İnsanı həlak edən ən ağır kəlimə


Samirə Mahmudova
Bu yazıya 121 dəfə baxılıb.

Həyat öz axarında davam edərkən insanlar hər gələn günlərinin keçən günlərindən daha çətin olduğunun fərqindədirlər. Qloballaşan dünyanın əksər ölkələrində gedərək cətinləşən həyat şərtləri, tez-tez baş verən iqtisadi böhranlar, milli - mənəvi dəyərlərin yerini səssizcə qərb ideologiyalarına təslim etməsi insanları yavaş-yavaş öz adət-ənənələrindən, kimliyindən uzaqlaşdırır. Dininə, mənəvi dəyərlərinə baglı olan bir nəslin övladları, öz ata-babalarının yolunu unudub dünyada müvəqqəti məşhurluq əldə edən və əksər hallarda da heç bir dəyərlərə sahib olmayan insanları öz idealları olaraq görüb onların izində getməyin canfəşanlığı içindədirlər. Bol pul qazanmaq, lüks və zəngin bir həyat yaşamaq, gözəl karyera əldə etmək, vəzifəyə gəlmək və s. kimi fitnələrin burulğanında üzənlər addım-addım Allahın kitabı və Rəsulunun yolunu tərk etməyə üz tuturlar. Nəfslərinə xoş gələn alimlərin sözlərini Qurani-Kərim ayələrindən və hədislərdən daha inandırıcı qəbul edib istəklərinə bəhanə gətirirlər. İnsanların onsuz da dinlərindən uzaq olduqlarını görən bir qrup alim isə munbit şəraiti görüb rahatlıqla fətva məqamlarını işə salaraq gün keçdikcə daha çox insanı öz yanlış və əsassız görüşlərilə azdırmağa çalışırlar. Məşhur səhabə İbn Məsud (r.a.) bu məsələlər haqqında belə buyurur:

“Siz elə bir zamanda yaşayırsınız ki, bu zamanda alimlər çox, ağlına hər gələni söyləyən azdır; dilənçilər az, malını Allah yolunda xərcləyənlər isə çoxdur. Bu zamanda əməllər nəfsin istədiyini idarə edir. Sizdən sonra elə bir zaman gələcək ki, o zamanda alimlər az, danışanlar isə çox olacaq; dilənçilər çox, malını Allah yolunda xərcləyənlər isə az olacaq. Həmin vaxt nəfsin istəkləri əməlləri idarə edəcək. Bilin ki, gözəl əxlaqlı olmaq bir çox əməllərdən xeyirli olacaq”.

Həqiqi alim və elm sahibi olanların elmi nə qədər dərin olsa da lazımsız danışdıqlarını kimsə görməzdi. Peyğəmbər məktəbinin varisləri sayılan bu irfan sahibi böyüklərimiz haqqında belə deyilmişdir: “Onların danışdığı söz az, bərəkəti isə çox olardı. İndikilərin isə danışdığı söz çox, bərəkəti isə azdır”.

Yenə İbn Məsud (r.a.) belə buyurur: “Fitnə sizi bürüdüyü zaman halınız necə olacaq? Elə bir fitnə ki, onun içində yaşlılar qocalacaq, uşaqlar böyüyəcək və insanlar o fitnəni sunnə hesab edəcəklər. O dəyişdirildiyi zaman insanlar: “Sunnə dəyişdirildi”-deyəcəklər. Tabiinlər soruşdular: Bu nə zaman baş verəcək? İbn Məsud: “Qariləriniz çoxaldığı və alimləriniz azaldığı, habelə əmirlərinizin çoxaldığı və etibarlı kimsələriniz azaldığı zaman. O zaman dünya işləri axirət əməllərinə qarışacaq, üstəlik elm Allah rızası üçün öyrənilməyəcəkdir (Sünnəni Darimi, 1/64)

Bir digər məşhur səhabə Əbu Hureyrə (r.a.) Rəsulullahın (s.a.s.) belə buyurduğunu rəvayət edir:

“Bir adamın: “İnsanlar həlak oldu!”-dediyini eşitsən, (bil ki) o, özü ən çox həlak olandır”.

Belələri insanların günah işlər gördüyünü tez-tez yada salmaqla camaat arasında fəsad törədər və onların ümidsizliyə qapılmasına səbəb olar. Bu hədisdən aydın olur ki, insanlara: “zaman dəyişib”, “cəmiyyət korlanıb”, “bunlara nəsihət etməyin xeyri yoxdur”, “onlar düzələn deyil” və başqa bu kimi məyus edici sözlər demək olmaz. Elə bu səbəbdən də bir çox alimlər, xətib, vaiz və mənəvi dəyərləri aşılamaq istəyənlərin insanların günah işlər gördüklərini və bu səbəbdən həlak olacaqlarını tez-tez xatırlatmalarını qadağan edirlər. Belə ki, pis əməllər və şər işlər artdığından tez-tez danışmaq möminin qəlbini məyus edir, onu pessimizmə yönəldir və tədricən onu məhv edir. Mudrik bir xətib isə əksinə, insanları pis əməllərdən çəkindirməklə yanaşı, onlara ümid də verməli, mömin üçün hər bir işdə xeyir olduğunu, onun İslamda olduğu müddətcə xeyir içində olacağını və bu xeyirin qiyamətə qədər davam edəcəyini bildirməlidir. Məsələn, deyə bilər ki:

“Bu ümmətdən olan bir dəstə mömin Allahın əmri gəlinə qədər (qiyamət qopanadək) Allahın dini üzərində sabit qalacaq və belələrinə muxalif olanlar onlara heç bir zərər verə bilməyəcəklər” (Səhih əl-Buxari,71).

İsrail oğulları arasında işində səy göstərən iki nəfər var idi. Onlardan biri günah işlər görür, digəri isə çoxlu ibadət edirdi. Abid adam hər dəfə o birisinin günah işlədiyini görəndə ona “Əl çək, (bu günahdan)- deyirdi. Bir gün onun yenə günah bir iş tutduğunu görüb yenə ona “Əl çək, (bu günahdan)- dedi. O da cavabında: “Rəbbimlə məni yalnız burax. Olmaya mənim üstümə nəzarətçi qoyulmusan?” dedi. Onda abid dedi: “Vallahi Allah səni bağışlamayacaq, yaxud Allah səni Cənnətə salmayacaq. “Nəhayət (ölüm mələyi) onların canlarını aldıqdan sonra hər ikisi aləmlərin Rəbbi olan Alahın hüzuruna gətirilirlər və Allah abidə: “Sən mənim nə qərar verəcəyimi bilirdin? Olmaya Mənə mane olacağını düşünürdün?”- dedi. Günahkara isə: “Get, Mənim mərhəmətim sayəsində cənnətə daxil ol!”-dedi. Sonra abid barədə belə buyurdu: “Aparın bunu cəhənnəmə!”

Əbu Hureyrə (r.a.) deyir ki: “Canım əlində olan Allaha and olsun ki, o, dediyi bir kəlimə ilə həm dünyasını, həm də axirətini məhv elədi” (Əbu Davud, 4901; Müsnəd, 2 / 23).

İmam Şafiinin “Əmin olmadığı bir şey haqqında bilmirəm demək imanın yarısıdır” sözü insanın imanın kamilliyinə dəlalət edər.


Samirə Mahmudova
Bu yazıya 121 dəfə baxılıb.