Seçim azadlığı olan insanlar yetişdirin!


Gülnarə Seyidova
Bu yazıya 170 dəfə baxılıb.

İnsanlar nə üçün “marka”ya üstünlük verirlər?

Göstəriş üçün?

Varlıyam düşüncəsini yaratmaq üçün?

Keyfiyyət üçün? Fərdlərdən asılı olaraq bu sualların cavabı fərqlidir.

Bir tətəfdə zənginlik, fərqlilik, alternatiflər, lüks həyat varkən, digər tərəfdə isə ciddi bir laqeydlik, biganəlik və yalnızlıq yaşanır. Toplumda gedərək artan maddi təminatın insanların üzərindəki təzyiqi, psixoloji narahatlıqlara səbəb olur. Yəni zənginlər doymaq bilməyən nəfsləri ilə, yoxsullar isə doyura bilmədikləri qarınları ilə narahatlıq içindədirlər.

Uşaqlıq illərimi xatırlayıram. Sovet dönəmində bütün dükünlara eyni model paltarlar gətirilirdi. Hər kəs eyni geyinirdi. Nadir halda insanlarda fərqli geyim görmək mümkün idi. O da kiminsə qohumu, tanışı xaricə gedə bilərdisə o alıb gətirərdi. Heç kim mən fərqli geyinməliyəm, marka geyinməliyəm, bu çanta bu ayaqqabıya uymur deyə özünə dərd etmirdi. Mən Sovet dövrünün bizim üçün çox gözəl olduğunu deyə bilmərəm. Amma geyim mövzusunda insanlar daha rahat və hüzurlu idilər. Hazırda kreditə paltar alıb, aylarla onun ödəməsini edənləri görəndə həqiqətən insan üzülür. Təsəvvür edin, bir paltar alınır, geyinilir, bəlkə də köhnəldiyi üçün atılır. Amma paltarın krediti hələ də bitməyib, ödənilir. Belə halda insan güləcəyini ya ağlayacağını dəqiqləşdirə bilmir. Görəsən insanlar öz nəfslərinə sahib çıxa bilmirlərmi? İmkanın nəyə çatır onu geyin, özünü rahat hiss edəcəyin tərzdə geyin! Axı insan nə üçün özünü başqalarına bəyəndirməyə çalışmalıdır? Bir psixoloq yoldaşımızla bu mövzuda müzakirə apararkən bu problemin insanlarda mövcud olan özgüvən probleminin olması ilə əlaqədar olduğunu söyləyirdi. Özgüvəni olmayan insanlar dəbdəbəli, cazibəli geyimlərlə özünü insanlara qəbul etdirməyə çalışırlar. Həqiqətən çox məntiqlidir. Təbii ki, insan keyfiyyətli, səliqəli geyinməlidir, xarici görünüşünə diqqət etməlidir. Lakin hər bir mövzuda olduğu kimi geyim-keçimdə də insanlar həddi aşıb israfa yol verdiklərində xoşa gəlməz mənzərələr yaranır.

Marka aludəçiliyi nədir?

İnsanların alış-verişdəki davranış və “ancaq marka” seçimi müasir insanın özünə və həyatına dəyər qazandırması kimi anlaşılır. Aldıkları malın öz həyatlarına təsir edə biləcəyini düşünərək “marka mallarına” üstünlük verirlər. Zamanla marka məhsullarını satın alma vərdiş halına gələ bilər. İnsanların marka mallarına üstünlük verməsinə təsir edən bir sıra

səbəblər ola bilər. Fərqli başlıqlarda nəzər yetirsək ailə, çevrə və medianın bu mövzuda çox təsirli olduğunu görə bilərik.

Ailələrin təsiri marka aludəçiliyinə yol aça bilər

İnsanın həyatından, doğumundan əvvəl başlayan və həyatının sonuna qədər təsirini davam etdirən bir qurum olaraq ailə, fizioloji olduğu qədər maddi, mədəni və ictimai yönləri ilə də ruhi inkişafını, davranışlarını şəkilləndirib yönləndirir.

Ailələrin sərbəst vəya sərt qanunları, insanların kiçik yaşda marka məhsullarına üstünlük verməsinə şərait yaradır. Övladlarını güvənlə yetişdirən ailələr onların fikirlərini, istəklərinə önəm verərkən, sərt qanunların olduğu ailələr isə övladlarına özlərini ifadə etmə imkanı verməzlər.

Bu şəkildə büyüyən uşaqlar, gələcəkdə mədəni və sosial çatışmazlıqları təmin etmək üçün marka məhsullarına üstünlük verə bilərlər və bu şəkildə toplumda yer tutmağa çalışarlar.

Uşaqlar yeniyetməlik dönəmindən etibarən özlərini topluma və çevrəyə, qəbul etdirməyə çalışırlar. Bu dönəmdə istifadə etdikləri bahalı marka geyim, telefon, kompyuter və başqa məhsullar onların çevrədə daha təsirli olduqları fikrinə yol açar və marka aludəçiliyinə səbəb olar.

Çevrə və reklamların insana psixoloji təsiri ola bilər

İnsanlar öz istəklərini göz ardı edərək çevrədən əldə etdikləri məlumatlarla qərarlarını verə bilərlər. Markaların satışı artırmaq üçün etdikləri reklamlar, insanları yönləndirir. Onlar, məhsullarının həqiqi keyfiyyətini təqdim etmək yerinə, sanki insana yeni bir həyat təqdim edərcəsinə tanıtmaları insanı bu malı almağa məcbur edə bilər. Digər faktor olan çevrə də insanların seçimlərində çox təsirlidir. Çevrəsindəki iş yoldaşlarının, yaxın dostlarının istifadə etdiyi bir sıra marka nümunələri də psixoloji olaraq insan üzərində bir təzyiq yarada bilər.

Burada məqsəd həm o çevrədə təsirli ola bilmək və inkişaf edən dünyaya ayaq uydurmağa çalışmaqdır.

Seçim azadlığı olan insanlar yetişdirin

Ailə hələ uşaqlıq dövründən başlayaraq qarşısındakı insana dəyər verib, hörmət göstərməlidir. Uşaqların özünə olan güvənlərinin sağlam şəkildə formalaşması üçün çalışmalıdır. Bu şəkildə yetişən bir uşağın, özünü dəyərli hiss etməsi üçün bahalı markalara ehtiyacı olmaz. Toplumda

yer qazanmaq üçün markaya üstünlük vermək yerinə seçim qabiliyyətindən istifadə edən fərdlər yetişdirin.


Gülnarə Seyidova
Bu yazıya 170 dəfə baxılıb.