Onların yerində biz də ola bilərik!


Gülnarə Seyidova
Bu yazıya 170 dəfə baxılıb.

Xəstə övladına çarə axtarmaq niyəti ilə həkimə gedən bir ana övladının müayinəsindən sonra “Sənin uşağın iflicdir. O nə gəzəcək, nə də danışacaq. Sən ən yaxşısı apar onu zibilliyə at!”, deyən həkim, görəsən, insanlıq hisslərini də zibilliyəmi atıb? Övladının halına yanan bir ana həkimin deyəcəyi hər kəlməyə həsrət ikən, həkimin uşağa verdiyi dəyər ananı sözlərlə ifadə oluna bilməyəcək şəkildə sarsıtmışdı. Amma Uca Yaradan həmin həkimin sözlərinə inad o balacaya xeyir qapıları açmaqdadır. Artıq həmin uşaq danışır, anasının yardımı ilə gəzə də bilir. Gün gələcək o balaca arzuladığı kimi həkim olacaq, neçə-neçə xəstələrin dərdinə dərman olacaq. Ona görə də hər kəs diplom almaq üçün imtahana girməzdən əvvəl insanlıq imtahanlarından keçsələr, öz peşələrini daha gözəl və vicdanla icra etmiş olarlar.

Qüsurlu olmaq, normal bir insanın şəxsi ya da sosial həyatında özü etməli olduğu işləri, fiziki və ya əqli qabiliyyətlərin anadangəlmə ya da sonradan qazanılan hər hansı bir çatışmazlıq nəticəsində edə bilməməsidir. İnsanın fiziki qabiliyyətlərindəki qüsurlar və bunların hərəkət qabiliyyətində səbəb olduğu əskiklik və çətinlik, onu toplumun digər fərdlərindən fərqli edir. Bu fərqlilik qüsurlu insanların üzləşdiyi ayrıseçkiliyin də əsil səbəbidir. Məlum olduğu kimi hər cür ayriseçkiliyin təməlində fərqli olmaq, yəni “alışılmamış xüsusiyyətlərə” sahib olmaq vardır. Fiziki qabiliyyətlərdəki pozuqluqlar və bunların yaratdığı məhdudiyyətlər insanı toplumdan uzaqlaşdırır. Toplumdan kifayət qədər dəstəyin olmaması, mövcud olan ayrıseçkilik qüsurlu insanların cəmiyyətə bir fərd olaraq qatılmasının qarşısını alır.

Ailə, uşaqların sağlam yetişdirilib inkişaf edə biləcəyi, önəmini heç zaman itirməyən ictimai bir qurumdur. Xüsusilə ilk davranış şəkilləri, ictimai həyata aid qayda və rollar, əsas vərdişlər, sevinclər, sevgilər, günlük münasibətlər ailədə öyrənilməlidir. Bu səbəblə normal ya da qüsurlu, problemli ya da problemsiz olsun hər uşağın içində büyüyüb inkişaf edə biləcəyi bir ailəyə ehtiyacı vardır. Uşağın qüsuru müəyyən olunduqdan sonra, ailə üzvlərinin uşağı və onun qüsurunu qəbul etməsi çox vacibdir. Ancaq ailələr bu müddət ərzində bəzi mərhələlərdən keçməli olurlar. Bu mərhələləri aşağıdakı kimi sadalamaq mümkündür.

1. Şok: Övladının qüsurlu olduğunu öyrənən ailələrdə ən çox müşahidə olunan reaksiyalardan ilkidir. Əsasən bu hal ağlamaqla, reaksiyasız qalmaqla, özünü çarəsiz hiss etmə şəklində müşahidə olunur.

2. Rədd etmək: Bəzi ana-atalar övladlarının qüsurlu olduğunu qəbul etmək istəmirlər, qorunma mexanizmasına əl ataraq rədd edirlər. Bu, qarşılaşdıqları hadisə səbəbi ilə duyduqları qorxudan qaynaqlanır. Uşağın və özlərinin gələcəkdə qarşılaşacaqları narahatlıqlar, qayğılar, məsuliyyətlər, "Biz indi nə edəcəyik?"- sualına tapılmayan cavablar, rəddetmə davranışının müşahidə olunmasına səbəb olur.

3. İztirab çəkmək və depressiya: Ümumiyyətlə ana-atalar qüsurlu uşağa sahib olmaları səbəbi ilə pərişan olurlar. Əksər valideynlər üçün qüsur, xəyallarında yaşatdıqları ideal uşağın yox olmasına bərabərdir. Belə bir vəziyyətdə çəkilən iztirab ən çox sevilən birinin vəfatı zamanı yaşanan hisslərə bərabərdir. İztirab çəkmək həqiqətin qəbul edilməsini asanlaşdıran bir duyğu olaraq görülür. Depressiya isə, əsasən stress yaşama nəticəsində meydana çıxır. Əksər ana-atalar yükləndikləri məsuliyyətlər qarşısında hər şeyə güclərinin çatmayacağı düşüncələri ilə depressiyaya düşürlər. Əzab çəkmək və depressiya nəticəsində ailələrdə "geriyə addım" ya da "insanlarla münasibətlərdən qaçınma" davranışları müşahidə olunur. 4. Günahkarlıq hissi: Qüsurlu uşağa sahib olan hər ailədə, əsasən, stressdən yaranan davranışlardır. Valideynlərin uşaqlarında görünən fiziki yaxud əqli qüsura özlərinin səbəb olduqlarını düşünmələrindən, ya da bəzi yanlış davranışları nəticəsində Allah-Təala tərəfindən cəzalandırılmış olmalarına inanmalarından qaynaqlanır. Bu düşüncə onları psixoloji problemlərə qədər apara bilir.

5. Qərarsızlıq: Qüsurlu uşağa sahib olan bəzi valideynlərdə vəziyyətə dərhal vərdiş etmək görüldüyü halda, bəzilərində bu müddət daha çox vaxt alır. Mövcud olan hal ilə barışmazlıq ailə üzvlərinin bir-birini günahlandırmasından qaynaqlanır. 6. Üsyan etmək: Əsasən, valideynlərdə yaşadıqları hadisəni qəbuletmə müddətində onları stressə salan duyğulardır. “Bu hadisə niyə mənim başıma gəldi?”, “Niyə bizim uşağımız belə oldu?” sualları meydana çıxır. Bu hal və davranışları həkimlər, müəllimlər, psixoloqlar belə, yaşadıqları faciələr qarşısında sərgiləyə bilirlər.

7. Utanma: Hər ana-ata öz uşağının uğur qazanmasını, özünü sübut etməsini arzu edir və bundan da qürur hissi yaşayır. Təəssüflər olsun ki, qüsurlu uşaqların cəmiyyətdə qəbul edilməməsi, hətta lağa qoyulması, insanların yazığı gəlməsi, hər kəsin qorxmasına səbəb olması və rədd edilməsi kimi davranışlar yaşanır. Bütün bunların qarşısında ailə, qüsurlu övladından ya da valideynindən utana bilir. Tez-tez insanlarla görüşməyib həmin doğmalarını evdən çıxarmamağı belə üstün tuturlar.

8. Uzlasma: Bu davranışları sərgiləyən insanlar əsasən “Əgər uşağıma bir çarə tapsan, hayatımın sonuna qədər sənə minnətdar olaram” düşüncəsində olurlar. Uşağın dərdinə çarənin tapılması, ailələri hər cür addımı atmağa səbəb olur. 9. Qarşılaşdıqları vəziyyətlə barışmaq: Ana-atanın uşaqları ilə daha düzgün münasibətlər qura biləcəklərini anlamaları ilə başlayan bir zamandır. Ailə üzvlərinin hər birinin ailədə olan qüsurlu doğmalarını qəbul etdikdən sonra qayğılar, qorxular azalır, utanmaq kimi yanlış hisslərdən azad olurlar. Artıq ailə birlikdə nələr edə biləcəyini düşünür və planlamağa başlamışdır. Belə halda uşağa da öz qüsuru ilə barışma və onunla daha gözəl bir həyat yaşama şansı veriləcəkdir. Ailələrin ilkin dönəmdə bu hallardan keçməsi təbiidir. Ancaq ailənin bu mərhələlərdən hər hansı birində qalması gələcəkdə psixoloji problemlərə səbəb olaraq problemin qəbul edilməsində, çarələr axtarma yolunda çətinlik yaradacaqdır.

Qüsurlu insanların psixoloji, təhsil və həyatlarını normal davam etdirə bilmə bacarıqları baxımından digər insanlardan geri qalmaları çox normaldır. Bizim vəzifəmiz onları günahlandırmaq, ayıblamaq, cəmiyyətdən uzaqlaşdırmaq deyil. Onlara dəstək olmaq, onları yalnız qoymamaq, əhval- ruhiyyələrini yaxşılaşdırmaqdır. Bu bizim insanlıq vəzifəmizdir. Hər insan, hər an qüsurlu ola bilər. Onların hər kəsdən çox dəstəyə ehtiyacı olduqlarını unutmamaq lazımdır...


Gülnarə Seyidova
Bu yazıya 170 dəfə baxılıb.