Bardan Söhbətə


Xədicə Şahin
Bu yazıya 178 dəfə baxılıb.

Abdullah ibni Məsud (r.a.) belə deyərdi: “Gələcək hər ilin bir əvvəlkindən daha pis olmadığı əsla görülməmişdir. Mən bu sözümlə bu il digərindən daha yağışlı və ya bu il digər ildən daha bolluq olacağını nəzərdə tutmuram. Mən bununla xeyirli insanların və alimlərin aramızdan getmələrini nəzərdə tuturam”.

Abdullah ibni Məsudun (r.a.) sözünə baxdığımızda əvvəlki nəslin özündən sonra gələn nəsli tənqid etməsi normal görünür. Pedaqoqların fikrincə onlar da bir əvvəlki dövrün şagirdlərini çıraqla axtardıqlarını söyləyirlər. Hz. Əlinin (r.a.) gözəl bir sözü var: “Hər insan öz zamanının uşağıdır”. Demək ki, biz də bu zamanda doğulsaydıq bu zamanın uşağı olardıq. Yəni texnologiya əsrinin uşaqları. O zaman bu çağda yaşayan uşaqları tənqid etmək yerinə, onların xeyirli nəsil ola bilməsi üçün çalışmalıyıq.

Mən də yeni nəsli tənqid edənlərdənəm. Bu tənqidlərin nəsillər arasında uçurumu daha da dərinləşdirdiyini görüb məktəbli gənc qızlarla əqaid dərslərinə başladıq. Nəfs mənfəəti sevər. Dərsdə iştirak edənlərin sayını artırmaq üçün dərsimizdə video, yemək var deyərək reklam etdik. Quran kursunun şagirdlərinin geyiminə adət edən biri üçün ilk dərsdə tələbələrin geyim-keçimlərini görüb bir az çaşdım. Hamısı medianın verdiyi imicdə, üzlərini bağlasan görünüş olaraq aralarında heç bir fərqlilik olmayan, moda səhifələrindəki manikenlər kimi geyinmişdilər. Qəlblər Allahın əlində olduğundan ilk dərsimizdə aramızda səmimi bir sevgi meydana gəlmişdi. Dərsə davamiyyətin olmasını yoxlamaq üçün “çox məşğulsunuzsa, dərsi 15 gündə bir edə bilərik” - dediyimdə, “xeyr, hər həftə bu dərsi istəyirik” - dedilər.

İkinci həftə içlərindən bir gənc qız yoldaşına dərsə gələ bilməyəcəyini, axşam bir ad günü yığıncağı üçün barda olacağını söyləmişdi. Yoldaşı dərsə gələ bilməyəcəyini mənə bildirdiyində bar sözünü eşidəndə kədərləndim. Bara getsə də dərsə gəlməsi üçün bir şeylər etməli idim. Barda olduğu saatlarda “whatsApp”dan - “Dərsdə onu görməkdən çox xoşbəxt olduğumu, mənə dərsdə enerji verdiyini və yolunu gözləyəcəyimi” - yazdım. Elə də ümidli deyildim. Dərs saatı yaxınlaşdıqda qapının döyüldüyünü, ilk gələnin bara gedən gənc qız olduğunu görəndə çox sevindim. Sözümü yerə salmayıb gəldiyi üçün xüsusi təşəkkür etdim. Dərs başlamazdan əvvəl barda necə əyləndiyini yoldaşlarına danışırdı. Mən yanlarına gələndə yəqin ki, özünü bağışlatmaq üçün “barda yoldaşlarımın hamısı içki içdi, mənə çox təkid etmələrinə baxmayaraq, mən içkini dilimə belə vurmadım” - dedi. Bara getdiyini eşidəndə nə qədər kədərlənmişdimsə, içki içmədiyini eşidəndə bir o qədər sevindim. “Nə gözəl, elə çirkin bir mühitdə yoldaşlarına “yox” deyə bilmək içindəki iman qüvvətini göstərir” - dediyimdə gərginliyi bir az azalmışdı. Bəlkə də mənim onu danlayacağımı və ya tənqid edəcəyimi düşünmüşdü. Arxasından da “günah edilən mühitlərdə olmaq, o günahı etməsən belə Allahın sevmədiyi bir hərəkətdir” - dediyimdə, gənc qız “günahı etmədikdən sonra elə məkanlarda oturmağın yalnış olduğunu bilmirdim. Bundan sonra daha diqqətli olaram” - dedi.

Bu gənc qızımız daha sonrakı həftələrdə dərsə davamlı olaraq qatıldı. İrəliləyən həftələrdə beş vaxt namazını qıla bilməsə də, səhər namazlarını qılmadan evdən çıxmadığını eşitmək mənim üçün ən böyük mükafat oldu.

Əbu Dərda (r.a.) bir gün böyük bir günah işləmiş bir adamın yanına gəldi. Oradakılar həmin adamı söyüb təhqir edirdilər.

Əbu Dərda (r.a.) bu insanlardan soruşdu:

* Bu adam bir quyuya düşsəydi onu xilas etməzdinizmi? Onlar belə cavab verdi:

* Edərdik.

Əbu Dərda (r.a.) davam etdi:

* Elə isə qardaşınıza söyməyin. Sizləri onun vəziyyətinə düşməkdən qoruyan Allaha həmd edin!

Onlar Əbu Dərdadan (r.a.) soruşdular:

- Sən ona nifrət etmirsən?

- Mən ona deyil, onun etdiyi işə nifrət edirəm. O işdən əl çəkdiyində yenidən mənim qardaşımdır.

Hər insanın içinə düşdüyü bir günah çuxuru vardır. Bəzisi bu çuxurdan öz səyi ilə çıxarkən, bəzisi də onu qurtaracaq bir əl axtarar. Hər müsəlman günah çuxurunda vurnuxub duran insanı tənqid etmək yerinə qurtarıcı əl olmağa çalışmalıdır. Bəzən qurtarıcı əl olmaq yerinə günahkara lənət edərək qardaşımızı daha dərinlərə itələyə bilərik. Peyğəmbər (s.ə.s.) zamanında baş vermiş gözəl bir nümunə vardır:

Nuayman adında səhabə bir neçə dəfə içki içdiyi üçün hər dəfə Peyğəmbərin (s.ə.s.) hüzurunda cəzalandırılırdı. Bəzisi paltarıyla, bəzisi əlindəki ayaqqabı ilə ona vururdu. Səhabələrdən biri:

“Lənətə gəlmiş nə çox içir” - deyincə, Peyğəmbər (s.ə.s.):

“Qardaşın haqqında şeytana kömək etmə” - dedi. Başqa bir rəvayətə görə də:

“Belə demə! Çünki o, Allah və Rəsulunu sevir” - buyurdu.

Beləcə içki içən adama lənət oxumağı qadağan etdi. Lənət yerinə dua ilə kömək əlini uzatmalıyıq. Qırğızıstandakı Quran kursunda başladılan yaz kursuna şagird olaraq gələn qadınla etdiyimiz söhbətdə “illərdir yoldaşıma duadan başqa edə biləcəyim bir şey qalmadı” - dedi. Səbəbini soruşduqda, “Yoldaşım 36 ildir namaz qılır, həccə və ümrəyə getdi, orucunu heç axsatmaz, amma şalımın (Orta Asiyada yaşı irəliləmiş bəy üçün istifadə edilən sözdür) bir qüsuru var. Namaz qıldığı, həccə, ümrəyə getdiyi halda içkini tərgidə bilmir. Bu əməli tərk etməsi üçün özü də biz də nələr etmədik?!... Yoldaşım “bu xəstəlikdir, asılılıqdır, heç cür tərk edə bilmirəm” - deyir. “Rəbbimə yoldaşımın bu günahı tərk etməsi üçün namazlarımda gözyaşlarımla dua edirəm” - deyirdi. Dərdinin böyüklüyünü üzündəki hüzn izah etməyə kifayət edirdi.

İçki və namaz, içki və həcc bir-birinə nə qədər zidd əməllərdir, deyilmi? Ya da bar və söhbət. Eşidəndə ilk anda “necə ola bilir?” - deyə fikirləşirik. Amma namazla dedi-qodunu, orucla yalanı, həclə aldatmağı rahatlıqla yan-yana gətirə bilirik. Bunlar artıq həyatımızın hər anında olduğu üçün normal qəbul etdiyimiz günahlar halına gəldi. İnsan davamlı gördüyü bir işi böyük günah olsa belə, bir müddət sonra ona reaksiya vermir. Onun üçün bu günah normal bir hadisə kimi görünür. Media əxlaqsızlıqları, günahları illərlə damla-damla cəmiyyətə yedirilərək normallaşdırılmışdır. Yalanın adına çəhrayı yalan, qeybətə kiçik dedi-qodular deyərək dinən böyük günahların kiçildilməsinə səbəb olmuşlar.

Fizikada boşluq yoxdur. Tənqid edərək özümüzdən uzaqlaşdırdığımız yeni nəsli, media hiylələrlə özünə bağlamağı çox gözəl bacarmışdır. Bitib - tükənməyən nəsihətlərimizin yerinə sevgi maqniti ilə yaxınlaşaraq açılan boşluqları bağlamaq bizim əlimizdədir. Biz körpünün bir ayağı, gənclər digər ayağıdır. Körpü birləşsin deyə yerimizdə gözləmək yerinə digər ayağın yanına gedərək körpüləri birləşdirmək duası ilə ....


Xədicə Şahin
Bu yazıya 178 dəfə baxılıb.