Qarçiçəyi - səbir və şükür...


Əlif Güldar
Bu yazıya 196 dəfə baxılıb.

Rəbbimiz yaratdığı hər məkana və zamana ayrı bir gözəllik, incəlik və hikmət vermişdir. İbrət almağı bacaran insan üçün bütün kainat bir təfəkkür məktəbidir. Qafqaz dağları yaz aylarında yaşıl rəngin bütün tonlarını özündə əks etdirərkən çox gözəl görünür, indi isə bəyaz gəlinliyə bürünmüş, saf və təmiz duruşu ilə fərqli bir gözəllik sərgiləyir. Həftə sonunda rayonları ziyarətdən qayıdarkən İsmayıllı ilə Şamaxı arasındakı qarlı dağlardan keçərkən yol kənarında doqquz-on yaşlarında əlində bir neçə dəstə çiçək olan bir uşaq birdən-birə yolumuza çıxdı. Yoldan keçən maşınları saxlatmaq, onların diqqətini çəkib axşam evinə çörəkpulu aparmağa çalışan bu uşaq, biz dayanarkən bizə tərəf var gücü ilə qaçmağa başladı. Pəncərəni açdığımızda təngnəfəs olmuşdu. Əlindəki novruzgülünü bizə uzatdı. Bu soyuq qış günündə qarın içindən toplayıb gətirdiyi çiçəkləri almağımız üçün bizi razı salmağa çalışırdı. Çiçəkləri aldıq. Soyuqdan əl-üzü donsa da, üzündən təbəssümü əskik etməyən bu uşaq, üzünü və əllərini göyə qaldırdı və dodaqlarından sevinclə şükür kəlmələri töküldü. Yol kənarında saatlarla o soyuq havada gözlədikdən sonra çiçəkləri satmağın sevincini Rəbbi ilə paylaşan, ruzinin ondan gəldiyini bilən və çətinliklərə səbir edən, Rəbbinə təşəkkür edən bu uşağın halı bizi çox təsirləndirdi. Uşağın bu davranışı səbrin və şükrün gerçək təzahürünü bizə göstərdi.

Novruzgülü, səbir, şükür və uşaq...

Bu diyarın və torpağın mayasında olan gözəlliklər...

Şükür - təşəkkür etmək, yaxşılıq edənə qarşı qəlb, dil və davranışlarla hörmət və sayğı göstərməkdir. Gözəl xüsusiyyətlərdən biri olan şükür, insanların Allah-Təala tərəfindən özlərinə ehsan edilən, verilən saysız nemətlərinə, yaxşılıqlarına qarşılıq olaraq sevinc və təşəkkürlərini bildirən söz və davranışlar sərgiləməsidir. Allah-Təalaya şükür etmək, Onun dinini qəbul etmək və dinin hökmlərinə, yəni əmr və qadağalarına uymaq deməkdir. Şükür həm qulluq, həm də insanlıq vəsifəsidir. Yaxşılıq edənə təşəkkür etməyin lazım olduğunu hər ağıllı insan qəbul edər.

Neməti mühafizə və artırmaq üçün bu üç şeyi edən tam şükür etmişdir:

1. Gələn hər neməti Allahdan bilib şükür etmək

2. Allah-Təalanın verdiyi hər şeyə razı olmaq

3. Nemətlərdən istifadə edildiyi müddətdə Allah-Təalaya üsyan etməmək.

Şükür həm əldəki neməti yox olmaqdan qurtarır, həm də yeni nemətlərə qovuşdurur.

Qurani-Kərimdə şükürə təşviq edən bir çox ayə vardır. Bunlardan bəzilərində bildirilir ki, “Allahdan çəkinin ki, şükür edə biləsiniz” (Nisə, 123).

“Allah-Təala şükür edənə çox nemət verər” (Fətir 30).

Həzrəti İbrahim Rəbbinin nemətlərinə şükür etdi, Rəbbi də onu doğru yola yönəltdi (Nəhl, 121). Aza qənaət etmək, çoxu istəməmək deyildir. Malik olduğu imkana razı olmaqdır. Hədisi-şərifdə, “Kim Allah -Təalanın verdiyi az ruzi ilə razılaşarsa, Allah-Təala da onun az əməlinə razı olar” - buyurulur.

Allah-Təalanın başda iman neməti olmaqla verdiyi saysiz nemətlərə hər zaman şükür etmək, həmd etmək lazımdır.

Hədisi-şərifdə buyurulur ki, “İnsanların ən dəyərlisi çox həmd edənlərdir” (Təbərani).

Başqa bir ayəyi-kərimədə buyurulur ki, “Mənə şükür edin, nankorluq etməyin!” (Bəqərə 152).

Nankorluq, şükür etməmək, nemətləri Allah-Təaladan bilməmək deməkdir. Bir insana hər ehtiyacı verilsə, hər ay kifayət qədər pul, qida hədiyyə olunsa, bu kimsə, o ehsan sahibini hər yerdə, hər kəsə necə mədh edər. Gecə-gündüz onun sevgisini, onun qəlbini qazanmaq istəməzmi? Onu dərdlərdən, sıxıntılardan qorumağa çalışmazmı? Ona xidmət edə bilmək üçün özünü təhlükələrə belə atmazmı? Bunları etməsə o ehsan sahibinə heç qiymət verməsə, hər kəs onu tənqid etməzmi? Hətta insanlıq vəzifəsini etmir deyə cəzalandırılmazmı?

Yaxşılıq edən bir insanın haqqına belə riayət edilərkən, hər nemətin, hər yaxşılığın həqiqi sahibi olan, hər şeyi yaradan və ehsan edən Rəbbimizə şükür etmək, Onun bəyəndiyi, istədiyi şeyləri etmək nə üçün gərəkməsin. Əlbəttə, ən çox Ona şükür etmək, ibadət etmək lazımdır. Çünki Onun nemətləri yanında başqalarının yaxşılıqları dənizdən damla qədər də deyil. Hətta başqalarından gələn yaxşılıqları da yenə O göndərir. Nemət ümumi olduğu zaman, hər kəsə verilərsə insan bu nemətin qiymətini bilmir. Görmək böyük nemət olduğu halda, hər kəsdə göz olduğu üçün göz nemətinə hər zaman şükür etmirik. Gənclər yaşlanmadıqca gəncliyin qiymətini bilməz. Xəstə insanlar sağlamlığın qiymətini bilər. Kasıblar zənginliyin qədrini bilər. Həyatın qiyməti ancaq son nəfəsdə anlaşılar. Bu halda yaşlanmadan gəncliyin, xəstələnmədən sağlamlığın və ölmədən əvvəl də həyatın qiymətini bilib şükür etməliyik.

Allah dostlarının həyatı şükür mövzusunda bizə gözəl bir nümunədir.

Allah üçün dost olan Şakik Bəlhi ilə İbrahim ibn Ədhəmin bir-birini irşad üçün etdikləri könül söhbətləri əsnasında Şakik Bəlhi soruşur:

* Dolanışığınız necədir?

* Tapanda şükür, tapmayanda səbir edirik.

Şakik Bəlhi:

* Bunu Xorasanın itləri də edir!- deyir. Bu dəfə İbrahim ibn Ədhəm soruşur:

* Bəs siz nə edirsiniz?

Şakik Bəlhi bu cavabı verir:

* Tapsaq şükür edib paylaşırıq, tapmasaq şükür edib səbir edirik.

Cənabı- Haqqın minlərlə lütf və nemətləri qarşısında nə qədər şükür etsək az olduğunun şüurunda bir ömür yaşaya bilmək və son nəfəsimizi üz ağlığı ilə verə bilmək niyazı və duası ilə...


Əlif Güldar
Bu yazıya 196 dəfə baxılıb.