Hər ayı Ramazan kimi yaşayaq...


Fatimə Zəhra
Bu yazıya 239 dəfə baxılıb.

Cənabı-Haqq mübarək günləri və xüsusilə Ramazanı-Şərifi, qulluq həyatımıza nəzər salaraq əskiklərimizi düzəldə bilməyimiz, yaxşı əməllərimizi daha da artırmağımız üçün xüsusi fürsətlər olaraq lütf etmişdir. Bu kimi ruhani fürsət dəmlərində gündüzləri orucla, Quran tilavətiylə, xeyriyyəçiliklə; gecələri də təhəccüd, təfəkkür, zikr, şükür, dua və istiğfarla keçirməyimizə böyük əcrlər vəd etmişdir.

Əslində bu kimi zamanlara verilən ilahi təşviqlər, Haqq-Təalanın ömrümüz boyunca yaşamağımızı əmr etdiyi məqbul bir ibadət həyatının təməlini təşkil edəcək mahiyyətdədir.

O mübarək zamanlarda qazanılan ibadət vəcdini və yüksək qulluq keyfiyyətini bütün bir ilə yaya bilmək üçün mənəvi bir təlimdir. Ramazani-şərifdə mövcud olan ibadət iqlimi və əldə edilən qulluq kamilliyi, əkilən bir toxum kimidir. Bu toxumun tutub tutmadığı ilin digər aylarında cücərərək, yarpaqlayıb çiçəklənərək və meyvələr verərək özünü göstərəcək. Yəni Ramazanda qazandığımız gözəl xüsusiyyətləri və qəlbi yetkinliyi, Ramazandan sonra nə qədər davam etdirə bilməyimiz, o ibadətlərimizin Haqq qatındakı məqbul olma səviyyəsini göstərir.

Beləliklə, tutduğumuz orucların, qıldığımız təravihlərin, verdiyimiz fitrə, zəkat və sədəqələrin, oxuduğumuz Qurani-Kərimin Haqq qatında məqbul olub-olmadığını anlamaq üçün, bunların Ramazandan sonrakı halımız üzərindəki əks olunmalarına diqqətlə baxmalıyıq:

Oruclar və sədəqələr, bizi təqvaya, şəfqət və mərhəmətə, vicdan həssaslığına qovuşdurmalı ikən, əgər bu hisslər qəlblərimizdə kifayət qədər inkişaf etməmiş və ruhumuz incəlməmişsə, orucu kamil mənada tuta bilməmiş, sədəqəni ədəbinə riayət edərək verə bilməmişiksə, bu ibadətlərdən almağımız lazım olan dərsi ala bilməmişik deməkdir.

Məqbul bir namaz, insanı pisliklərdən çəkindirər. Beş vaxt fərz namaz və onlara əlavə olaraq qıldığımız nafilə namazların qəbul olub-olmadığını anlamaq istəyiriksə, yaşayışımızda günahlardan nə qədər uzaq qala bildiyimizə baxmaq kifayətdir.

Cənabı-Haqqı layiqi ilə zikr edə bilənlərə, nəfs və şeytanın yoldan çıxarmaları zərər verə bilməz. Çünki zikrullah bu iki düşmana qarşı insanı möhkəm bir qala kimi qoruyur. Ayəyi-kərimədə, şeytanın nəfsaniyyəti təhrik edərək insanları qəflətə sürükləyəcəyi və onların mallarına və övladlarına ortaq olacağı bəyan edilir (Baxın: Əl-İsra, 64). O halda nəfs və şeytandan nə qədər qoruna bildiyimizi anlamaq üçün hal və davranışlarımızı, bəşəri münasibətimizi, ailə həyatımızı, övladlarımıza necə bir tərbiyə verdiyimizi, iqtisadi həyatımızı və s. daima gözdən keçirməliyik. Nəfs və şeytanın bunlar üzərində bir hissəsi olub-olmadığını təfəkkür etməliyik.

Yenə Ramazani-Şərif ərzində sahurlar vəsiləsi ilə bir növ səhərlərdən feyz alma təlimi görmüş oluruq. Ramazandan sonrakı gecələrdə də Rəbbə xüsusi bir yaxınlıq vəsiləsi olan, Allah məhəbbəti və qorxusu ilə göz yaşı tökülən, əfvin qəbul olduğu, ruhani təkamülün artdığı o qiymətli vaxtları; təhəccüd, zikr, istiğfar və dua ilə əhya etməyə səy göstərmək lazımdır.

Haqq dostlarından Bişri Xafi həzrətlərinin ibadət səyini əks etdirən bu misal nə qədər də ibrətlidir:

Bir kimsə Bişri Xafinin yanına gələrək:

"-Gecənin bir saatını da olsa istirahət edin" - dedi. O isə belə cavab verdi:

"Allah-Təalanın keçmiş və gələcək bütün günahlarını bağışladığı Rəsulullah gecələri mübarək ayaqları şişənə qədər ibadət etdikləri halda, mən necə yata bilərəm?! Çünki mən bir tək günahımın belə Allah-Təala tərəfindən bağışlanmış olduğunu bilmirəm! .."

Peyğəmbərimiz ən məşəqqətli zamanlarda və hətta səfərlərdə belə təhəccüd namazını tərk etməmiş, böyük bir etina ilə ona davam etmişdir. Ümməti-Muhamməd olaraq bizim Ramazandan sonrakı səhərlərə də göstərəcəyimiz əlaqə, “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96) hədisi-şərifinin gərəyi olaraq, Rəsulullaha olan məhəbətimizin gözəl ifadələrindən biri olacaq.

Xülasə, Ramazani-Şərif qulu gözəl əxlaqa, saleh əməllərə və fəzilət dolu bir həyata hazırlayır. Bizim Ramazandan gerçəkdən istifadə edə bildiyimizin dəlili, Ramazandan sonrakı həyatımızın, Ramazandan əvvəlkinə görə rizayi-ilahiyə daha müvafıq olmasıdır.

Unutmamaq lazımdır ki, müsəlmanlıq, müəyyən zamanlara xas bir mərasim deyil, ömürlük bir təqva həyatıdır. Ramazani-şərifdən sonra ibadət həyatımız xüsusunda tənbəlliyə qapılmamaq, o ayda qazanılan gözəl xüsusiyyətləri və mənəvi xatirələri unutmamaq, xalisanə niyyət və əməlləri tərk etməmək və beləcə Ramazanın ruhaniyyətini mühafizə edərək bir dahakı Ramazana eyni könül feyziylə çata bilmək lazımdır. Bu şəkildə bütün bir ömrü Ramazan ruhaniyyəti içində keçirmək lazımdır.

Necə ki, Ramazan bayramı bitər bitməz dərhal altı günlük Şəvval oruclarının müstəhəb qılınması, bir tərəfdən bədəni addım-addım normal nizama salmağa vəsilə olarkən, əsas olaraq Ramazandakı oruc ruhaniyyətini nafilələrlə davam etdirmənin bir təlqinidir. Gücü yetənlər üçün Qəməri ayların on üç, on dörd və on beşinci günləri ilə həftənin Bazar ertəsi və Cümə axşamı günləri oruc tutmaq da belədir.

Yenə unutmamalıyıq ki, ilahi rəhmət hər an təcəlli halındadır. Mühüm olan o rəhmətə çatdıracaq vəsilənin axtarışında ola bilməkdir. O cümlədən nafilə oruclara davam etmənin

yanında, sonsuz bir infaq həyəcanıyla fağır-füqəranın könlünü alaraq ürəyimizdəki mərhəmət duyğularını canlı tuta bilmək, sədəqə, zəkat və xeyirlərlə qəriblərin, yetimlərin, möhtacların yanında olmaq, bir xəstəni ziyarət edib iztirabını yüngülləşdirmək, cənazəyə qatılmaq, ümmətin dərdləri ilə dərdlənib Allah üçün fədakarlıq və xidmət etmək, həmişə ilahi rəhməti tüğyan etdirən müstəsna gözəlliklərdir.

Yenə rızayi-ilahinin arayışı içində olunduğu təqdirdə, kişilər üçün, xüsusilə camaatla namaza qatılmaq da bir rəhmət vəsiləsidir. Nə zaman olursa olsun, qəlb və bədən ahəngi içində icra edilən bütün ibadətlər, Cənabı-Haqq ilə bərabərlik anlarıdır. Mərifətullaha vəsilə olan elm, irfan, zikir və söhbət məclisləri də könlün ilahi hüzur ilə dolduğu anlardır.

Ramazandaki ibadət vəcdini həyat boyu səbir və sabitlik ilə davam etdirib Quran və Sünnəni həyatımızın hər səhifəsinə əks etdirməyə müvəffəq ola bilsək, Cənabı-Haqq, bu hədisi- qüdsinin möhtəvasına girməyi, inşallah, bizlərə də lütf edər:

“…Qulum ona fərz qıldığım əməllərdən daha sevimli hər hansı bir şeylə mənə yaxınlaşa bilməz. Qulum Mənə (fərzlərə əlavə olaraq etdiyi) nafilə ibadətlərlə dayanmadan yaxınlaşar, nəhayət, Mən onu sevərəm. Qulumu sevincə də sanki Mən onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram…” (Buxari, Riqaq, 38)

Xülasə, qulluq vəzifələri barəsində sırf müəyyən dövrlərdə deyil, hər zaman çalışqan olmaq lazımdır. Acizlik, tənbəllik, laqeydlik və qazanılan ibadət vəcdini itirməkdən çəkinmək lazımdır.

Yenə “Peyğəmbərimizin ən çox sevdiyi ibadət, səhabənin etdiyi ibadət idi” (Buxari, İman, 32, Təhəccüd, 18). Demək ki, Quran təbiri ilə “İpliyini möhkəm əyirdikdən sonra (onu) açıb sökən biri kimi olmayın” (ən-Nəhl, 92) təlimatına ibadət hayatımızda da daim diqqət etmək məcburiyyətindəyik.


Fatimə Zəhra
Bu yazıya 239 dəfə baxılıb.