Könül iqlimindən incilər


Osman Nuri Topbaş
Bu yazıya 296 dəfə baxılıb.

Cənabı-Haqq, Rəsulullahı (s.ə.s.), qiyamətə qədər gələcək bütün insanlığa örnək olaraq hədiyyə etmişdir. Cəmiyyətin əsasını meydana gətirən ailə həyatı barəsində Peyğəmbərimizin sərgilədiyi yüksək fəzilətlər insanlıq üçün xüsusi ilə nümunədir.

Məsələn, o xanədəki könüllərin bir-birlərinə olan məhəbbəti bənzərsizdir. Belə ki, heç bir qadın, yoldaşını, validələrimizin Allah Rəsulunu sevdikləri kimi sevə bilməz. Heç bir kişi də xanımını, Allah Rəsulunun mübarək xanımlarına olan məhəbbəti səviyyəsində sevə bilməz.

Həmçinin, heç bir övlad, Həzrəti Fatimənin atasını sevdiyi qədər sevə bilməz. Heç bir atanın övladına olan sevgisi, Allah Rəsulunun Həzrəti Fatiməyə olan sevgisi qədər olmaz.

O müqəddəs yuvada, ailə həyatının məhrəmiyyətinə də çox diqqət edilirdi. Nəql edildiyinə görə bir adam, Rəsulullahın qapısındakı bir dəlikdən maraqla evin içərisinə baxırmış. Bu əsnada Rəsulullahın əlində başını daradığı dəmir bir daraq varmış. Adamın bu davranışını öyrənən Peyğəmbərimiz, edilən bu səhvin ağırlığını belə ifadə edir:

"-Sənin Məni izlədiyini bilmiş olsaydım, sənə ağır bir cəza verərdim. İcazə istəmək, evin içərisi görülməsin deyə əmr edilmişdir” (Baxın: Buxari, İstizan, 11; Müslim, Ədəb, 41).

Bütün insanlığa hər iki dünyada da gerçək xoşbəxtliyin nümunəsi olan yuva, dünyanın elə gözəllikləri ilə dolu idi ki, orada günlərlə isti bir yemək bişmədiyi halda, hər zaman səadət qoxardı. İlahi bir bölünmə olaraq qənimətlərin beşdə birinin o yuvaya gəlməsinə baxmayaraq, orada daim əngin bir comərdlik və sonsuz bir infaq səfərbərliyi yaşanırdı. Mömin könüllərin hüzura qovuşmasının, o xanə xalqının ən böyük dincliyi olduğunu Aişə anamız belə nəql edir:

"Rəsulullahın ailə üzvləri, Mədinəyə gəldiyi gündən bəri, vəfat etdiyi günə qədər, üç gün arxa-arxaya buğda çörəyi ilə qarnını doyurmadı" (Müslim, Zühd, 20).

Digər bir rəvayətdə də belə buyurmuşdur:

"Əgər istəsək doya bilərdik. Lakin Həzrəti Məhəmməd (s.ə.s.) özündən imtina edərək, yəni mömin qardaşını özündən üstün tutaraq isar edərdi" (Beyhəqi, Şuabul-iman, III / 62; 1396).

Yəni Peyğəmbərimizin xoşbəxt xanəsində aclıq, yoxluqdan deyildi. Gələn qənimət, hədiyyələr və bənzəri imkanlar var idi. Lakin bütün bunlar, dərhal ümməti Məhəmmədin möhtac insanlarına infaq edilirdi.

İndi bir az düşünək. O evdəki dinclik və səadətin səbəbi, bir dünya mənfəəti idimi?

O xanədə rahat bir həyat yaşanırdımı?

Hər gün müxtəlif yeməklər bişirilirdimi o evdə?

Heç biri yox idi ... Lakin ürəklər razı, səbir və təslimiyyət içərisində Haqqa ram olmuşdu. Allah və Rəsuluna olan məhəbbət, könüllərdəki bütün dünyəvi arzuları aradan qaldırır, bütün fani söhbətləri sıfırlayırdı.

Xülasə, dincliyi bəxş edəcək olan Cənabı-Haqdır. Qula düşən, hər zaman Rəbbinin əmr və qadağaları istiqamətində bir həyat yaşamasıdır.

Ailə büyükləri ilə eyni evdə qalan kəslərin, onların olduğu otağa keçərkən necə hərəkət etməli olduğu barəsində Ata ibn Yəsar bu hadisəni nəql edir:

Rəsulullahın yanına bir şəxs gələrək soruşdu:

"Ya Rəsulallah, anamın yanına girərkən icazə istəyimmi?"

Peyğəmbərimiz; "Bəli", - cavabını verincə, o şəxs təkrar;

"-Axı, mən onunla birlikdə eyni evdə otururam",- dedi. Rəsulullah isə:

"-Ondan icazə istə",- buyurdu. O zat sözlərinə davam etdi:

"-Mən, ona xidmət edirəm",- deyincə, Rəsulullah:

"-Anandan icazə istə, onu çılpaq olaraq görmək xoşuna gələr?" - deyə soruşdu.

O şəxs; "Xeyr!" - deyincə, Rəsulullah:

"Elə isə hər səfərində yanına girərkən anandan icazə istə!" - buyurdu (Muvatta, İstizan, 1).

Cənabı-Haqq, bir-birinə yad iki insanın evlənmək surətiylə aralarında meydana gələn yaxınlığı "bir-birinin məhrəmiyyətinə girmək" ifadəsiylə təsvir edir (Baxın. Ən-Nisa, 21).

İlahi qədərin bir-birinə bağladığı insanların bu yaxınlığa hər zaman hörmət göstərməsi və bir-birlərinə ən səmimi duyğularla bağlanması lazımdır. Bunun təbii nəticəsi olaraq da, aralarındakı məhrəmiyyəti həm başqalarına göstərməmələri, həm də bütün göstərişlərdən uzaq bu yaxınlığı başqalarına ifşa etməmələri lazımdır. Peyğəmbərimiz (s.ə.s.) bu davranış ədəbinə uyğun hərəkət etməyənlərin qiyamət günündəki pərişan vəziyyətlərini, Allah-Təalanın onları pis kəslərlə bir tutacağını belə ifadə etmişdir: "Qiyamət günündə Allah Təalaya görə ən pis insan, xanımı ilə məhrəmiyyətini paylaşdıqdan sonra onun sirrini ifşa edən kimsədir" ( Müslim, Nikah 123, 124).

Vaxtilə saleh bir şəxs, xanımını boşayacağını söylədiyində, ondan bunun səbəbini soruşdular. İslami ədəbə sahib bu kimsə heyrət içində:

“- Xanımımın qüsurlarını necə söyləyə bilərəm?” - deyə cavab verdi. Bu həmin insanlarda maraq yaratdı, o şəxs xanımını boşadıqdan sonra təkrar ziyarətinə gələrək:

“- Hər halda indi xanımını nə üçün boşadığını deyə bilərsən”,- dedilər. Peyğəmbər əxlaqını yaxşıca mənimsəmiş olan o gözəl insan, bu dəfə də onlara belə cavab verdi:

“ – O qadın, mənim nikahımda ikən, mən onun məhrəm sirlərini söyləməkdən həya edirdim. İndi isə nikahımız pozulduğu üçün mənə tamamilə yad bir kimsə olmuşdur. Mən yad bir qadının qüsurlarını söyləməkdən daha çox həya edirəm! Çünki Cənabı-Haqq belə buyurur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Hucurat, 12)

Ev, sadəcə sığınmaq üçün dörd divardan ibarət bir yer deyildir. Orada yaşanan halların məhrəmiyyətinə diqqət etmək və ailəvi məsələləri hər kəsə ifşa etməmək, səadət və əmin-amanlığın davamlılığının əsas şərtlərindən biridir. Necə ki, hədisi-şərifdə İbrahimin (ə.s.), oğlu İsmayılı (ə.s.) ziyarəti belə izah edilir: İsmayıl (ə.s.) evləndikdən sonra İbrahim (ə.s.), oğlunu görməyə gəlmişdi. Lakin İsmayıl (ə.s.) evdə yox idi. Xanımından soruşduqda:

“- Ruzimizi tədarük etmək üçün gedib”,- deyə cavab verdi. Sonra İbrahim (ə.s.):

“- Dolanışığınız, halınız necədir?”- deyə soruşdu. Həzrəti İsmayılın xanımı:

“- Çox çətin dolanırıq, pis haldayıq!” - deyə cavab verdi. İbrahim (ə.s.):

“- Ərin evə gəldiyində məndən salam söylə, qapısının kandarını dəyişdirsin!” - dedi. İsmayıl gəldiyində atasının gəldiyini, evin içində hiss etdiyi gözəl qoxudan anladı:

“- Evimizə gələn oldumu?” - deyə soruşdu. Xanımı da:

“Bəli, filan xüsusiyyətlərdə yaşlı birisi gəldi. Məndən səni soruşdu, cavab verdim. Halımızı soruşdu, mən də çox çətinlik çəkdiyimizi söylədim”,- dedi. İsmayıl (ə.s):

“- Bir şey vəsiyyət edib, bir söz demədi?”- deyə soruşdu. O da: “Sənə salam söyləməyi və “qapısının kandarını dəyişdirsin!” dedi. Bu sözlərdəki mənanı anlayan İsmayıl (ə.s.) xanımına

“- O gələn qoca, atamdır. Mənə səndən ayrılmağımı əmr etmişdir. Artıq sən ailənin evinə qayıda bilərsən!”- dedi və evdən ayrıldı.

Daha sonra İsmayıl Cürhümilərdən başqa bir qadın ilə evləndi. Hz. İbrahim (ə.s.), Cənabı-Haqqın dilədiyi bir müddət sonra gəlib yenə evdə İsmayılı tapa bilmədi. İsmayılın yeni evləndiyi xanımının yanına getdi, İsmayılı soruşdu. O da:

“-Ruzimizi tədarük etməyə getdi”,- dedi. İbrahim (ə.s.):

“Necəsiniz, dolanışığınız, halınız yaxşıdırmı?” - deyə soruşdu. Qadın:

“Əlhəmdülillah, səadət və bolluq içindəyik”,- deyə Allaha həmd-səna etdi. İbrahim (ə.s.):

“- Nə yeyib-içirsiniz?” - deyə soruşdu. Qadın da:

“- Ət yeyirik, su içirik”,- dedi. İbrahim (ə.s.):

“Ya Rəbbi! Bunların ətlərini və sularını mübarək qıl! Bol nemət və bərəkət ehsan et!” - deyə dua etdi. Ardından İsmayılın (ə.s.) xanımına:

“- Ərin gəldiyində salam söylə, “Qapısının kandarını gözəl saxlasın!”- dedi. İsmayıl (ə.s.) evə gəldiyində, yenə içəridə hiss etdiyi gözəl qoxudan, atasının təşrif etdiyini anladı və xanımına:

“-Evimizə gələn oldumu?”- deyə soruşdu. Xanımı:

“Bəli, nur üzlü bir qoca gəldi”,- deyə Hz.İbrahimı (ə.s.) mədh etdi. Sonra belə davam etdi:

“-Səni soruşdu. Mən də “Ruzimizi tədarük etməyə getdi”,- dedim. “Dolanışığınız necədir?” - dedi. Mən də “Xeyir və səadət içindəyik”,- dedim. İsmail (ə.s):

“Sənə bir şey vəsiyyət etdimi?” - deyə soruşdu. Xanımı da:

“Bəli, o möhtərəm qoca, sənə salam söylədi. “Qapısının kandarını gözəl saxlasın!” - deyə əmr etdi. Bunun üzərinə İsmayıl (ə.s.):

“- Bax O, atamdır. Sən də evimizin şərəfli kandarısan. Atam sənə yaxşı baxmağımı və gözəl keçinməyimi əmr etmişdir”,- dedi (Buxari, Ənbiya, 9).

Rəbbimiz, İslamı gerçək mənada yaşayaraq evlərimizin bir Cənnət yuvası olmasını lütf və kərəmiylə ehsan buyursun. Amin! ..


Osman Nuri Topbaş
Bu yazıya 296 dəfə baxılıb.