Səhra Həcərsiz qaldı...


Neslihan Güneş
Bu yazıya 126 dəfə baxılıb.

Qurani-Kərim bizə həyatı anlamağı, şərh etməyi və müsəlman olaraq həyatda fərqli bir baxış qazanmağımıza imkan verir. Bu baxış həyatımızı necə idarə edəcəyimizin fərqli yollarını da göstərir.

Quranla birlikdə olanlar, hidayət sahibinə yönələrək həyatlarına məna qazandırırlar. Bu yolda tarix boyunca fərqli mövqelərdə və vəziyyətlərdə bəzi insanları nümunə olaraq görürük. Oxuduqlarımız, əslində, bu insanların timsalında öz vəzifəmizi dərk etməyimizi təmin edir. Hər fərqli insanda bənzər bir xüsusiyyətimizi görür, onlara bənzəmək istəyərik. Hz.Nuhun (ə.s.) gəmisində, Hz.Lutun (ə.s.) ailəsində, Hz.Musanın (ə.s.) asi bir qövmlə münasibətində, Hz.Yaqubun (ə.s.) övladlarında, bunun kimi fərqli hadisələrdə və insanlarda bizə aid bir xüsusiyyət tapırıq. Bütün peyğəmbərlərə və onların yolundan gedənlərə salat və salam olsun.

Hələ İbrahimin (ə.s.) bir yalvarışı var ki, təsirlənməmək mümkün deyil.

"Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!" (İbrahim 14/37) ayəsini oxuyarkən içimiz titrəyir. Bir kişi ailəsini çöllərə buraxıb gedir. Ruh halını düşünək. Qadın olaraq da o anı yaşayır və istər istəməz özümüzü sorğulayırıq.

Qucağımızda uşağımızla səhranın ortasındayıq. Həcərin "bizi burada qoyub hara gedirsən?" sualını soruşmadan "bunu Allahmı əmr etdi?" deyərək ərinə yönəlməsini diqqətlə izləyib nəticəsini maraqla gözləyərik. İbrahim "bəli, Allah əmr etdi!" deyincə, Həcərin boynunu büküb təslim oluşunu heyrətlə təqib edirik. Biz üsyan dolu qışqırıqlar gözləyərkən çaşdırıcı bir səssizlik səhranı bürüyür.

İnanmaq çox çətindir. Bir qadın təkbaşına səhrada, qucağında uşağıyla nə edəcək? Məhz bu, müasir dünyanın qadını olaraq bizi sarsıdan bir mənzərədir. Bu necə təslimiyyətdir? İçimizi titrədən də elə bu mənzərədir. Ucsuz-bucaqsız bir səhranın ortasında olmağı belə düşünə bilmirik.

Bir həftə bazara getmədikdə içimizdə yaranan aclıq qorxusu, əşyaya baxışımız, günü-gündən artan rahatlığımız, ehtiyaclarımız, olmazsa olmazlarımızın hər gün bir az daha çoxalması, geyimlərimizin çoxluğundan şkaflar böyüyərkən, yemək anlayışımız da genişlənərək ehtiyat üçün əlavə soyuducuların lazım olmasına gətirib çıxardı. Özümüzü Cənnətdəki kimi hiss edirik, istədiyimiz hər şey dərhal əlimizin altında hazırdır. Kiçik məhəllə marketlərinin yerini, gəzərkən yorulduğumuz nəhəng marketlər aldı. Müasir dünyanın qadınları olaraq harada olduğumuza nəzər saldıqda heyiflənməmək əldə deyil.

Ah Həcər! İçimi titrədən qadın, boş və mənasız dəyərlərimi sarsıdan, qulluğunu Rəbbinə xas qılmaqla bizə şərəfli yolu göstərən, zadəgan olmayıb sıradan bir ailədən gələn, amma imanı ilə və xarakteriylə ucalan anam! Əsrimizin zavallı qadınlarının sənin kimi bir modelə nə qədər də çox ehtiyacı var. Ey qadın, sənin kimi birisinin var ola biləcəyindən xəbərsiz olduqda evlərimizdən üsyanlar yüksəldi. Rahatlığımızı qaçıran əsl günahkarın qənaətsizlik olduğunu kəşf edə bilmədik.

İmtahana razı anam, biz olduğumuz halın imtahan olduğunu görə bilmədik. Hər halımız şikayət üçün bir mövzusudur. Başqa yerdə yaşasaydıq, yoldaşım belə olsaydı, uşaqlarım niyə belədir?

Olmayanlara ilişən gözlərimiz, olanı görməyərək üsyana apardı bizi. İmtahanda olduğumuzu dərk edə bilmədik. Halbuki imtahanın tərzi, Rəbbim istəyirsə, qula təslimiyyət yaraşır. Biz səndən bunu öyrəndik.

Qucağında uşaqla ərinin arxasınca baxa-baxa qalır. Qadının fitrətindəki sığınacaq duyğusuyla bağlandığı əri, getmişdir. Səhra və təklik... Bir ananın uşağını qucağına basıb ağladığını eşitmək üçün orada olmağa ehtiyac yoxdur hər halda... Səhranın ortasında təkdir və nə isə etməlidir. Səfa və Mərvə olaraq bildiyimiz iki təpə arasında o yana, bu yana qaçır. Uşağını tək qoymamaq xorxusu ilə gedib gəlir.

Həcərin qaçması da əslində böyük bir ibrətdir. Bu günün anaları da bu qaçışdan, təhlükələrlə dolu olan zəmanəmizin səhrasında qaçaraq, hətta yeriyərək belə deyil qaçaraq, səy göstərməli olduqlarını bilməlidirlər? Səhranın istisi qədər televiziya proqramları, ya da pis dost çevrəsi təhlükə ərz etmirmi? Qızlarımız nə halldadır, İsmayıllarımıza hansı mərhəmətsizlər zərər verdi? Elə isə yalnız uşağı üçün qaçan Həcərcəsinə qaçmalı, övladlarımızı xilas etmək üçün çalışmalıyıq.

Yorğun, əldən düşmüş bir şəkildə uşağının yanına qayıdanda suyun fışqırdığını görür. Səylərinin qarşılığını Rəbbi nə gözəl də verir. Çölün ortasında heç gözləmədikləri bir anda və yerdə Zəmzəmi verən Allah, bu üsyan, içki, qumar, narkotik kimi müvəqqəti həvəslər səhrasından biz qaçarsaq, ummadığımız xeyir bulaqları fışqırdacaqdır, hətta kim bilir "zəmzəm" (dayan, dayan) deyəcəyik.

Maraqlıdır uşağının baxımı yalnız bu qadına qalmışdır. Nə qədər sonra olduğu bilinməz, Tövhid təmsilçisi İbrahim (ə.s.) gəlib oğlundan qurban olmasını istədikdə, anasının oğlu İsmayıl da eyni təslimiyyəti göstərir. Həyat yoldaşım uşaqlarla maraqlanmır, bu mövzuda mənə dəstək deyil deyənlər üçün də düşündürücü bir haldır. Səhranın ortasında xarakteri möhkəm bu uşağı yalnız bir qadın yetişdirdi.

Atasının varlığı, yoxluğu ya da maraqlanmadığına məhəl qoymayaraq əlindən gələni edən bir ana. Depressiyaya düşmədən, psixiyatrların qapılarında yatmadan, sakinləşdiricilərlə sakitləşmədən, ərinə bəddualar etmədən, Rəbbinə üsyan etmədən, imanının gücü ilə ayaqda dayanan bir qadın və o qayğıyla uşağına sahib çıxmağın mümkün olduğunun canlı bir dəlilidir.

Amma biz olduöumuz yerdən, səhramızdan həmişə şikayətçiyik. Bizə görə günahkarlar çoxdur və bəhanələrimiz sərhədsizdir. Məktəbi, yoldaşı, atası... Bəli, bunları inkar edə bilmərik, amma enerjimizi Həcər kimi qaçmağa xərcləyək. Övladlarımızı iman mərhəməti ilə qucaqlayıb sahib çıxaq.

İnsanların ürəklərinin meyli üçün dua edilmişdi. Baxırıq ki, kimsəsiz səhra, daha sonra Məkkə olur və insanlarla canlılıq qazanır. Yalnız hiss etdiyiniz anlarda belə haqq yolundasınızsa, narahat olmayın bəzilərinin ürəyi sizə meyl edər və təklik ortadan qalxar. Bu da zamanın axışında meydana gələcək bir nemətdir.

Həcər anam bu qucağındakı uşağın nəvələrindən son peyğəmbərin gələcəyini və oturduğu quru səhra müqəddəs dəvətin beşiyi olacağını, İsmayılın (ə.s.) səsinin yerinə əsrlərcə ləbbeyk səslərinin çınlayacağını belə bilməzdi, əlbət. Bilməzdi Həcər anam o hallarıyla əsrlərin qadınlarına və kişilərinə nümunə olacağını.

Bəs biz hansı imtahanımızın hansı nəticələr doğuracağını bilə bilərikmi? Elə isə imtihanlarımıza təslimiyyətlə sarılmalıyıq. Qaçmaq, Həcər anamız kimi qaçmaq...

Ey anam! Sənin səhran, müasir əsrin qadınlarına ən böyük dərslikdir!


Neslihan Güneş
Bu yazıya 126 dəfə baxılıb.