Həkiməqədər ilk tibbi yardımı hamı bilməlidir


Vüqarə Məmmədova
Bu yazıya 387 dəfə baxılıb.

Təbii fəlakət zamanı insanlarda duyğu, düşüncə və davranış dəyişikliyi, iştahasızlıq, həyəcan, oyanıqlıq, şübhə, depressiya (ruh düşkünlüyü), əsəbilik, ağlama, gücsüzlük hissi, baş ağrıları, yuxubasma, yardım edənə qarşı inamsızlıq, yardım qəbul etməmək və s. hallar yaşanır. Belə halların baş verməməsi üçün insanların maariflənməsi, müxtəlif fövqəladə vəziyyətlərə qarşı əvvəlcədən hazırlıqlı olması vacibdir. Fəlakət zonasına düşmüş insan özünü ələ almalı, təmkinli və bacarıqlı olmalı, şəxsi fəaliyyəti ilə ətrafdakılara nümunə olmalıdır ki, təlaş və çaxnaşma düşməsin.

Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır.

Hadisə yerində (işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.

İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmaya bilər və bu zaman digər şəxslər zədələnənlərə ilk yardım göstərməyə borcludurlar. Özünü itirmək və bacarıqsızlıq zədələnənlərin vəziyyətini bir qədər də ağırlaşdıra bilər. Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.

İlk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirlər üç əsas qrupa bölünür.

Birincisi, zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı və ya yuxarı hərarət, ağır təzyiq altında sıxılma və s.) təsirinin dərhal aradan qaldırılması və onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və ya qaz dolmuş yerdən çıxarılması).

İkincisi, alınmış travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.).

Üçüncüsü, ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə çatdırılması. Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili tibbi yardım çağırmaq lazımdır.

İlk yardım göstərərkən hadisə yerini diqqətlə nəzərdən keçirmək, şəraiti qiymətləndirmək və elə etmək lazımdır ki, yardım edən özü də zərərli təsirə məruz qalmasın (elektrik cərəyanı, uçqun və s.). Zərərçəkmişi düşdüyü əlverişsiz şəraitdən elə ehtiyatla çıxarmaq lazımdır ki, o, əlavə travma almasın, vəziyyəti ağırlaşmasın. Onu sakit bir yerdə uzatmaq, bel kəmərini və yaxalığını boşaltmaq, üstünü örtmək və tibbi yardım çağırmaq lazımdır. Vaxt amili burada çox əhəmiyyətlidir: bəzən xəstənin qısa müddətdə tibb müəssisəsinə çatdırılması onun həyatını xilas etmək üçün kifayət edir. Bu zaman istənilən yolüstü nəqliyyatdan da istifadə etmək olar.

 

Çox zaman zərərçəkən adama yardım göstərərkən onun paltarını soyundurmaq lazım gəlir. Ümumi qayda belədir ki, paltarı əvvəlcə bədənin sağlam tərəfindən çıxarmaq lazımdır.

Güclü qanaxmalarda, yanıq aldıqda və paltar yandıqda ən yaxşı üsul paltarı kəsib atmaqdır. Yanıb dəriyə yapışmış paltarı zorla dartıb qoparmaq qətiyyən olmaz. Onu ehtiyatla kəsib götürmək lazımdır. İlin soyuq fəslində paltarı soyundurmaq yox, tikiş yerlərindən sökmək və ya kəsmək məsləhətdir. Bu vaxt xəstəni hadisə yerində və nəqliyyatla daşıyarkən soyuqdəymədən qorumaq lazımdır. Xəstə təngnəfəs olduqda, döş qəfəsi yaralanarsa, ona oturaq və ya yarımoturaq vəziyyət vermək lazımdır.

Xəstə huşsuz vəziyyətdədirsə, onun başını yana çevirmək lazımdır ki, qusuntu kütləsi sərbəst gəlsin və tənəffüs yollarına düşməsin.


Vüqarə Məmmədova
Bu yazıya 387 dəfə baxılıb.