Süd Anası (Rəda)


Sevinc Vəkilova
Bu yazıya 136 dəfə baxılıb.

Rəda sözü ərəbcə “rəda” kökündən gəlib, bir uşağın anasından süd əmməsi deməkdir. Yeni doğulan körpənin ən mühim qidası ana südüdür. İslam dini də yeni doğulan uşağın müəyyən bir müddət ana südü ilə qidalanmasına əhəmiyyət vermiş, doğma ananın hər hansı bir səbəblə uşağı əmizdirməməsi halında süd anaya verilməsini zəruri hesab etmişdir. Uşaqların başqa süd anaya verilməsi adəti cahiliyyə dövrünə qədər uzanır. Qədimdə ərəblər uşaqlarını, adətən, iki yaşına qədər süd anaya verirdilər. İslamın yarandığı dövrdə də bu adət davam etdirildi. Məkkə şəhərində doğulan Peyğəmbərimiz (s.ə.s.) də süd anaya verilmişdir. Uşağın ana südü ilə qidalanması əsas götürülməklə yanaşı, ana uşağa süd vərməyə məcbur edilə bilməz. Yalnız üç halda ana məcbur edilər: 1. Uşağın öz anasından başqasının südünü əmməməsi 2. Başqa süd ananın tapılmaması 3. Uşağın atasının olmaması, qadının da başqa süd ana tutacaq maddi imkanının olmaması. Qurani – Kərimdə uşağa süd əmizdirməyi əmr və təşviq edən ayələrlə yanaşı, əmizdirməyi nizamlayan bəzi hökmlər də vardır. Xüsusilə də evlənmə məsələsində qohumlara qadağalar qoyulmuşdu. Ayəyi kərimədə “.... süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, ögey qızlarınız ilə evlənmək sizə haram edildi” - buyurulur (Nisa 23). Peyğəmbərimiz (s.ə.s.) də “Nəsil baxımından haram olanlar, süd baxımından da haram sayılırlar” - demişdi (Müslim, Rəda, 1). Süd qohumluğunun meydana gəlməsi üçün aşağıdakı şərtlərin olması lazımdı: 1. Süd qohumluğunun meydana gəlməsi üçün körpənin içdiyi süd bir qadına aid olmalıdır. Alimlərin çoxunun fikrinə görə qadının evli və ya subay olması, yaxud ərinin olmaması nəticəni dəyişdirmir. Əgər süd başqa bir maye ilə qarışarsa süd qohumluğu meydana gəlmir. 2. Süd, içən uşağın mədəsinə çatmalıdı. Südün birbaşa anadan və ya başqa bir qabdan içilməsi nəticəni dəyişmir. Uşaq südü əmər ancaq südün uşağın mədəsinə gedib getməməsində şübhə olarsa, o zaman süd qohumluğu meydana gəlmir. Çünki şübhə ilə hökm sabit olmaz. 3. Süd mədəyə ağız və ya burun yoluyla çatarsa süd qohumluğu meydana gələr. Ancaq qulağa damladılan süd boğaz yoluyla udularsa süd qohumluğu meydana gəlməz. Çünki qulaq qidalanma orqanı deyil. 4. Süd başqa bir maye ilə qarışdırılmamalıdır. Əgər südə hər hansı başqa bir mayə qarışarsa hənəfi məzhəbinə görə süd qohumluğu meydana gəlmir. Çünki qarışan qida südün tərkibini və təsirini dəyişir. Bu gün tibb elmi də ana südünün başqa bir qida maddəsi ilə qarışdırılarkən tərkibinin dəyişəcəyi barəsində İslam alimləri ilə eyni fikri qəbul edirlər. Süd qohumluğunun meydana gəlməsində süd içən körpənin yaşı da mühümdür. Doğumdan etibarən iki il müddətində (iki yaşa qədər) uşaq başqa bir qadından hənəfi məzhəbinə görə

bir uddum da olsa süd içərsə, süd qohumluğu meydana gəlir. Çünki ayədə “Analar, uşaqlarını tam iki il əmizdirərlər” buyurulmuşdur. Hədisdə də “Süd qohumluğu yalnız iki yaşa qədər əmizdirilən südlə meydana gəlir” - buyurulur. Süd qohumluğu mütləq evlənmə maneəsi yaradır. Süd qohumları bir -birinə yad (naməhrəm) sayılmırlar. Süd ana ilə evli olan kişi süd ata sayılır. Süd atanın ölümü və ya süd anadan boşanmış olması nəticəni dəyişdirmir. Süd əmən uşağa bu süd ata ilə qan və evlilikdən meydana gələn qohumları haram (evlənmələri) sayılır. Süd ataya aid uşaqların hamısı süd əmən uşağın qardaşları sayılır. Süd əmməklə bir qohumluq yaransa da, bununla nəfəqə, miras, var-dövlət vəlayəti kimi digər hökümlər yaranmır. Bu səbəbdən süd ana süd övladından nəfəqə istəyə bilməz, onun mirasçısı ola bilməz və bu uşaq üzərində vəlayət iddası irəli sürə bilməz.


Sevinc Vəkilova
Bu yazıya 136 dəfə baxılıb.