Səadət səmasının günəşi: ATA


Fatimə Zəhra
Bu yazıya 337 dəfə baxılıb.

İslam dini, ailəni ataya əmanət etmiş və ailənin maddi-mənəvi bütün ehtiyaclarını qarşılamaq üçün ona həm tam vəzifə, həm də tam səlahiyyət vermişdir. Ona görə də ailədə rəislik mövqeyi ataya həvalə edilmişdir.

Ata, ailə səadəti səmasında bir günəş; ana, könül parıltılarını, iffət tüllərini özünə nur saçan ay; uşaqlar da o fəzilət göylərinin ulduzlarıdır.

Ağlını, gücünü, iradə, bilik və təcrübəsini, ailəsinin tərbiyə, rifah və kamalına həsr etmiş bir ata, əlbəttə, hörmət, itaət, sevgi və ehtirama layiqdir. Ona qarşı itaətsizlik, üsyan, nankorluq və pis sözlər əsla uyğun deyildir.

Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.):

"Allahın rizası, atanın məmnuniyyətində, qəzəb və əzabı da atanın hirs və narazılığındadır",- buyurmuşdur (Tirmizi, Birr, 3).

Ailənin xanımı və uşaqları, evin rəisi olan ataya itaət və hörmətdən əsla üz çevirməməlidir. Çünki onların ailə üçün daşıdıqları məsuliyyət, yoxluqlarında daha da dərindən hiss edilir. Buna görə onlar sağ və həyatda ikən qiymətini bilməli, duasını almağa çalışaraq şəriətimizə uyğun olan əmrlərinə itaət edilməli və onlara olan hörmətdə qüsur edilməməlidir.

***

Ailə səadətinin möhkəm təməllər üzərinə qurulması, saleh bir atanın idarəsinə əsaslanır. Saleh bir ata, ailənin dolanışığı, tərbiyəsi, mühafizə edilib güdülməsi kimi vəzifələri ən gözəl şəkildə yerinə yetirəndir. Bu da, məlumatlı, təcrübəli, bacarıqlı və xüsusilə imanlı və gözəl əxlaqlı olmağı tələb edir.

Kişi, evlənməyə qərar verdiyi zaman hər şeydən əvvəl özünü və məsuliyyətini üzərinə götürdüyü ailəsini halal yedirib içirdəcək bir dolanışıq mənbəyi olmalıdır. Çünki uca dinimiz, ailənin dolanışığını təmin etmək işini kişiyə yükləmişdir və heç şübhəsiz ki, bundan ötrü də mirasda onun hissəsini artırmışdır. Beləliklə, kişinin, dolanışıq imkanı varsa evliliyə addım atmalıdır. Yəni özü dolana bilməyən bir insanın başqalarını da zərərə salması düzgün deyil. Həmçinin, əlindəki imkanları zəif olduğu halda, dinini daha gözəl yaşamaq üçün evlənməyi düşünən kəslərə Allah kömək edər. Çünki Cənabı-Haqq, öz lütfünün genişliyini xatırladaraq evliliyə təşviq etmişdir (Baxın: Ən-Nur, 32).

Hər kəs imkanları daxilində ailə qurmağa səy göstərməlidir. Bu ailəni qurarkən də tərəflərin ictimai vəziyyətlərində bir bərabərlik olmalıdır. Bu, yalnız maddi imkanları deyil, eyni zamanda ədəb, məlumat və adət-ənənə bərabərliyini də ifadə edir. Belə olsa qarşılıqlı istəklər arasında yuvanı sarsıdacaq ziddiyyət olmaz, bir-birləri ilə daha rahat yola gedərlər.

Digər tərəfdən ailələrin maddi vəziyyətləri, kişinin iş və qazanma dərəcələrinə görə tənzimlənir. Bir atadan, güc və qazancından artıq şey tələb etmək, ana və uşağın haqqı deyil. Ata, qazancının əl verdiyi imkanlar daxilində, "məskən, qida və paltar" ehtiyaclarını qarşılamalıdır.

Məskən, istər kirayə, istər mülkiyyət şəklində olsun, ailə fərdlərini rahatlıqla saxlaya biləcək genişlikdə və mümkün olduğu qədər yaxşı bir səmt və gözəl qonşular arasından seçilməlidir. İmkan varkən, pis və əxlaqsız qonşuların olduğu, rütubətli, sağlamlığa əlverişli olmayan yerlərdə yaşamağı seçmək, zamanla əxlaqın zəifləməsinə və ailə yuvasının yıxılmasına zəmin hazırlayır.

Qidada ölçü isə, balanslı bir iş nəticəsində kişinin əldə etdiyi qazanca görədir. Bu barədə kişi nə tənbəllik etməli, nə də həddindən artıq bir yük altına girməlidir. Kişinin vəzifəsi, bu tarazlıq içərisində qidanı təmin etməkdir. Bu tarazlıq, xərcləmədə israf etməmək və həddindən də çox bədxərclik etməmək şəklində qurulmalıdır.

Evin atası, geyim barəsində özünə, xanımına və uşaqlarına qışlıq və yazlıq olmaq üzrə ən az iki paltar təmin etmək məcburiyyətindədir. Cümə günləri, bayram və toy mərasimləri kimi sevincli günlərdə ayrı paltar almaq da qanuni və mübahdır, yəni günah deyil. İslam dini bəzənməyi də, müəyyən ölçüdə olmaq şərti ilə qadağan etməmişdir. Ancaq həddindən artıq dəbdəbəli paltarlar geymək, bununla qürurlanmaq və insanlara yüksəkdən baxmaq, dinimizdə qadağan edilmişdir.

***

Qadın və uşaqların dini, əxlaqi baxımdan inkişaf etməsi, onların dünya və axirət səadətlərinə səbəb olacaq şəkildə tərbiyə edilmələri kişiyə məxsus mühüm vəzifələrdəndir. Necə ki, bu vəzifə Qurani-Kərimdə belə buyurulur:

“Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan atəşdən qoruyun...” (Təhrim, 6)

Bir ata ailə fərdlərinin Quran təhsilinə əhəmiyyət verməli, övladlarına ibadət zövqünü daddırmalıdır. Digər tərəfdən də onlara dünya və axirət yolunu, üsul və ədəbləri də öyrətməyi zəruridir. Unutmamalıyıq ki, bir ana-atanın uşaqlarına verə biləcəyi ən qiymətli miras, axirət mirasıdır. Balalarını hafiz edən, Quran mədəniyyətini onlara aşılayan ana-atalar nə xoşbəxtdirlər!

Uşaqlarımız Quranın xeyir və bərəkət dolu iqlimindən, xüsusilə peyğəmbərlərə aid qissələrdən və bu qissələrdəki ilahi mesajlardan xəbərdar yetişməlidir. Buna görə də Quran təhsili ilə bərabər Allah Rəsulunun (s.ə.s.) mübarək və örnək həyatı öyrənilməlidir. Çünki O, örnək və nümunəvi yaşayışı ilə Quranın ən canlı təfsiridir.

Kişi, ailəsini hər cür pislikdən qorumalıdır. Ailənin dini dəyərlərini və əxlaqi gözəlliklərini pozacaq yoldaşlardan, ziyarət və gəzməklərdən, televiziyadakı lazımsız proqram və verilişlərdən, faydasız kitab, qəzet və jurnallardan ailə fərdlərini uzaq tutmalıdır. Xülasə, ailəni içəridən və çöldən qorumaq vəzifəsi tamamilə kişiyə verilmişdir.

Kişi dini sərhədlərdə diqqətli olmalıdır.

Ağıllı və dözümlü bir kişi, evinə addım atarkən ağılını, ticarətdə isə hissiyyatını qapı kənarında saxlamağı bilməlidir. Ailəsi və uşaqları ilə münasibətlərində onların dünyəvi işlər xüsusundakı xəta və qüsurlarını xoş görüb bağışlamalı, onlara mərhəmət və həlimliklə yaxınlaşmalıdır. Xanımının bütün sirr və ayıblarını hər kəsdən gizləməlidir.

Dini əskiklik və ehmalkarlıqlarına ciddiyyətlə yanaşmalı, cahillik və ya tənbəllik kimi mənfi xüsusiyyətlərinin üzərinə qərarlı bir şəkildə gedib, ona müsbət yöndə təsir etməlidir. Xanımının və uşaqlarının dini bilgi və əməl əskikliklərini tamamlamağa hər vəziyyətdə dəqiqliklə yanaşmalıdır.

Kişilər, ev içərisində ailəsinə qarşı yumşaq olmalı, gözəl sözlərlə könüllərini almalı, qaraqabaq və kobud bir çöhrə ilə onları yanından uzaqlaşdırmamalıdır. Peyğəmbərimiz (s.ə.s.):

“Sizin ən xeyirliniz, qadınlarına qarşı xeyirli olanlarınızdır”,- buyurmuşdur (Tirmizi, 11).

Xanımıyla dolanışıq və ev idarəsi mövzusunda məsləhətləşməli və gücünün çatmadığı işləri ona həvalə etməməlidir.

Xanımına uşaq tərbiyəsində köməkçi olmalıdır. Çünki həm uşaq baxımı, həm də ev işləri qadınları gecə-gündüz çox yorur. Onların bu ağır yükündə köməkçi olmaq, aradakı məhəbbət və anlayışın artmasına səbəb olacaq.

Xanımının üzünə qarşı və arxasından dualar etməlidir. Xanımından xəbərsiz uzaq səfərlərə çıxmamalıdır.

Evə, xəbərsiz və kim olduğunu bilmədiyi yad insanlar gətirməməlidir. Xanımından, naməhrəmlərin qarşısına çıxmasını və onlara xidmət etməsini istəməməlidir.

Ailəsini mümkün olduqca qarışıq mühitlərdən uzaqlaşdırmalıdır.

Bu məqalə möhtərəm Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır.


Fatimə Zəhra
Bu yazıya 337 dəfə baxılıb.