Qərib yolçuluqdan Meraca yüksəliş


Nahidə Mürüdova
Bu yazıya 113 dəfə baxılıb.

     

İnsan bir yolçudur. Ruhlar aləmindən başlayan yolçuluğumuz dünya həyatına, dünya həyatından qəbir aləminə, qəbir aləmindən də sonu cənnət və ya cəhənnəmə açılan aləmlərə yolçuluqdur. Yolçunun istirahəti mənzilinə çatınca başlayar. Əlbəttə, yolçu olanın məşəqqəti, çətinliyi çox olar. Ancaq bu çətinliklər səfərlə birlikdə bitəcəkdir. Həqiqi yolçular mənzilinə çatınca rahat olacaqlar.

Həyatı qazanmağın və itirməyin sirri yolçuluqdadır. Peyğəmbərlərin sərvəri Muhamməd Mustafa (s.ə.s.) bu mövzuya işıq tutur: “Mən dünyada bir ağac altında kölgələnib sonra yoluna davam edən yolçu kimiyəm” – buyuraraq 63 illik həyatında bəşər taqətinin güc yetirə bilməyəcəyi sonsuz sıxıntı, iztirab və çətinliklərə sinə gəlməklə yanaşı, heç bir zaman ümidsizliyə düşməmiş, hər zaman Rəbbinə sığınaraq Allahın təqdirinə razı olmuşdur. Məhz buna görə də heç bir bəşərin çata bilməyəcəyi dərəcələrə çatmış, mənəviyyat səmasının heç sönməyən günəşi olmuşdur. Təsadüfi deyildir ki, peyğəmbərliyin ən ağır illərindən olan 10-cu ili onun yaşadığı üst-üstə ağır imtahanlardan sonra Rəbbi tərəfindən mükafatlandırılaraq həm ilk, həm də son olaraq göyə yüksəldilmiş və heç kimə nəsib olmayan sirli aləmlərlə tanış olmuşdur. Bəli, Merac Peyğəmbərin yüksəliş möcüzəsidir. Sıxıntı və iptilalardan sonra yolçuluğunu Rəbbinin hüzuruna çıxaraq davam etməsidir.

Peyğəmbərliyin 11-ci ili, hicrətdən 19 ay əvvəl, Rəcəb ayının 27-ci gecəsi fanilərin üz çevirib incitdiyi Rəsulunu Allah özü mükafatlandıraraq könlünü aldı. Şərəfli Peyğəmbərin (s.ə.s.) yükü və hüznü o qədər ağır idi ki, Onu ancaq Aləmlərin Rəbbi təsəlli edə bilərdi. Allahın salamı ilə gələn Cəbrayıl (ə.s.), Peyğəmbəri (s.ə.s.) göyün dərin qatlarına yüksəltdi. Ta Sidrətul Muntəhaya... Yəni mələklərin belə yüksələ bilmədiyi şərəfli məqama...

Mələklər aləmini, Peyğəmbərləri, cənnəti, cəhənnəmi, Sıratı, Kövsəri, qiyamətə aid bildiyimiz, bilmədiyimiz bir çox aləmi görən Peyğəmbərimiz Muhamməd Mustafa (s.ə.s.) geri qayıdarkən Meracdan ilahi hədiyyələrlə gəldi, ümmətini müjdələdi:

- Bizlər üçün merac olan (Allaha yüksəliş) göz nurumuz namazla...

- Bəqərə surəsinin son ayələri ilə...

- Şirkə düşməyən hər kəsin bağışlanma müjdəsi ilə ümmətini də sevincinə ortaq etmişdir.

Merac gecəsini dəyərləndirmək bizlər üçün də böyük fürsətdir. Meracın Peyğəmbər (s.ə.s.) sünnəti ilə irəliləməyə çalışan qərib yolçuların mənəvi yüksəliş vəsiləsi olması ümidi ilə...

“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə)

aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (İsra surəsi,1)


Nahidə Mürüdova
Bu yazıya 113 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.