YANMAQ


Mətanət Kərimova
Bu yazıya 231 dəfə baxılıb.

Dünyaya, Allaha eşqlə bağlanmaq, yalnız Ona qul olmaq, Ona şövqlə ibadət etmək, Rəbbimizin eşqi ilə yanmaq üçün gəlirik. Xoşbəxtlik Allah eşqi ilə olur, bunun xaricində ürəklər heç nə ilə qane olmaz. Məsələ atəşdə yanmaq deyil, məsələ bir könüldə yer almaqdır... Çörəyi atəşdə bişirmək asandır, məsələ onu könüldə bişirməkdir...

Bu mövzuda ibrətli bir hekayəni sizinlə paylaşmaq istərdim.

Hikmət, bələdiyyəyə aid çörək fabrikində çalışan bir işçi idi. İşinə çox diqqət edər, vəzifəsinə laqeyd yanaşmamağa çalışar, qazancının halal olmasını istəyərdi. Fabriki hər axşam ən gec o tərk edərdi. Böyük sobanın içini ara-sıra təmizləmək ehtiyacı hasil olar, onu da, adətən, Hikmət edərdi.

Hikmət, təmizlik etmək üçün fabrikə getdi. İçəriyə girib qapını kilidlədi. İşıqları yandırdı və sobanın qapağını açıb içərisinə girdi. Lazımlı təmizliyi etdikdən sonra evinə gedəcəkdi. Səhər dörddə gələn işçilər də, gələn kimi elektriklə işləyən sobanı yandırıb isidəcəkdilər.

Hikmət təmizliyə dalıb getmişdi. Tam o saatlarda fabrikin gənc ustalarından olan Çingiz çirklənmiş ağ köynəyini almaq üçün fabrikə gəldi. Qapını açanda çaşdı: "Heyrət, içəridəki işıqlar açıq qalıb",- deyə öz-özünə danışdı. Gedib köynəyini aldı.

Sobanın qarşısından keçərkən açıq olan sobanın qapağını örtdü. Çıxarkən işıqları da söndürdü. İşıqlar sönən kimi Hikmət dərhal sobanın qapısının ağzına qaçdı. Lakin heyhat, qapaq üzünə bağlanmışdı. Var gücü ilə qışqırmağa başladı. Sobanın qapağını yumruqladı. Çırpınması fayda vermir, səsini eşitdirməsi mümkün olmurdu. Tükləri biz-biz oldu. Dəhşətə qapılmışdı. Uzun müddət özünə gələ bilmədi. Bir azca sakitləşincə saatına baxdı. Saat 23.05-i göstərirdi. Təxminən beş saatı qalmışdı. Bir anda ölümlə burun-buruna gəlmişdi. Yanmaq onun üçün bu dünyada başlayacaqdı. Yavaş-yavaş isinəcəkdi soba ...

Əvvəlcə tərlədiyini hiss edəcək, istilik yavaş-yavaş artacaq, bədənindəki yağlar əriməyə başlayacaq, əti qızaracaq və bəlkə də dəli olacaqdı. Sobadan yeni çıxan çörəkləri əlinə alınca barmaqlarında duyduğu yanıq hissi ağlına gəldi. İndi çörəklər kimi özü bişəcəkdi. Bir neçə gün əvvəl sobanın qızğın dəmirinə dəymişdi əli... O dəqiqə qabarmış, su yığılmışdı, sızlamışdı. İki barmağının ağrısına dözə bilməmiş, soyuq suyun içində tutmuşdu. İndi isə yanan iki barmaq ucu deyil, bütün bədəni olacaqdı. Gözlərinin qarşısında filmlərdə gördüyü yanan adamlar canlandı. Öz halı daha da çətin idi. Bu, bir anda yanmaq deyildi. Addım-addım, hiss edərək, tərləyə-tərləyə… İçərinin istiləndiyini hiss etdi. Saatına baxdı saat 01.00 olmuşdu. Necə keçmiş iki saat?

Zaman su kimi axmışdı. Bir ömür kimi… Əlləri ilə divarlara toxundu. Qorxusundan sobanın yanmağa başladığını zənn etmişdi. Dəmirlər soyuq idi. Bir az sakitləşdi. Evini, xanımını, oğlunu düşündü. İndi onlar da narahat idi. Evdən çıxarkən xanımını nə üçün danlamışdı? Həyat yoldaşına qarşı daha nəzakətli, daha hörmətli olmalı deyildimi? Bəs oğlunu? Kaş ki, onu döyməyəydi…

Onlardan da məsul olduğu üçün, onların da Allaha hesabını verəcəkdi. Kaş ki, xanımının dediyini etsəydi. Xanımı ona: "Gəl birlikdə namaza başlayaq",- demişdi. Hikmət isə: "Bir az daha yaşlanım",- deyə cavab vermişdi. Sanki bütün bir ömrün hesabını verməyəcək, bircə qocalığın hesabını verəcəkdi. Nə üçün işə gələrkən məscidə girməmişdi?

Beş vaxt namaz qılan bir insanın halı nə gözəl idi. Rəbbinin hüzuruna səcdəsiz bir alınla çıxmayacaqdı. Belə olmağı nə qədər istəyərdi. Oğluna Allahı, Peyğəmbəri niyə sevdirməmişdi?

Ən incə təfərrüatına qədər bütün günahları ağlına gəldi. Sobada təyəmmüm edib namaz qılmaq istədi. Heç qılmamaqdan yaxşı idi.

Bəlkə qəbul edilər. Əllərini sobanın içində yerə vuraraq təyəmmüm aldı. Namaza durdu. Hər şeyin bitib tükəndiyi nöqtədə başqa kimə yaslana bilərdi? Özünü həyatında ilk dəfə Rəbbi ilə danışır kimi hiss etdi. Aləmlərin Rəbbinə həmd etməyi, Ona yaslanmağı, Ondan kömək diləməyi ilk dəfə başa düşürdü. Bütün mənliyi ilə səcdə etdi.

Yorulduqca oturub tövbə etdi. Əstağfirullah dedi. Necə də dar yerdə sıxışıb qalmışdı. Sobada olduğunu xatırladıqca bədənini istilik basırdı.

Çingiz isə evinə gedib yatmışdı. Gecə bir ara yataqdan sıçrayaraq oyandı. Saatına baxdı. Saat 3.15 idi. Bir yuxu görmüşdü. Dostu Hikmət sobanın içində alov-alov yanır, "Çingiz!" – deyə qışqırırdı. Bu necə bir yuxu idi.

Birdən Hikmət ağlına gəldi. Ola bilməz! Yoxsa Hikmət sobanın içindəmi qalmışdı? O dəqiqə paltarını geyib küçəyə atıldı. Heç dayanmadan qaçdı. Gecə işçiləri hələ gəlməmişdi. Qapını açdı, işıqları yandırdı. Tez sobanın qapağını açıb içəriyə səsləndi: "Hikmət!"

İçəridən heç bir səs gəlmirdi. Bir neçə dəfə yenidən qışqırdı. Hikmət ağlaya-ağlaya namaz qılırdı. Elə dalmışdı ki, adının deyildiyini eşidəndə diksindi. Ola bilməzdi, səhv edir, xəyal görürdü. Lakin yenə eşitdi. Kimsə "Hikmət" deyə çağırırdı. Həm də sobanın işığı yanmışdı. Salam verdikdən sonra irəliyə getdi. Qarşısında Çingizi gördü. Sobadan çıxdı. Çingiz, onu görüb diksindi. Qorxu ilə: "Kimsən sən?" - dedi. Hikmətin Çingizə sarılmaq üçün uzanan qolları boş qalmışdı

-Dünən axşam təmizləmək üçün girmişdim. Kimsə sobanın qapağını bağladı- dedi. "Ola bilməz" deyirdi Çingiz. "Sən Hikmət deyilsən". Hikmət Çingizin bu hərəkətinə bir məna verə bilmədi. Necə ola bilər ki, iş yoldaşını tanımaz?

Birdən ağlında bir şimşək çaxdı. O dəqiqə güzgünün qarşısına qaçıb özünə baxdı. Xeyr, bu üz, bu saçlar onun deyildi. Qırışmış əllərini, solmuş üzünə, dümağ olmuş saçlarına apardı. Bir gecədə ixtiyarlamışdı.

Hıçqırıqlarla ağladı. Güzgüyə ikinci dəfə baxa bilmədi. Özündən qorxdu. Yanmanın nə demək olduğunu bilsələr kim bilir bir gecədə nə qədər insan ixtiyarlayacaqdı.

Başı əllərinin arasında donub qaldı...

Bəli, qanadlarını atəşin hərarətinə qurban vermiş pərvanə kimi eşq atəşinin nə olduğunu görməyənlər eşqi bilməyəcək. İnsan mənəvi bir mərtəbəyə çatmaq istəyirsə, atəş içində olmalı,

yəni eşq ilə yanmalıdır. Hz. Mövlana buyurur: "Şam olmaq asan deyil. İşıq saçmaq üçün əvvəlcə yanmaq gərəkdir".


Mətanət Kərimova
Bu yazıya 231 dəfə baxılıb.