Tütünsüz dünya yarat


Fatimə Qəhrəmanova
Bu yazıya 306 dəfə baxılıb.

Tütünün insan sağlamlığına təhlükələri barədə bir çox yazılara və sübutlu dəlillərə baxmayaraq, bütün dünyada çox az sayda siqaret çəkən şəxslər onun zərərinin ağırlığını tam dərk edir. Bununla belə insanlar hesab edirlər ki, istədikləri zaman tütündən istifadəni azalda və ya siqaretdən birdəfəlik imtina edə bilərlər. Əslində isə siqaret çəkənlərin əksəriyyəti nəinki ondan istifadəni azalda bilmir, hətta yarısı tütünlə bağlı yaranan xəstəliklərdən dünyasını dəyişir. Hər il dünyada tütün çəkmədən 5 milyondan çox insan həyatını itirir. Bu HİV-QİCS, malariya, vərəm xəstəliyindən ölənlərin sayından xeyli çoxdur. Əgər təcili tədbirlər görülməzsə, dünyada siqaret çəkənlərin sayı artmaqda davam edəcək və 2030-cu ilədək hər il tütün səbəbindən səkkiz milyondan çox insan dünyasını dəyişəcək.

Tütünçəkmə nəticəsində ən çox yaranan xəstəliklər:

Ağ ciyər xərcəngi ən çox tütünçəkmə nəticəsində yaranan və ölümlə nəticələnən xəstəliklərdən biri hesab edilir. Tütün tüstüsü aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin, eləcə də xroniki xəstəliklərin yaranması ehtimalını yüksəldir. Siqaret çəkən kişilərdə cinsi orqanların qan damarlarının daralmasına görə impotensiyanın yaranması ehtimalı, çəkməyələrə nisbətən 2 dəfə çoxalmış olur. Hamiləlik zamanı qadının orqanizminə daxil olan siqaretin zərərli maddələri bətindəki uşağa keçir və nikotinin təsirindən dölün oksigen çatışmazlığı yaranır. Zərərli maddələr uşağın bütün orqanlarına təsir edərək onun normal inkişafına mane olur. Siqaret çəkən qadınların körpələri az çəki ilə dünyaya gəlir, uşaqlarda əqli çatışmazlıq qeydə alınır, onlar tez-tez xəstələnir və çox zaman erkən yaşlarında ölürlər.

Passiv tütünçəkmənin ziyanı aktiv tütünçəkmənin ziyanından heç də geri qalmır.

Passiv siqaretçəkmə - tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaq deməkdir. Sübut edilmişdir ki, passiv siqaretçəkmə ürəyin işemik xəstəliyini və ağ ciyər xərçəngi riskini 25-30% artırır. Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən dünyasını dəyişir. Tütün tüstüsündə nəfəs almaq, xüsusilə də uşaqların sağlamlığına ziyandır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən uşaqların təxminən 40%-i evdə tütün tüstüsünün təsirinə məruz qalır və passiv tütünçəkmədən ölənlərin 31%-i uşaqlar arasında olur.

 

Qarşısı alına bilən ölüm səbəbinə son qoymaq üçün tütünə qarşı birgə mübarizə aparılmalı və daha geniş təbliğat və təşviqat işlərinə başlanılmalıdır. Bunun üçün dövlət rəhbərləri və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, siqaretin zərərləri barədə ictimaiyyəti daha geniş şəkildə xəbardar etməlidirlər.

Tütünçəkmədən azad yerlərin yaradılması passiv siqaretçəkmənin təsirindən yaranan xəstəliklərin qarşısını xeyli ala bilər. Həmçinin tütün tüstüsündən azad yerlərin yaradılması siqaret çəkənləri də bu vərdişdən imtina etməyə vadar edər və ictimai, iş yerlərində siqaretçəkmənin qadağan edilməsi onun ümumi yayılmasını xeyli azaldar. Bu, insanları evdə də siqaret çəkmədən yayınmağa sövq edər və uşaqları, ailə üzvləri passiv tütünçəkmənin zərərindən qorumuş olar.

Tütünün yaratdığı təhlükələr barədə təhsil ocaqlarında gəncləri və yeniyetmələri məlumatlandırmaqla sağlam gələcək yaratmaq olar. Valideynlər özləri də ziyanlı vərdişlərdən uzaq durmalı və övladlarına pis nümunə olmaqdan çəkinməlidirlər.

Siqaret qutuları üzərindəki əyani xəbərdarlıqlar tütündən istifadənin qarşısını müəyyən qədər almaqdadır. Qutuların üzərində səhhət üçün zərərli olmasını göstərən informasiyalar siqaret çəkənlərin diqqətini cəlb edir və üzləşəcəkləri risklər barədə bilgilərini artırır. Xəstəliklərin və digər mənfi təsirli şəkillərin qutulara vurulması sözlərə nisbətən daha çox təsir göstərir.

Tütün məhsullarının reklam və sponsorluğuna qadağalar qoyulmalı, satışı minimuma endirilməlidir. Hal-hazırda ümumi dünya əhalisinin 5%-i tütün məhsullarının reklamına, satışının stimullaşdırılmasına və sponsorluğuna hərtərəfli qadağalar qoyan ölkələrdə yaşayır. Qadağaların səmərəli olması üçün onun bütün sahələrə tətbiq həyata keçirilməlidir. Qadağalar yalnız radio və televiziyada olan reklamlara qoyularsa, tütün sənayesi öz məhsullarının təbliğini digər marketinq kanallarına məsələn qəzet, jurnal, reklam lövhələri, internet, idman müsabiqələri, musiqi festivallarına və s. yönəldəcək. Lakin hərtərəfli qadağa bütün bu istiqamətlərin qarşısını ala bilər.

Qarşısı alına bilən ölüm səbəbinə son qoymaq üçün tütünsüz dünya yaradaq!


Fatimə Qəhrəmanova
Bu yazıya 306 dəfə baxılıb.