Dərman bitkilərinin şahzadəsi - ÇAYTİKANI


Kəmalə Hüseynova
Bu yazıya 308 dəfə baxılıb.

Çaytikanı bitkisi (oblepixa) öz zəngin tərkibi və faydalı xüsusiyyətləri ilə xalq təbabəti ilə yanaşı elmi təbabətdə də geniş istifadə olunur. Unikal xassələrə malik olduğundan bu bitkiyə "dərman bitkilərinin şahzadəsi" də deyilir. Çaytikanı qiymətli vitaminli bitkidir. Təbabətdə meyvələrindən istifadə edilir, meyvələri oktyabr-dekabr aylarında yığılır və onlardan yağ alınır. Çaytikanının yağı yarasağaltma qabiliyyətinə malik olduğu üçün şüa zədələnməsini, dəri xəstəliklərini, yanığı, mədə və onikibarmaq bağırsaq yarası və s. xəstəliklərin müalicəsində istifadə edilir. Qədim Monqol, Çin xalq təbabətində çaytikanının meyvələri və yarpaqları mədə xəstəliklərinin müalicəsində, yel xəstəliklərində, dəri xəstəliklərində işlədilirdi. Qədim Yunanıstanda yarpaqlarının və budaqlarının həlimi ilə insanları və heyvanları müalicə edirdilər.

Xalq təbabətində meyvələrinin həlimi dəri xəstəliklərinin müalicəsində, yarpaqlarının həlimi podaqranı, revmatizmi müalicə etmək üçün işlədilirdi. Toxumlarının həlimi işlədici kimi istifadə edilirdi. Mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində yeməkdən qabaq gündə 2-3 dəfə bir çay qaşığı çaytikanı yağı içmək məsləhətdir. Müalicəni bir ay ərzində aparmaq lazımdır. Bu məqsədlə çaytikanı həlimindən də istifadə edilir. Meyvələrinin həlimi: 1 xörək qaşığı meyvələri bir stəkan qaynanmış su ilə çaynikdə 10 dəq. qaynadılır. Süzülərək yeməkdən əvvəl içilir.

Çaytikanı yağı mədə-bağırsaq problemlərində və mədəaltı vəzilərin xəstəliyində məsləhət görülmür.

Ateroskleroz xəstəliyinin müalicəsi üçün yeməkdən 30 dəq. qabaq 1 çay qaşığı çaytikanı yağı içmək məsləhətdir. Bu qanda xolesterinin səviyyəsini aşağı salır və arterial təzyiqi normallaşdırır.

Saçların tökülməsinə qarşı:

Saç töküləndə sistematik olaraq çaytikanı meyvəsi yemək məsləhətdir. Çaytikanı bitkisinin cavan budaqlarının həlimini içmək də faydalıdır. Başı yuduqdan sonra çaytikanı yağı ilə başı sürtmək çox yaxşıdır.

Sonsuzluqda çaytikanının meyvəsinin təzə və konservləşdirilmiş şirəsini içmək faydalıdır. Həmçinin E vitamini zəngin olan çaytikanı yağını içmək də məsləhətdir.

Çaytikanının şirəsi bal ilə öskürmədə, bronxitdə və sinədə ağrı olanda gözəl dərmandır: ½ stəkan çaytikanı şirəsini 1 x.qaşığı bal ilə qatıb 5 dəq. bişirmək lazımdır. Xörək qaşığı ilə gündə 3 dəfə qəbul edilməlidir.

Çaytikanının budaqları və yarpaqları bağırsaq pozğunluğunda istifadə edilə bilər. Bunun üçün 1 x.qaşığı xırdalanmış yarpaq və budaq qarışığına 1 stəkan soyuq su töküb 5 dəqiqə qaynatmaq, 30 dəqiqə dəmləmək, süzmək və bir dəfəyə içmək lazımdır.

Dərinin allergiya zədələnməsində, tropik yaralarda və dərinin şüalanmasından yaranan xəstəliklərdə çaytikanı meyvələrindən həlim hazırlanır. Həlimi hazırlamaq üçün 20 qr. meyvənin

üstünə 1 stəkan qaynanmış su töküb 10 dəq. qaynadıb dəmləmək, süzmək, 100 qr. içmək və kompres qoymaq lazımdır.

Böyrək xəstəliklərində 50-70 qr. çaytikanı meyvələrinin şirəsini çıxardıb 1 stəkan qaynanmış südlə qarışdırıb, yeməkdən qabaq gündə 3 dəfə ½ stəkan içmək məsləhətdir.

Çaytikanı yağı yaraları da yaxşı sağaldır (çirkli, irinli yaraları yox). Bunun üçün tənzifə azca çaytikanı yağı hopdurulur və gündə bir dəfə sarğı qoyulur.

Çaytikanı yağının hazırlanması:

Çaytikanının yetişmiş meyvələri sürtgəcdən keçirilir, alınan toxumları və cecəsini qurutmaq və ayrıca saxlamaq lazımdır. Sürtgəcdən sonra alınan meyvənin lətini və suyunu 800 dərəcə qızdırır, bankaya töküb dəmir qapaqla kip bağlayırıq. 2-3 aydan sonra bankadakı məhsul 2 qata bölünəcək, üstdəki qatı 28% yağdan ibarətdir, bu qatı səliqə ilə qazana tökürük. Bunun üstünə sürtgəcdən keçirəndə alınan toxumları və cecəni əlavə edirik. Alınan bu qarışığın hər 1 kq kütləsinə 0,5 litr qaynanmış qaynar günəbaxan yağı töküb sobada və ya su hamamında qarışdırmaqla 12 və daha yaxşı olar ki, 24 saat pörtlətmək lazımdır. Bundan sonra yağın süzülməsi üçün bütün bu qarışığı tənzif torbaya töküb asırıq.

Qaraciyər, od kisəsi, mədəaltı vəzin iltihablarında çaytikanı yağından istifadə məsləhət görülmür. Çaytikanı bitkisindən və onun yağından müalicə məqsədi ilə istifadə edərkən həkim məsləhətlərinə əməl olunmalıdır.


Kəmalə Hüseynova
Bu yazıya 308 dəfə baxılıb.