Həkiməqədər ilk tibbi yardım - 2


Vüqarə Məmmədova
Bu yazıya 319 dəfə baxılıb.

Hər hansı travma zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. Arterial, venoz və kapilyar qanaxmalarını fərqləndirmək lazımdır. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu kofe çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.

Əzilmə, burxulma, çıxıqlar zamanı zədələnmiş nahiyəyə sakitlik vermək, soyuq qoymaq və xəstəyə ağrıkəsici dərman vermək lazımdır. Sınıqlar zamanı ətrafa şina qoyulmalıdır. Bunun üçün hər hansı taxta parçasından istifadə etmək, yaxud zədələnmiş ayağı sağlam ayağa, zədələnmiş qolu bədənə sarımaq olar. Xəstəyə ağrıkəsici vermək travmatik şokun qarşısını ala bilər. Açıq sınıqlarda yaranın ətrafı yodla silinməli və təmiz sarğı ilə örtülməlidir.

Vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər və bu hər kəsin insanlıq vəzifəsidir.

Zərərçəkmiş şəxsin ürək və tənəffüs fəaliyyəti dayanmışsa, bu heç də həmişə onun ölməsi demək deyil. Məsələn, ürək fəaliyyəti və tənəffüsün dayanması çoxlu qan itirmə, tənəffüs yoluna yad cismin düşməsi, elektrotravma, suda batma, kəskin zəhərlənmə, torpaq uçqunu altında qalma nəticəsində baş verirsə, dərhal ürəyin qapalı masajına və süni tənəffüsə başlamaq lazımdır.

Zərərçəkmişi arxası üstə döşəməyə və ya düz yerə uzatmaq lazımdır. Yardım göstərən şəxs yan tərəfdə duraraq əllərini bir-birinin üstündə yerləşdirir və xəstənin döş sümüyünün aşağı hissəsinə qoyaraq öz bədəninin ağırlığı ilə döş qəfəsini ritmik şəkildə (dəqiqədə 80-100 dəfə) aşağıya- onurğa sütununa doğru sıxır. Yardım göstərən tək olduqda, hər 10 ritmik hərəkətdən sonra zərərçəkmişin ağ ciyərlərinə "ağızdan ağıza " və ya " ağızdan buruna" 2 dəfə hava üfürür. Yardım göstərən 2 nəfər olarsa, bir nəfər ürəyin qapalı masajını həyata keçirir, digər xilasedici isə süni tənəffüs verir. Bu zaman ehtiyatla hərəkət etmək, xəstəyə əlavə travma verməmək

lazımdır. Ürəyin qapalı masajı və süni tənəffüs ürək fəaliyyəti bərpa olanadək davam etdirilir. Bu zaman zərərçəkmişin yuxu arteriyasında nəbz vurğusu əmələ gəlir. Sifətində, dodaqlarında göyərmə azalır, bəbək refleksi bərpa olur, qan təzyiqi yüksəlməyə başlayır. Süni tənəffüs vermək üçün əvvəlcə zərərçəkənin ağız boşluğu, burnu selikdən, qumdan, torpaqdan, lildən, qusuntu kütləsindən və s. təmizlənməlidir. Diş protezi varsa, çıxarılmalıdır. Bundan sonra xəstənin başı geri dartılır, ağzına təmiz tənzif və ya dəsmal örtülür, burnu barmaqla sıxılır, dərindən nəfəs alır, havanı sürətlə zərərçəkənin ağzına üfürürlər. Bu zaman döş qəfəsinin genişlənməsi havanın ağciyərlərə daxil olmasını göstərir. Xəstənin nəfəs verməsi passiv şəkildə döş qəfəsinin elastikliyi hesabına baş verir. Xəstənin tənəffüsü bərpa olana qədər süni tənəffüs davam etdirilir.


Vüqarə Məmmədova
Bu yazıya 319 dəfə baxılıb.