Dua


Gül Nar Quluzadə
Bu yazıya 130 dəfə baxılıb.

“... Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)…” (Ənbiya, 21/89)

Gözlərimi ağrı içində reanimasiyada açdıqda həyatda qaldığım üçün Allaha neçə təşəkkür edəcəyimi bilmirdim. Çünki o qəzadan sağ çıxmaq imkansız idi. Qəza zamanı ilk yardımı tibb işçiləri etmişdi. Dediklərinə görə məni aqoniya vəziyyətində reanimasiyaya yerləşdiriblər. Sonradan öyrəndim ki, aqoniya xəstənin son dərəcə ağır vəziyyətdə olması, tənəffüsün, qan dövranının və orqanizmin həyat üçün əhəmiyyətli digər funksiyalarının kobud surətdə pozulması imiş...

İki gün reanimasiyada həyati təhlükə sovuşduqdan sonra palataya köçürülmüşdüm. O gün səhər tezdən həkimi səbirsizliklə gözləyirdik.

- Çox şükür axır ki, gəlib çıxdınız. -deyib gərgin baxışlarımı palata həkiminə zillədim.

- Sabahınız xeyir. Bu gün özünüzü necə hiss edirsiniz?- təmkinini pozmadan həkim əlindəki analizlərin nəticələrinə baxmağa başladı.

- Pis. Çox pis hiss edirəm.

Üzərimdəki gərginlik və həyəcan davam edirdi. Acığı bu gərginliyimdə anamın üzündəki istirabın da payı vardı. Yazıq anam günlərdi başımın üstündə gecə-gündüz keşiyimi çəkirdi. Yorğunluqdan palatanın qapısına söykənib, nəvaziş dolu gözləri ilə mənə baxırdı. Həkim yenə soyuqqanlıqla davam etdi:

- Necə deyərlər ananız namaz üstə olub. Şükür.

Anam doluxsunmuş halda:

- Allah qoruyub balamı... –qəhərdən davam edə bilmədi cümləsinə.

- Bilmirəm bunu necə deyim - deyib danışmaqda cətinlik çəkirdi həkim. Gah əlindəki vərəqləri bir –birinin üstünə qoyur, gah da gözucu mənə baxırdı.

- Həkim siz öhdənizə düşəni etdiniz - deyib həyəcanla gözləyirdim.

- İflic[1]... deyib gözlərini pəncərəyə çevirdi.

Həkimin təmkinli baxışlarının arxasında küncə sıxılmış, balaca uşaq kimi dizlərini qucaqlayıb xısın-xısın ağlayan insanı gördüm. Anam isə bayaqdan bəri söykəndiyi qapıdan üzü aşağı sürüşərək yerə oturdu. Yox, yerə çırpıldı sanki. Açığı işin nə yerdə olduğu gün kimi aydın idi. Güclə özümü toplayıb onun davam etməsini başımla işarə etdim.

- İflicin bir neçə növü var. –dedi. Sanki danışmaq üçün mənim təsdiqimi gözləyirdi.

- Bəli.

- Paraplegiya[2]... Sizdə yuxarı ətrafların hərəkəti müşahidə olundu. Ancaq ayaqlarınız .... bir müddət hərəkətsiz qalacaq. Çünki...

Taqətsiz halda həkimə əlimlə “Bəsdir!” işarə etdim. Qəhər boğazımda elə düyünləndi ki, udquna bilmədim.

- Ətrafların funksiyasının bərpası üçün xüsusi müalicə üsullarından massaj, bədən tərbiyəsi və s. istifadə etmək lazımdır. –dedi.

Qulaqlarımdan od çıxırdı. Sərxoş sürücünün qurbanı olmuşdum. Gücüm çatdığı qədər bağırmaq istəyirdim. Amma taqətsizliyimdən huşumu itirdiyimi xatırlayıram.

O gündən sonra xəstəxanadan və müalicələrdən yorulmuşdum. Axı kim deyə bilərdi ki, gəzməyin, qaçmağın nə olduğunu bilən biri əlil olacaq. Çox darıxmışdım o günlərim üçün çox...

Təngə gəlmişdim yaxınlarımın məni ziyarət edib hər dəfəsində də “Kədərlənmə. Demək ki, xeyirlisi bu imiş.” ifadəsindən. Hələ statiskadan misallar gətirən veteran qonşumdan demirəm. Hər məni görməyə gələndə ilk cümləsi belə olurdu: “Bu gün Azərbaycandakı 420 min əlilin 59 mini uşaqlıqdan əlillərdir. Bunu bilirdinmi?” Bezmişdim bu kişinin uzun-uzadı nöqtəsiz-vergülsüz moizələrindən.

Zaman keçdikcə susqun, gülməyi belə unudan və zəif birinə çevrilirdim. Daha gücüm qalmamışdı. Ətrafımdakı insanların mənimlə münasibətlərində özümü daha da cılız görürdüm. Anamın cəhdlərinə də baxmayaraq otağımdan belə çıxmaq istəmirdim. Mənə görə bu aciz görünməkdən, yerli-yersiz ürək-dirəkdən daha yaxşı idi.

Bütün bu acılar içində qovrulurkən, yanımda tək anam vardı. Məni sözsüz sualsız həmişəki kimi yenə o başa düşürdü. Mənəvi əzabla yanaşı, hələ maddi yüküm də çiyinlərində idi. Bilirdim ürəyi qan ağlayır, amma bunu mənə hiss etdirmirdi. Bu yeni həyata alışmaqdan başqa çarəm də yox idi. Bir tərəfdən də bu həyatla barışmırdım. Hər gecə anam məni körpə uşaq kimi qucağına alıb yatağa uzatdıqdan sonra göz yaşı dolu kabuslarım başlayırdı. Az qala intihara kimi davam edirdi bu üsyanlar. Vaxtın hardan gəlib keçdiyini unutmaq üçün oxuduğum kitabın səhifəsini çevirəndə bir qeyd gördüm. Balaca sarı kağız idi. Əvvəl əhəmiyyət vermədim. Amma anamın xətti diqqətimi cəlb etdi:

“... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz!” (Bəqərə, 2/216).

Təkrar-təkrar ayəni oxudum. “Allah bilir, siz bilməzsiniz!” cümləsi məni düşüncələrimdən çox uzaqlara apardı. Üç gün özümə qapandım. Bu müddət ərzində ayənin hər kəlməsini öz-özlüyümdə təfəkkür etdim. Anladım ki, Allah qarşısında acizəm. Sanki məni qəflətdən oyatdı bu sözlər. İnsanı insan edən ən böyük dəyərlərdən biri Allahın verdiyi həyata hörmətdir. “Hər şeyə rəğmən həyat davam edirsə yaşayacaqsan” dedim. Həyat yalnız onu yaşamağı bilən cəsur insanlarındır. Başa düşdüm ki, əlillik öz iradəsindən, yaşamaq üçün hər cür cəhddən imtina etməkdir, başqasına yük olmaqdır. Əgər ruhum sağlamdırsa, fiziki qüsur qazansam belə, əsas odur ki, həyat eşqim itməyibmiş.

Mənim üçün yeni həyat səhifəsi açıldı. Həyata, təbiətə və insana olan sevgimlə həyatımı yenidən qururdum. O həyat ki, zövq və üzüntülərin yaşandığı bir məkandır. Yaxşı günlərimdə sevinir, həyata daha çox bağlanır, gələcəyə belə ümidlə baxırdım. Bəzəndə ağlıma gətirmədiyim hadisələrin acı çəkən qəhramanı olub, mətanətimi itirmirdim. İnsan hər zaman Allahın köməyinə möhtacdır. Ona pənah aparır, arzu istəklərini Ona bildirir. Necə ki, Anam adət etmişdi namazda ürəyində dua etməyi. “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (Əraf, 7/55) ayəsini hər dua edəndə istər istəməz xatırlayırdı. Həmişə deyir: “Həyatda ola biləcəyin ən gözəl yer, kiminsə duasında olmağındır. Kimliyindən asılı olmayaraq çalış ki, duaya açılan əllərdə və dillərdə olasan”. Demək Anam susqunluğunu belə ifadə etmişdi. Bu bir ana harayı idi. Məni qaranlıq dünyadan dartıb çıxaracaq əl idi.Ürəyində Allaha etdiyi gizlicə dua ilə, kağıza yazdığı ayə ilə...

“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!)” (Ğafir, 40/60)


Gül Nar Quluzadə
Bu yazıya 130 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Təşəkkür
  • Allahın verdiyi ruzi
  • Dua