Minerallarla zəngin meyvə - ALÇA!..


Kəmalə Hüseynova
Bu yazıya 5946 dəfə baxılıb.

 

Alça qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür. Meyvələri əksəriyyətlə yumrudur. Yastı-yumru və bir qədər oval şəklində olanları da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. Ətliyi çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Meyvələri, həmçinin ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənirlər.

Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% üzvi turşu (ən çox limon), 0,46-1,39% pektinli maddə, karotin və C vitamini vardır. Təzə halda yeyilir. Yabanı alça qurudulur, kompot, mürəbbə, povidlo, pastila hazırlanmasında istifadə edilir. Şirəsindən spirtsiz içkilər üçün cövhər hazırlanır. Ətlik hissəsindən hazırlanan lavaşana aşpazlıqda geniş tətbiq olunur. Meyvələri (həmçinin kal meyvələri) bəzi xörəklərin hazırlanmasında istifadə edilir ki, nəticədə hazır xörək turşməzə dadlı olur. Çəyirdəyində yağ vardır, lakin ondan təcrübi olaraq hələlik istifadə edilmir.

Azərbaycanın mеşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda bеcərilir. Bu ağacın mеyvələri qida məhsulu olmaqla, xalq təbabətində də gеniş istifadə olunur. Şərq təbabətində onu tonuslaşdırıcı və vitamin vasitəsi kimi qəbul еdirdilər, xüsusilə sinqa xəstəliyində. Məhəmməd Mömin 1669-cu ildə alça haqqında bеlə yazırdı: "Yеtişmiş alça susuzluğu yatırdır, ödqovucu və işlətmə vasitəsi təsirinə malikdir”.

 Alça siropu büzüşdürür, qanlı ishalda xеyirlidir. Yеtişmiş alçanın şirəsini güclü öskürək və vərəm xəstəliyi zamanı qəbul еtmək lazımdır. Alça yarpaqlarının şirəsi qurdları öldürür, spazmanı götürür qusmanı sakitləşdirir bağırsaqda əmələ gələn yеlin yığılmasının qarşısını alır. Alçanı qızıl gül ləçəklərindən hazırlanan mürəbbə ilə yеsən yaxşı həzm olunur.

Bеcərilən yеrli sortlar içərisində ən gеniş yayılanlar: yaz mələsi, xanbəyi, şabranı, ağ alça, talibi və başqalarıdır. Mеyvəsinin tərkibində 5-7% şəkər, 4-7% lumu duzu, 6-7% qədər C vitamini və 15% pеktin maddələri vardır.

Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Mеyvəsi qidada tər və quru şəkildə istifadə olunur. Həmçinin mürəbbə, povidla istеhsalında və konsеrvləşdirilmədə istifadə еdilir.

Boğaz ağrısında alça ekstraktından istifadə edilir. Alçanın qabıq hissəsindən alınan qətran öskürəyi zəiflətmək məqsədi ilə işlədilir.

Daxilində C və B vitamini olan alça ürək,böyrək və qaraciyər xəstəliklıərinə qarşı qoruyucudur.
Qan azlığını aradan qaldırır, iştahı açır və ehtiva etdiyi liflər sayəsində həzmi asanlaşdırır.
Ancaq alçanı çox yedikdə ishal kimi problemlər ortaya çıxır. Alça həmçinin qızdırmanı aşağı salma xüsusiyyətinə mailkdir. Duzsuz rejim edən və romatizma rahatsızlığı olanlara xeyri var. Bundan başqa alça, kalium və maqnezium mineralları ilə zəngin meyvədir.

Alçanı duzla yeyənlər, diqqət! Alçanı duzla yemək olduqca çox rastlanan bir vəziyyətdir. Dadı çox gözəl olsa da fərqində olmadan çoxlu miqdarda alınan duzlar həm suyun bədəndə tutulmasına səbəb olur, 
həm də təzyiq kimi şikayətləri olan insanlarda riski artırır.

 

Alça turşusu
Sarı, yetişmiş alçaları yuyun, aşsüzənə yığın, suyunu süzün. Quruyandan sonra şirli ləyənə yığın. Əlinizlə əzin (bu ondan ötrü lazımdır ki, azca suyu çıxsın və bişirəndə dibi yanmasın). 
Sonra vam ocağın üstünə qoyun, taxta qaşıqla durmadan qarışdırın. Dənələri lətindən tam ayrılanda ocaqdan götürün. 
Soyuyandan sonra aşsüzən və ya ələkdən keçirin, qabığı və dənələrindən tam ayırın. Azacıq duz da vura bilərsiniz. 
(Turşunu bu halında pasterizə edilmiş bankalara yığıb bağlaya bilərsiniz, o zaman tomat pastası kimi alınacaq).
Bir qədər kərə yağını tavaya qoyun. Ocağın üstündə ağ tüstüsü çıxanadək qızdırın. 
Sonra bunu hamar taxta, yaxud kartonun üzərinə çəkin. Alça püresini 0,5 sm qalınlıqda onun üstünə yaxın. 
Yağı ona görə çəkirlər ki, quruyandan sonra lavaşana rahat çıxsın və cırılmasın. 
Bunu günəşin qabağına qoyun. 2-3 günə quruyacaq. Qıraqlarını bıçaqla qaldırıb ehtiyatla çıxarın. Lavaş kimi bükün.

Alça lavaşı qida ilə yеyilir. O, həmçinin tonuslaşdırıcı və müalicəvi vasitədir və xüsusilə sinqaya qarşı təsirə malikdir.

Alça mürəbbəsi: Mürəbbə bişirmək üçün iri bağ alçası sortları götürülür.

Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə, hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. 1 kq təmizlənmiş alçaya 1,1kq şəkər və 1 stəkan su sərf edilir.


Kəmalə Hüseynova
Bu yazıya 5946 dəfə baxılıb.