Allahın verdiyi ruzi


Gül Nar Quluzadə
Bu yazıya 270 dəfə baxılıb.

“Ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir”.1

Kainatda yaradılmış hər canlının Allahın rəhmətinə ehtiyacı var. Bütün külli aləmin sahibi Allahın yaratdığı varlıqlar istər canlı, istər cansız səbəbsiz, məqsədsiz, hikmətsiz deyil. Hər şeyin bir həqiqiəti, bir sirri vardır. Allah heç bir kəsə, heç bir şeyə, heç bir amilə möhtac deyildir. Mexanizm kimi işləyən kainatın içində bir varlıq belə Allahın nəzərindən itmir. Allah yaratdığı bütün varlıqları lazım bildiyi şəkildə ruziləndirir.

“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin”.2

Ayədə deyildiyi kimi Ruzi Allahdandır. Allahdan başqa xaliq (yaradan), muhyi (həyat verən), hakim (hökm verən), rəzzaq (ruzi verən) yoxdur. Necə ki, ruzisini özü ilə daşımayan köçəri quşların yazılmış ruzisi belə köç edəcəyi yerdə onları gözləyir. Eyni ilə qonağın yazılmış ruzisi ondan əvvəl və ya onunla bərabər gəlməsi kimi.

Bütün canlıların ruzisi Allahın əlində olduğu üçün Quran da insanlara ruzini Allahdan diləməyi tövsiyə edir:

“Ruzini Allahdan diləyin”3.

Çünki ruzinin əldə edilməsinin yeganə amili onun öz zəhməti və bacarığı deyildir. Allahın nəsib etməsidir.

“(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk”.4

Ayədə hər şeyin Allahın ixtiyarında olmasına baxmayaraq, O, göylərin və yerin xəzinələrini bütün varlıqlar arasında bərabər olaraq bölməmişdir. İnsanlar arasında ruzi fərqi vardır. Bu fərlilikdə də Allahın bir hikməti mövcuddur.

“Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?”5

Bu ayədə ifadə edildiyinə görə, ilahi bölgü özünü insanlar arasında fərqli göstərir. Buna uyğun olaraq hər bir fərdin məsuliyyəti də ona verilən nemətlər ölçüsündədir. Belə bir ictimai tarazlıq və ilahi ədalət ən mükəmməl bir ölçüdə qurulmuşdur. Güclü-gücsüz, sağlam-xəstə, elmli-elmsiz, varlı-kasıb kimi fərdlər arasındakı fərqlər və səviyyələr isə toplumdakı ahəng və nizamı təmin edən məsələlərdir.

“Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et”.6

Allah bir növ insanlara necə yaşamaq lazım olduğunu mesaj olaraq ayədə bildirmişdir. Ona verdiyi ruzi mükafatını digər yoxsul insanlara yardım etməklə həm Allaha olan şükrünü yerinə yetirmiş olur, həm də axirətini qazanmış olur. Başqa ayədə isə belə buyrulur:

“O kəslər ki, onların mallarında məlum bir haqq ( pay) vardır. Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsələr üçün...”7

Ayədən də görülür ki, Allah məxluqatın bir qisminin ruzisini digər məxluqatın ruzisi içində qoyması ilə həm ruzi verir, həm də imtahana çəkir. Bununla Allah məlum haqlar qoymaqla həmin qulları şərəfləndirmiş, onlara qarşı ikram göstərmişdir.

“Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin! – deyildiyi zaman, kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə özü yedirə bilməyəcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz sadəcə olaraq (haqq yoldan) açıq aşkar azmısınız”.8

Bir daha bununla Allah imtahan etdiyi qulların həm ruzisini verir, həm də digər qullara mallarından verməyi mükəlləf edir. Bu cahil kafirlərin zənn etdiyi kimi Allah yaratdıqlarını dolandırmaqda aciz deyil.

Allah insanı toplum halında yaşamağa münasib şəkildə yaratmışdır. İnsanların həyatda var ola bilmələri üçün bir-birindən asılı hala gətirmişdir. Ayədə deyildiyi kimi :

“(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz

bölüşdürdük Bir-birinə iş gördürsünlər deyə, bəzilərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!”9.

Bu gün bu ayə özünü həyatın bütün sahələrində biruzə verir. Allah ruzini insanlar arasında bölərkən qeyri-bərbər paylaması, eyni zamanda insanların güc, qabiliyyət, istedad, zəka, bacarıq və digər potensial imkanlarını fərqli yaratması insanların bütün sahələrdə bərabər olmayıb fərqli-fərqli olmasını qaçınılmaz gərçək halına gətirir. Bu da dünya həyatının əsl qayəsi olan insanın imtahan və sınaqdan keçməsini təmin edir. İnsan hər şeydən ötrü sınağa çəkildiyi və bu sınaq sayəsində hesab verəcəyi həyatın bir həqiqətidir. Belə olduqda insan həyatında mal-mülk kimi böyük əhəmiyyətə malik olan bir fitnədən dolayı sınağa çəkilməməsi təsəvvür edilə bilməz. Belə ki, ayədə buyurulur:

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir”.10

Bu ilahi əmri yerinə yetirməklə insan həm də öz dünya həyatını tənzimləmiş, onu qaydaya salmış olur. Təəssüf ki, bu günki dövrümüzdə insanların ən çox unutduğu keyfiyyətlərdən biri yardımlaşmaqdı. İnsanların bu unutqanlıqlarının əsas səbəblərini araşdırdıqda görərik ki, bütün bunlarda cahillik durur.


Gül Nar Quluzadə
Bu yazıya 270 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Təşəkkür
  • Allahın verdiyi ruzi
  • Dua