Peyğəmbərimizə (s.ə.s.) məktub


Gülbəniz Mehdiyeva
Bu yazıya 146 dəfə baxılıb.

Ya Rəsulum! Səndən yazmaq tapşırılıb bu gün mənə

Axı nə yazım?! Necə yazım?!

Səndən yazmağa qələmimin gücü yetməz

Kəlmələr acizdir adının qarşısında...

Bir gün Züleyxa Yusifinə məktub yazıbmış... Əvvəlinə Yusif yazır, ortasına Yusif yazır, sonu gəlir məktubunun yenə, yenə Yusif yazır. Anlamışdı Züleyxa çünki...

Bilirdi Züleyxanın lüğətində Yusifdən daha qiymətli söz, gözlərində Yusifdən daha dəyərli bir dağ yox idi... Bütün dünya gözlərində Yusif idi Züleyxanın...

Bu gün elə bir insanı yazmaq tapşırılıb ki mənə Züleyxanın Yusifi Onun hörmətinə gəlib dünyaya...

Aləmlərə rəhmətdi Onun gəlişi, üzünün nuru, saçlarının dəni, mübarək ayaqlarının tozu belə...

O elə bir insandır ki, əgər Rəbbim bizə Onu lüft etməsəydi yenə qızlar diri-diri dəfn edilər, ya da doğulduqları üçün günahkar damğası ilə yaşayardılar. Belə ki, bir gün Peyğəmbərin (s.ə.s.) yanına bir kişi gəlir ağlayır, ağlayır, durmadan ağlayır. Məsciddə hər kəs mat-məəttəl qalır...

Adam durmadan hönkür-hönkür ağlayır. Yaxınlaşır Peyğəmbərə (s.ə.s.), deyir: “Ya Rəsulum! Mənim elə bir günahım var ki, günahımın cəzasından qorxuram, tir-tir əsirəm o cəzanın şiddətindən”. Peyğəmbərimiz (s.ə.s.): “Nədir günahın danış?!” - deyir. Adam göz yaşları içində sözə başlayır: “Ya Rəsulum! Sən gəlmədən bu dünyada xanımların kölələrdən fərqi yox idi, onlar nə bir söz deyə bilərdilər, nə bir fikir bildirərdilər. Qızlar diri-diri dəfn edilərdi. Və bir gün... Bir qızım doğulmuşdu mənim... Qızım gözəl -------------------------------------------

Həmişə oynayardı mənimlə, Ya Rəsulum! Çox sevərdim mən onu çox... Amma hamı qınayardı məni çünki... Qızımı hələ öldürməmişdim... Çünki mən sevirdim onu... Artıq dözə bilmirdim qınaqlara... İnsan arasına çıxa bilmirdim... Bir gün gecə qaranlıqda qızımı götürüb evimizdən çox uzağa apardım, bir daha dönə bilməyəcəyi birlikdə getdiyimiz ən sonuncu yerə... Əlimdə külüngüm var idi. Ya Rəsulum! - deyir, ağlayır... Qızım hələ uşaq idi ey Allahın Elçisi, o bizi oynamağa gedirik sanırdı... Oynayaraq gedirdi...Mən də... Ağlayaraq... Bir təpənin yanına çatanda torpağı qazmağa başladım... Ya Muhamməd, mən qazırdım, külək torpağı qaytarırdı quyuya... Ağlayırdı təbiət, üsyan edirdi kainat, amma mən davam edirdim qazmağa...

...Qızıma gəl quyuya bax dedim... O baxanda... Yavaşca kürəyinə vurdum... Quyuya düşdü...

Ağlayırdı... “Ata! Qaranlıqdı bura! Ata, qorxuram!” deyirdi... Mən də torpaq tökürdüm qızımın üstünə, Ya Rəsulum! Bu dəfə də torpaq göyə sovrulurdu... Amma mən davam edirdim öz körpəmi dəfn etməyə... Kar idim, Ya Muhamməd, eşitmirdim öz körpəmin yalvarışını, kor idim, Ya Mustafa, görmürdüm onun bir hədiyyə olduğunu...

Mən evə gedərkən yolda anası gəldi qabağıma saçlarını yolurdu... Gözlərindən qan gəlirdi yaş yerinə... Amma susurdu... Danışa bilməzdi axı... Onun haqqı yox idi bircə kəlmə söz deməyə... Ya Rəsulum, de, de ki keçər bu dəhşətli günahımdan mənim Rəbbim. Peyğəmbərimiz üzünü çevirir və bircə kəlmə deyir... Bir də danış... Dəfələrlə danışır... Hamı, hər kəs göz yaşında boğulur. O mübarək dodağından tək bir kəlmə süzülür Rəsuli-Əkrəmin dilindən: “İslamdan əvvəl olan günahlar bağışlanmışdır”.

İndi düşünün əgər gəlməsəydi, yaranmasaydı... İndi nə mən bu sözləri yazardım, nə siz oxuyardınız.

Mən varlığıma səbəb olan insana necə məktub yazım?! Nə yazım?! Nədən yazım?! Günahlarım imkan verməz ki... Utanıram layiqli bir ümmət olmadığım üçün...

Bir gün gül qoxulu, nur üzlü Peyğəmbərimiz (s.ə.s.) ağlayırmış... Dayanmadan, sakitləşmədən... Səhabələr gəlir Rəsuli-Əkrəmin bu halını görüb heç kim cəsarət etmir ki, nə baş verdiyini soruşsun. Fatimeyi-Zəhra (s.ə.) xanımı çağırırlar. Xanımlar xanımı gəlir... Soruşur o gül qoxulu Peyğəmbərdən (s.ə.s.) “Nə baş verib?” - deyə... Peyğəmbər (s.ə.s.) göz yaşları içində cavab verir: “Mənim ümmətimin xanımları saçlarını, bədənlərini hər kəsə göstərəcək gələcəkdə” - deyir və ağlayır... Xanımlar xanımına qoşularaq ağlayır... Hər dərdi ümmətdi, hər fikri ümmətdi onun...

Bunları eşidəndən sonra axı necə utanmayım... Saçlarımın, qollarımın açıq qaldığı hər saniyə üçün ayrı-ayrı utanıram. İlahi! Ya RƏBBİM!!! Axı mən necə səbəb olmuşam aləmlərə Rəhmət olan o insanın, yaradılışın ən üstününün mübarək göz yaşlarına...

Hələ də utancımdam ölürəm... Xəcalətimdən yerlərin ən dərin qatlarındayam... Dəfn olunan o körpə kimi... İlahi əfv et deyib susuram... Ya əfv etsən?! Bir də onun xəcalətinə bürünüb susuram... Zəhranın atası öldüyü gün bütün qızlar yetim qaldı deyib susuram... Dəfn olunan körpənin anası kimi... Hüseynin Babası öldüyü gün damarlarda dondu qanlar deyib susuram...Ya Məhəmməd!!! Ya Mustafa!!! Rəsuli-Əkrəm deyib susuram!!! Eynən son nəfəsdə “Ümmət,Ümmət” deyib susduğun kimi...


Gülbəniz Mehdiyeva
Bu yazıya 146 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.