Könül iqlimindən incilər


Osman Nuri Topbaş
Bu yazıya 188 dəfə baxılıb.

Haqq qatında bağışlanmayan qüsurlardan biri şirk, digəri də qul haqqıdır. Cənabı-Haqq qulunun dağlar qədər günahını bağışlarkən, qul haqqı olduğu təqdirdə zülmə uğrayan qulunun istəyini əsas götürür. Bu səbəbdən hər hansı bir qul haqqı səbəbiylə tövbə edən insanın, əvvəla haqqını yediyi kimsədən halallıq alması şərtdir. Canını Allah yolunda qurban edən şəhid haqqında belə:

"Şəhidin qul haqqı xaricindəki bütün günahlarını Allah Təala bağışlayar" (Müslim, İmarə, 119) buyurulur. Belə olduğu halda digər insanların tapdaladıqları qul haqlarını halallaşmadan əfv etdirmələrinin mümkün olmayacağı aşkardır.

Qul haqqı çox əhəmiyyətli olsa da, təəssüf ki, hazırda çox riayət edilməyən bir xüsus halına gəlmişdir. Halbuki həyatı boyunca bütün məxluqatın haqqına müstəsna bir həssaslıqla etina göstərmiş olan Allah Rəsulu (s.ə.s.) axirətə hicrət anında belə qul haqqını düşünərək bizə nümunə olmuşdur:

"Səhabələrim, kimin kürəyinə vurdumsa, budur kürəyim, gəlsin vursun! Kimin malını aldımsa, budur malım, gəlsin alsın!" (Əhməd, III, 400) buyurması, bütün insanlığa çox mənalı bir mesajdır.

Ənəs (r.a.) da, vəfatı əsnasında Peyğəmbərimizin yanında olduğunu, Peyğəmbərimizin üç dəfə "Namaz barəsində Allahdan qorxun!" - sözləri ilə fərdi məsuliyyətimizə diqqət çəkdikdən sonra, bu ifadələri ilə də ictimai məsuliyyətimizi xatırlatdığını nəql edir:

"-Əmriniz altındakı insanlar haqqında Allahdan qorxun; iki zəif haqqında Allahdan qorxun: Dul qadın və yetim uşaq" (Beyhəqi, Şuab, VII, 477).

Bu nəbəvi əxlaq ilə əxlaqlanan əshabın böyüklərindən Həzrəti Osmanın (r.a.) yaşadığı bu hadisə nə qədər ibrətlidir:

Həzrəti Osman (r.a.) bir xidmətçisinin səhvən qulağını çəkir. Səhvini anladığında isə dərhal onun yanına gedir və:

"-Sən də mənim qulağımı çək!" - deyir. Xidmətçisi onun qulağını ədəblə yüngül çəkir. Həzrəti Osman (r.a.):

"-Mən daha sərt çəkmişdim. Bir az daha sərt çək, məni axirət cəzasından qurtar!" - deyir. O könlü ayıq xidmətçi də:

"-Ey Xəlifə! Daha çox çəksəm bu səfər də mən sizə borclu qalaram!" - cavabını verir və halallaşırlar.

Mövlana həzrətləri belə deyir:

"Allahın qul üzərindəki haqlarından sonra ana haqqı gəlir. Çünki kərəm sahibi Allah, ananın bətnində sənə şəkil vermişdir. Səni bətnində daşıması üçün ona sevgi və şəfqət bağışlamış, ona şirin bir məhəbbət və sonsuz bir mərhəmət göstərərək onu səninlə sevindirmişdir".

Digər tərəfdən insanın bu fani həyata gözlərini bağladıqdan sonra onu yuyub cənazə namazını qılan və qəbrə dəfn edən kəslərə qarşı da bir haqq mümkündür. Xülasə, insan üçün həyat, ana bətnində başlayıb məzara girənə qədər davam edən bir hüquqlar məcmuəsidir.

Allah Rəsulu (s.ə.s.) cənazə namazı qıldıracağı zaman meyidin üzərində qul haqqı olub-olmadığını soruşur, ödənənə qədər cənazə namazını qıldırmazdı (Buxari, Fəraiz, 4, 15, 25; Müslim, Fəraiz, 14; Tirmizi, Cənaiz, 69/1069; Nəsai, Cənaiz, 67)

Belə ki, Əbu Qatadə (r.a.) belə nəql edir:

“Rəsulullahın (s.ə.s.) yanına namazını qıldırması üçün bir adamın cənazəsi gətirildi. Peyğəmbərimiz:

“-Onun üzərində borc var, yoldaşınızın namazını siz qılın!” - buyurdu. Mən:

“- Borc mənim üzərimə olsun, ey Allahın Rəsulu”, - dedim.

“-Tamamiləmi?” - buyurdu.

“Bəli, tamamilə ödəyəcəyəm!” - dedim. Bundan sonra cənazənin namazını qıldı” (Tirmizi, Cənaiz, 69/1069; Nəsai, Cənaiz, 67).

Atanın, ananın və uşaqların bir-birləri üzərində hüquqları vardır.

Ata, xanımının və uşaqlarının ehtiyaclarını halalından təmin edərək onları ən gözəl bir tərbiyə ilə axirət yurduna hazırlamalı, onları zamanın şər yağmurlarından bir çətir kimi qorumalıdır.

Ana yoldaşına qarşı vəzifələrində həssas davranmalı, balarının könül dünyasını mərhəmətlə inşa etməlidir. Çünki ana bir məktəbdir.

Yenə ana-ata, uşaqlarına qarşı ədalətli davranmalı, ayrı-seçkilik etməməlidir. Uşaqlar da ana-atalarına qarşı son dərəcə hörmət və məhəbbət hissləri ilə dolu olmalı, onlara itaət edərək xidmətlərində durmalıdırlar.

Necə ki, bir şəxs, Rəsulullahın (s.ə.s.) yanına gələrək:

“Ey Allahın Rəsulu! Ən yaxşı davranılması lazım olan şəxs kimdir?” - deyə soruşduğunda Rəsuli-Əkrəm (s.ə.s.) bu cavabı verir:

“-Anan, sonra anan, daha sonra yenə anan, sonra atan, sonra da sənə ən yaxın olan qohumun” (Müslim, Birr, 2).

Gündəlik həyatımızda bir çox insana normal gələn o qədər hadisə vardır ki, əslində hamısı bir qul haqqı çərçivəsində qiymətləndirilməlidir. Məsələn, sıx yol axışının olduğu yerlərdə guya oyanıqlıq edərək bir çox sürücünü çətin vəziyyətdə buraxmaq və bəzi hallarda sırf özünü düşünmək hesabı asan verilməyəcək olan qul haqlarındandır.

Həmçinin yemək qoxusu ilə qonşuya əziyyət etmək, balkon və ya pəncərələrdən pal-paltar silkələyərək onlara narahatlıq vermək də belədir.

Müasir zamanda miras bölgüsü məsələsində tərəflərin dini qanunlara riayət etməməsi də qul haqqına misaldır və edilən haqsızlığa görə halal mala haram qarışdırılır.

Həmçinin qul haqqı konkret bir şəkildə bir başqasının malını oğurlamaq və ya qəsb etmək olaraq başa düşülməməlidir. Bütün hal və davranışlarda eqoistlik edərək başqalarının hər cür haqqını çeynəmənin də qul haqqına girdiyi bilinməlidir. Yəni maddi olaraq qul haqqına girməklə, mənəvi olaraq qul haqqına girmək arasında bir fərq yoxdur. Əksinə mənəvi qul haqlarının hesabı daha ağırdır. Məsələn, tələbəsini yetişdirmək xüsusunda səhlənkar davranan bir müəllim, tələbəsinin vaxtını və enerjisini hədər edib bir "insan israfı" na səbəb olduğu üçün üzərinə ağır bir qul haqqı almış deməkdir. Yenə bir məscid imamı, camaatına qarşı etinasızlıq edib onları irşad etməkdə zəiflik göstərirsə, qul haqqına girmiş olur.

Həssas bir şəkildə düşünülsə, qul haqqının əhatə dairəsi o dərəcədə genişdir ki, bir müsəlmanın üzünə haqsız yerə sərt baxmaq belə bir qul haqqıdır. Bununla yanaşı bir din qardaşının səhvlərini qiyabi söyləyərək onu alçaltmaq olan qeybət də bir qul haqqıdır və böyük günahlardandır. Necə ki, ayeyi-kərimədə belə buyurulmuşdur:

“(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” (Əl-Huməzə, 1)

Bu səbəbdən bir sözü söyləyərkən də onun ürəyə batan bir tikan olmamasına diqqət edilməlidir. Necə ki, Aişə validəmiz bir dəfə qəflətən Safiyyə anamız haqqında:

"Ey Allahın Rəsulu! Safiyyənin qısa boylu olması sənə yetər", - deyərək onu kiçik gördüyündə Peyğəmbərimiz ona bu cavabı verir:

"-Ey Aişə! Elə bir söz söylədin ki, əgər o söz dənizə qarışsa idi, onun suyunu məhv edərdi" ( Əbu Davud, Ədəb, 35/4875; Tirmizi, Qiyamət, 51).

Əcdadımız dükanların vitrininə qoyulan malları, "Kim bilir neçə yetim, kimsəsiz və yoxsulun hüznlü nəzərləri ilişib qalmışdır!" - deyə düşünərək almaqdan və satmaqdan imtina etmişlər. Bu həssaslıq səbəbi ilə vitrinlərə, küçədən gələcək baxışları önləmək üçün bir pərdə asmışlar. Halbuki indiki zamanda kasıb-füqəranın qəmli baxışlarına önəm vermədən ən ləziz qidalar restoran vitrinlərində tərəddüd edilmədən nümayiş edilir, kabablardan çıxan qoxularla qarnı ac olduğu halda imkansızlıq səbəbindən ala bilməyən insanlara əziyyət edilir. Lakin bu bilinməlidir ki, satan halalından satır, alan halal pulu ilə alsa da, yetim baxışlarının və nəzərlərinin nüfuz etdiyi bu qidalar mənən yaralıdır, yaralayıcıdır. Göz haqqını bir qul haqqı görən müstəsna mədəniyyətimizdən bu gün geriyə nə qalıb?!

Qul haqqı yeməyin daha təhlükəli bir növü də, cəmiyyətin ortaq haqqı olan dövlət və xeyriyyə mallarını haqsız yerə qəsb etmək və ya uyğunsuz şəkildə istifadə etməkdir. Bu haqsızlıq daha təhlükəlidir. Çünki sonunda peşman olsa belə halallaşacaq birini tapmaq mümkün deyil. Çünki o mallarda hər kəsin haqqı var.

Hədisi-şərifdə belə buyurulmuşdur:

"Şübhəsiz ki, haqsız olaraq Allahın malını istifadə edən kəslər, qiyamət günündə cəhənnəmə layiq olarlar" (Buxari, Hums, 7).

İnsanların səmimi və saleh əməllər işləməyə müvəffəq olmamalarının başlıca səbəbi harama, şübhəli şeylərə və qul haqqına kifayət qədər diqqət etməmələridir. İbadətlərdə dinclik və huşu halında ola bilmək, zövqlə və gözyaşı tökərək Allahın əmrlərini ifa edə bilmək ancaq qul haqqından çəkinərək həssas bir təqva həyatı yaşamağa bağlıdır.

Heç kim, bir başqası tərəfindən hesaba çəkilməkdən xoşlanmaz. Lakin bu bir həqiqətdir ki, qiyamət günü hər kəs hesaba çəkiləcək. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (Təkasur, 8)

“Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” (Zəlzələ, 7-8).

Bu səbəbdən fani həvəslər uğruna ilahi hüdudları tapdalamaq və ilahi əfvin xaricində buraxılan qul haqqı ilə Allahın hüzuruna çıxmaq nə dəhşətli bir aldanışdır.

Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

“Kimin üzərində din qardaşının isməti, namusu və ya malıyla əlaqədar bir zülm varsa, qızıl və gümüşün olmayacağı qiyamət günü gəlmədən əvvəl o kimsəylə halallaşsın! Yoxsa özünün saleh əməlləri varsa, etdiyi zülm miqdarında savablarından alınır, (haqq sahibinə verilir). Əgər yaxşılıqları yoxsa, zülm qardaşının günahlarından alınaraq onun üzərinə yüklənir” (Buxari, Məzalim 10, Rikak 48).

Rəbbimiz axirətdə müflis olmaqdan cümləmizi mühafizə etsin. Bizləri hüzuruna qul haqqı ilə deyil, razı olduğu əməli-salehlərlə çıxa bilən saleh qullarından etsin. Amin!


Osman Nuri Topbaş
Bu yazıya 188 dəfə baxılıb.