeməkdə olan əti ilk olaraq mənim dişləməyimi istəyər, daha sonra mənim yediyim yerdən özü də dişləyərdi”.

“Bir gecə evə gəldi, namaz qıldığı yerə keçdi. Uzun müddət orda qaldı. Mənim gözlərim yumulmuş, O da soyuqda üşümüşdü. Yanıma gəldi:

“-Yaxınlaş, qucağını aç!” söylədi.

“-Mən adət halındayam”, dedim.

O isə, “elə də olsa qucağını aç!”, dedi.

Qucağımı açdım. Sinəsini və yanağını qucağıma qoydu, mən də yaxınlaşdım. Gecəni bu şəkildə yatdıq”.

Həyatın bir üzü axirətə baxan bir aynadır. Onu qaraldacaq bir dünyalıq bu evlərdə tapılmazdı.

“Allah Rəsulu yanıma gəldi, əlimdə qaşı olmayan iki böyük üzüyü görəndə soruşdu:

“- Bu nədir, ey Aişə?”

“- Ey Allahın Rəsulu! Sənin üçün bəzənmək istədim və bunları taxdım”.

“- Bunların zəkatını verirsənmi?”

“- Xeyr”.

“- Bunların günahı, atəş olaraq sənə bəs edər!”


Nəzrin Hüseynova
Bu yazıya 245 dəfə baxılıb.