Moda qasırğası


Xədicə Şahin
Bu yazıya 239 dəfə baxılıb.

Gənc qızlarla həftədə bir dəfə söhbətdə görüşürük. Söhbətdə aktual mövzuları dini mövzularla əlaqələndirib gənclərə təqdim etməyə çalışıram. Bir söhbətimizdə yeməklərin insan bədəninə olan təsirini müzakirə edirdik. Gənclər yedikləri yeməklərin zərərlərini bildikləri halda hazır qidalardan o qədər asılı vəziyyyətə düşüblər ki, zarafatyana "nə olar qazlı içkilərin, fast foodun zərərlərindən bəhs etməyin" - deyə mənə yalvarırdılar. Nə qədər həqiqətləri eşitmək istəməsələr də hamısının zərərlərindən bəhs etdim, yaxşı bəs bu qidalardan imtina etmələrinə müvəffəq ola bildimmi? Təbii ki, xeyr. Müvəffəqiyyətli ola bilmək üçün uşaqlıqlarından etibarən hazırda mövcud olan reklam şirkətlərinin etdikləri kimi şüuraltı reklamlarla, zehinlərinə təsir etməli idim. Bu qədər zəhərlənən beyin bir-iki söhbətlə düzələ bilərmi?

Gənclərin çoxu ət və süd məhsullarını sevmədiklərini, ağızlarına belə vurmadıqlarını dedilər. Ət olaraq yalnız qamburgerin içərisindəki kotleti, süd məhsulları olaraq isə marketdə satılan meyvəli yoğurtları yeyə bildiklərini söylədilər. Evdə hazırlanan yeməkləri yeyə bilmir, lakin hazır olan qidaları iştahla yeyirdilər. Psixoloqlar bir problemi araşdırarkən uşaqlıq illərinə qədər enirlər. Mən də uşaqlıqda nələr yediklərini soruşdum, çoxu “balaca olanda hər gün beş-altı dənə meyvəli yoğurt, hazır qidalar yeyərdik” - dedi. Reklam beyinlərinə, yedikləri qidalar da ağız dadlarına təsir edib.

Rəqəmsal dövr vizuallığı ön plana çıxarır. Vizuallıq isə insanın fikrinə, ürəyinə təsir etməyi çox gözəl bacarır. Bunu bir nümunə ilə açıqlayaq - 1980-ci illərin sonlarında Türkiyə də açılan beynəlxalq pizza şirkətlərinin məhsulları satılmamışdı. Bir çox şirkət bağlanaraq ölkəni tərk etmişdi. Bəs şirkətlər bununla razılaşıb əl çəkdimi? Xeyr. Özəl bir telekanala çox ucuz qiymətə cizgi filmi satdılar. O cizgi filmini izləyərək böyüyən uşaqlar analarından ənənəvi olan lahmacun, pidə kimi qidalar istəmədilər. Yaxşı bəs onun yerinə nə istədilər? Pizza. Yəqin ki həmin cizgi filmini hər kəs xatırlayır. Ninca Turtles, yəni Ninca Tısbağalar. Orada Ninca Turtles baş qəhrəmanlardır. Etdikləri qəhrəmanlıqları da pizza ilə qeyd edirdilər. Bunu izləyən uşaqların beyninə nə yeridi? Pizza qəhrəmanların yeməyidir. Lahmacun və pidə isə adi insanların. Ninca Tısbağalardan sonra bütün dünyada pizza satışları dəfələrlə artmağa başladı.

Media yalnız süfrələrimizi dəyişdirmədi. Geyim tərzimizdən, toylarımıza, şənliklərimizə, gəzdiyimiz yerlərə qədər bir tərz meydana çıxardı. Bu tərzi Türkiyənin ən ucqar kəndində yaşayan birindən, dünyanın ən kasıb yerinə, ən inkişaf etmiş ölkələrdə yaşayan insanlara qədər hər kəs mənimsədi. Məqsəd tək insan tipi meydana gətirmək idi. Hədəflərində müvəffəqiyyətli oldular.

Qırğızıstanda olan Bişkek qız Quran kursunun iki illik tələbələrini bir yerə yığmaq məqsədilə seminar təşkil etmişdik. Seminar olan zalda oturarkən gələnlərə baxırdım. Yaşıd olan on-on iki gənc qız qara, qalın çərçivəli eynəklərlə zala daxil oldular. Diqqətimizi cəlb etdi, “Hamısı eyni cür eynək taxıb. Nə qəribədir.” - dedik. Müəllimələri onlardan bunun səbəbini soruşduqda “Gözlərimizdə problem yoxdur, artıq belə eynək taxmaq dəbdədir. Ona görə biz də eynək

istifadə edirik” - demişdilər. Bundan əvvəlki nəslin gənclərinə həkim eynək istifadə etmək lazımdır deyəndə, ağlayardılar – “Mən indi necə eynək taxacam, hamı mənə dörd göz deyəcək”. Əvvəllər lağ olunan hərəkətlər indi moda adıyla gənclərin arasında yayılır.

O zaman ki elektron cihazlar evlərimizə girdi, qərbdən əsən moda axını da evlərimizi və könüllərimizi təsiri altına aldı.

“İnternet bizi axmaqmı edir?” adlı kitabın bir hissəsində yazıçı "Media etmək istədiyini (faydalı və ya zərərli olmasından asılı olmayaraq) sinir sisteminə edir. İzlənilən proqramlar tamaşaçını ya ovsunlayır, ya da narahat edir. Tərkibinə baxıb tənqidi düşündürmür. " - deyir. Moda da insanı düşünməyən bir hala salır. Bəzən söhbətə gələn gənclər o qədər fərqli şeylər geyirlər ki, gülməmək mümkün deyil. Qolları, ətəyi cırılaraq kəsilmiş köynəklər (köynək köhnəldiyi üçün anası qollarını kəsib "qızım gey bunu" desə, anasının üzünə necə baxardı, amma məşhur bir markanın etiketi qoyulanda modadır deyib geyinir), cırıq cins şalvarlar, əvvəllər yeri silmək üçün istifadə etdiyimiz köynəklər.... Moda cırıq, rəngi solmuş paltarı da geydirir. Həqiqətən insanlar ələ salınır.

Bir də gənclər arasında “in, out” məkanlar, kafelər var. Gənc nəsillə ünsiyyətə olmağın da belə faydaları olur. Aktual mövzuları izləyə bilirsən. Gənclərin getdiyi kafelər musiqili, tünd rənglərlə, qəribə dizayn edilmiş məkanlardır. Eyni zamanda Bişkekdə içki olmayan kafe də tapa bilməzsiniz. Gənclər bu məkanlara getdiklərini söyləyirlər. “Qızlar içki içilən məkanda olmağınız Allahın lənətini üzərinizə çəkər." - dedim. Gənclər - "Axı Bişkekdə içkisiz məkan yoxdur." - dedilər. Mən də - “Bir dənə restoran var, ora həm etibarlı, həm də içkisizdir” - dedim. Üzlərini büzüb "Ora?" - deyib güldülər. Yeniyetmə olsam bu hərəkətlərinə görə kompleksə düşərdim. Mən də "Nə olub ki o restorana?" - dedim. "Ora yaşlıların yeridir, bizim nə işimiz var orda?" - dedilər. Moda günah işlənən məkanları "in", halal məhsullar satılan məkanları isə "out" edə bilirmiş.

Alış-veriş mərkəzlərində olan mağazaları gəzərkən diqqətimi bir şey çəkdi. Hər mağazada divardan asılı olan televizorlar həmişə yanıq olurdu və ard-arda moda şoular təqdim edilirdi. Səbəbini araştırdıqda gördüm ki, moda insanları daim alçaldır. “Şoudakı manikenlər kimi baxımlı və arıq deyilsən” mesajını verərək, izləyən qadınların özlərini əskik hiss etməsinə səbəb olur. "Əgər özünü xoşbəxt hiss etmək istəyirsənsə alış-veriş et!" - deyə psixoloji təsir edir. Əli Uralın “Yanğın nərdivanı” adlı kitabında belə bir hissə var – “Mağazaya girəndə jaketimin köhnəldiyini görürəm. Şalvarımın rəngi birdən-birə solur, ayaqqabılarım da su keçirməyə başlayır”. “Bu uydurmalara, bu israfa nə pul dözər, nə də can!”

Moda axını artıq axından daha çox pul qablarımızı, evlərimizi, könüllərimizi uçuran qasırğaya çevrilib. Küləyin yarpaqları sovurduğu kimi imanımızı silib-süpürüb. Moda axınına qarşı ayaqlarını dirəyən ana-ataların övladlar ilə əlaqələri də fırtınadan sonra ətrafın darmadağın olması kimi dağılıb. Yaxşı bəs geriyə yol varmı? Bu yola çıxdıqdan sonra, geridönüş mümkünsüz görünür. Elə isə bu yolu az qəza ilə tamamlayanlara salam olsun ...


Xədicə Şahin
Bu yazıya 239 dəfə baxılıb.