Allahım, məni azlardan et!


Fatimə Zəhra
Bu yazıya 122 dəfə baxılıb.

Cənabı-Haqqın sonsuz əzəmətinin, ilahi sənət və sifət təcəllilərinin mədh-səna edilməsi "həmd", Onun lütf, nemət və ikramlarına qarşı dillə və ürəkdən mədh-səna və təşəkkürümüz də "şükür"dür.

Hər iki söz də məna etibarilə bir-birinə çox yaxındır. Hər cür təzim Allaha məxsusdur və həmd də yalnız Onun haqqıdır. Allah-Təalanın bütün nemətlərinə həmd etmək müsəlmanın qulluq vəzifələrindən biridir. Həmd etmək qulluq borcu olduğu halda, Allah-Təalanın həmd edən quldan razı olduğunu bildirməsi böyük bir lütf və ehsandır; Onun sonsuz rəhmətinin bir təcəllisidir. Həmdə layiq yeganə varlıq Allah-Təaladır. Ayəyi-kərimədə buyurulduğu kimi: “Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun!...” (əl-Ənam, 1)

Cənabı-Haqq qullarının hər fürsətdə Ona həmd etmələrini istəyir. Ayəyi-kərimələrdə belə buyurulur:

“...De: Allaha həmd olsun!..” (əl-İsra, 111)

“Onların oradakı (möminlərin Cənnətdəki) duası: “Pərvərdigara! Sən paksan, müqəddəssən!”, orada salamlaşması: “Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir..” (Yunus, 10)

Namazın hər rükətində oxuduğumuz Fatihə surəsinin ilk ayəsi, bizə "həmd"i təlqin edir:

"Həmd, Aləmlərin Rəbbi Allaha məxsusdur".

Onsuz da Allah-Təalaya həmd edilmədən başlanan bir iş və davranışdan xeyir ümid etmək mümkün deyil. Rəsulullah -səllallahu əleyhi və səlləm-:

"Allaha həmd edərək başlanmayan hər mühüm iş bərəkətsiz olar" (Əbu Davud, Ədəb, 18/4840) - buyuraraq biz ümmətinə bu barədə xəbərdarlıq etmişdir.

Həmd, eyni zamanda mühüm bir zikrdir. Peyğəmbərimiz həmdin fəzilətini belə bəyan edir:

"Təmizlik imanın yarısıdır. “Əlhamdulillah” duası mizanı, “Sübhanallahi vəl-həmdulillah” sözləri isə yer ilə göy arasını savab ilə doldurur. Namaz nurdur, sədəqə bürhandır, səbir ziyadır. Quran sənin ya lehinə ya da əleyhinə dəlildir. Hər kəs səhərdən (bazara çıxar) nəfsini satar, kimi onu azad, kimi də həlak edər" (Müslim, Təharət 1; Tirmizi, Dəavat 85/3517).

Həmd kimi mühüm qulluq vəzifələrindən biri də şükürdür. Şükür qulun ona lütf edilən nemətlərə və yaxşılıqlara sevinərək, onları lütf edən Rəbbinə müxtəlif söz və davranışlarla xalisanə bir qulluqda olmasıdır. Bu da göstərir ki, şükür nemətin həqiqi sahibini bilməkdir.

Hz.İmam Qəzali belə buyurur: "Allahın verdiyi nemətləri, Onun yolunda xərcləmək şükür, sevmədiyi yerdə xərcləmək küfrani - nemətdir (nankorluq)". Məhəmməd Əsəd Ərbil də (r.a.) şükrün həqiqi mənası haqqında belə buyurur: "Şükür yalnız “Ya Rəbbi Sənə şükürlər olsun!” - demək deyil. Əksinə Allahın ona lütf etdiyi nemətlərin hamısını yaradılış məqsədinə uyğun olaraq istifadə etməkdir. Şükrün ən məqbulu isə yayğın olan, yəni din qardaşlarına fayda verən (ictimai) ibadətlərdən (xidmətlərdən) ibarətdir".

**

Peyğəmbərimiz - səllallahu əleyhi və səlləm - süfrədə yeməyi bitirdiyi zaman belə deyərdi: "Ey Rəbbimiz! Sənə tərtəmiz duyğularla, əskilməyib artan, hüzurundan rədd edilməyib qəbul edilən saysız həmd ilə həmd edirik" (Buxari, Ətimə, 54). ** Rəsulullah -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur: "Allah-Təala yemək yedikdən və ya bir şey içdikdən sonra Ona həmd edən qulundan razı olar" (Müslim, Zikr, 89).

**

Nəbi -səllallahu əleyhi və səlləm-in yanında iki adam asqırmışdı. Peyğəmbərimiz onlardan birinə "yərhamukəllah" dedi, digərinə isə söyləmədi. "Yərhamukəllah" demədiyi adam: "- Filan adam asqırdı, ona “yərhamukəllah” dediniz, mən asqırdım, mənə niyə demədiniz ?!" - deyə soruşduqda Peyğəmbərimiz: "- O adam “əlhəmdulillah” dedi, sən isə demədin" - buyurdu (Buxari, Ədəb, 127; Müslim, Zühd, 53).

**

Aişə (r.anhə) belə buyurur: "Bir gecə Rəsulullah -səllallahu əleyhi və səlləm- mənə: “- Ey Aişə! İcazə versən, gecəni Rəbbimə ibadət edərək keçirmək istəyirəm“ - dedi. Mən

də: “Vallah Səninlə birlikdə olmağı çox sevirəm, ancaq Səni sevindirən şeyi daha çox sevirəm” - dedim. Sonra qalxdı, gözəlcə dəstəmaz aldı və namaza durdu. Ağlayırdı ... O qədər ağladı ki, paltarı, mübarək saqqalı, hətta səcdə etdiyi yer islandı. O, bu halda ikən Həzrəti Bilal namaza çağırmaq üçün gəldi. Ağladığını görüncə: “Ya Rəsulallah! Allah-Təala Sizin keçmiş və gələcək günahlarınızı bağışladığı halda nə üçün ağlayırsınız? “ - dedi. Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm-: “Allaha çox şükür edən bir qul olmayımmı? Vallah bu gecə mənə elə ayələr endirildi ki, onu oxuyub üzərində təfəkkür etməyənlərə təəssüflər olsun!” - qarşılığını verdi və bu ayələri oxudu:

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali İmran, 190-191)

**

Həzrəti Ömər (r.a.) bir möminə rast gəlmişdi. O davamlı "Allahım, məni azlardan et!" - deyə dua edirdi. Ömər (r.a.) o şəxsin bu dua ilə nəyi nəzərdə tutduğunu anlaya bilmir.

"- Nə üçün belə dua edirsən?" - deyə soruşdu. O mömin bu cavabı verdi:

"Allah-Təala, "...Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!" (Səba, 13) buyurur. Mən də o bəxtiyar azlıqdan olmağı arzu edirəm" - dedi.

Bu gözəl düşüncə qarşısında heyran qalan Ömər -radiyallahu anh-:

"-Təəssüf olsun mənə, hər kəs Ömərdən daha ağıllı və savadlıdır!" - deyə təəssüfünü bildirdi (İbn-i Əbi Şeybə, Musannəf, VII, 81).

**

Cüneyd Bağdadi yeddi yaşında ikən dayısı Səriyyi-Saqati onu həccə aparır. Hərəm içində reallaşan irfan söhbətlərindən birində şükürdən danışılır. Oradakı ariflərin hər biri öz şərhlərini

dedikdən sonra, Səriyyi-Saqati Cüneydə tərəf çevrilərək onun da danışmasını istəyir. Cüneyd bir müddət düşündükdən sonra bu möhtəşəm cavabı verir:

"-Şükür, Allah-Təalanın lütf etdiyi nemətlə Ona üsyankar olmayıb, o neməti günaha sərmayə etməməkdir" (Fəriduddin Attar, Təzkirətul-Övliya, s. 318).


Fatimə Zəhra
Bu yazıya 122 dəfə baxılıb.