Hz. Muhamməd Mustafa (s.ə.s.)


Nahidə Mürüdova
Bu yazıya 126 dəfə baxılıb.

Peyğəmbərimiz (ə.s.) miladi 571-ci ildə Məkkədə dünyaya gəlib. Mövludi-Şərif yazarı mərhum Süleyman Çələbi:

“Doğdu ol saatda ol Sultani-din,

Nura qərq oldu səmavatü-zəmin”.

bəndi ilə Hz. Peyğəmbərin dünyaya nur və hüzur qaynağı olduğunu ifadə etmişdir. 40 yaşına gəlincə Ona Cənabı-Haqq tərəfindən Peyğəmbərlik vəzifəsi verildi. Bundən sonra Məkkə və ətrafındakı bütpərəst insanları İslama və bir tək Allaha inanmağa çağırdı. Bəzi insanlar Onun dəvətini qəbul etdi. Bir çoxları isə rədd etdi. Məkkədəki təzyiqlərə görə 622-ci ildə Mədinəyə köç edən Peyğəmbərimiz (ə.s.) orada İslamiyyəti daha rahat yaya bildi. Sonunda Məkkə də daxil olmaqla Hicaz bölgəsində İslamiyyət yayıldı. Peyğəmbərimiz (ə.s.) hicri 10, miladi 632-ci ildə Mədinədə vəfat etdi və Məscidi-Nəbəvi deyə bilinən məscidin yanındakı evinə dəfn edildi. Zamanla ehtiyac olduğu üçün məscid genişləndikdə Ravzayı-Mutahhara adı verilən qəbri-şərifi məscidin içində qaldı.

Peyğəmbərimiz (ə.s.) hər halı ilə ümmətinə örnək idi. Əxlaq və zühds barəsində bənzəri olmayan bir insan idi. Lazım gəldiyində ayaqqabısını təmir edər, paltarının söküyünü tikərdi. Heyvanından süd sağar, ev işlərində xanımlarına kömək edərdi. Xəstələri ziyarət edər, cənazələrə qatılardı. Möminlərin qəbirlərinə gedər, onlara salam verib dualar edərdi.

Peyğəmbərimizin xaneyi-səadətləri son dərəcə sadə idi. Otağında demək olar ki, heç əşya yox idi. Bir həsir üzərində istirahət edirdi. Evləri də çox balaca idi. Ümmü Sələmə anamızın cariyəsinin oğlu olduğu üçün uşaqlığını Allah Rəsulunun xaneyi-səadətlərində keçirən Hz. Həsən Bəsri, uşaq ikən Peyğəmbərimizin otaqlarının tavanına əlini toxundura bildiyini ifadə etmişdir.

Tabiunun böyük imamlarından Said ibn Müsəyyəb də belə demişdir:

“Vallahi bu otaqların sökülməyib eynilə saxlanmasını nə qədər arzu edərdim! Beləcə yeni yetişən nəsil və buraları ziyarətə gələn insanlar, Allah Rəsulunun həyatda nə ilə kifayətləndiyini görərdilər, mal çoxaltmağa və onunla öyünməyə rəğbət etməzdilər”.

Allah Rəsulunun (ə.s.) istifadə etdiyi əşyalar və geydiyi paltarlar da kifayət miqdarında idi. Çünki O, ehtiyacından artıq şeyi yanında saxlamaz, o dəqiqə hədiyyə edərdi.

Hz. Aişə (r.anhə) anamızın ifadəsinə görə Peyğəmbərimizin (ə.s.) vəfatı əsnasında üzərində biri yamaqlı, digəri də olduqca sərt iki parçadan tikilən bir paltar var idi (Müslim, Libas, 35).

Allah Rəsulu (ə.s.) ailə üzvlərinə də zühd həyatı yaşatmışdır. Səvban (r.a.) belə nəql edir: “Allah Rəsulu yolçuluğa çıxdığında ailəsindən ən son qızı Fatiməyə vəda edərdi. Qayıtdığında da yanına ilk baş çəkdiyi kimsə yenə Fatimə olardı. Rəsulullah (ə.s.) yenə bir yolçuluqdan

qayıtmışdı. Fatimə də qapısının üzərinə bir pərdə asmış, bundan başqa övladları Həsən və Hüseynə gümüşdən iki bilərzik taxmışdı. Peyğəmbərimiz qızı Fatimənin evinə gəlmiş, ancaq evə girməmişdi. Fatimə, Rəsulullahın evə girməməsinin səbəbinin gördüyü şeylər olduğunu anladı. Dərhal (bəzəkli) pərdəni götürdü, uşaqlarının qolundakı gümüş bilərzikləri çıxardı. Həzrəti Həsən ilə Hüseyn ağlayaraq Rəsulullahın yanına getdilər. Allah Rəsulu onların bilərziklərini mənə verdi və:

“-Ey Səvban! Bu bilərzikləri filan ailəyə apar. Şübhəsiz bunlar mənim Əhli-Beytimdəndir. Cənabı-Haqqın onlara bəxş edəcəyi gözəllikləri dünya həyatında yeyib bitirmələrini istəmirəm. Ey Səvban! Fətiməyə sümükdən hazırlanmış bir boyunbağı, (nəvələrimə də) yenə sümükdən hazırlanmış iki bilərzik al!” – buyurdu (Əbu Davud, Tərəccül, 21).

Abdullah ibn Məsud (r.a.) belə deyir:

Rəsulullah (ə.s.) bir gün həsir üzərində yatmışdı. Peyğəmbərimiz oyandığında o həsir mübarək vücudunun yan tərəfinə iz salmışdı. Biz:

“-Ya Rəsulallah! Sizin üçün bir döşəkcə gətirsək olarmı?” – dedik. Rəsulullah:

“-Mənim dünya ilə nə əlaqəm var ki? Mən bu dünyada bir ağacın altında kölgələnən , sonra da miniyinə oturub oranı tərk edən bir yolçu kimiyəm”,- buyurdu (Tirmizi, Zühd, 44).

Peyğəmbərimiz namazlarını ağır-ağır, böyük bir xuşu ilə və tadili-ərkana riayət edərək qılardı. Namaz qılarkən ağlamağı səbəbi ilə sinəsindən qaynayan qazan səsi kimi səslər gəlirdi. Bir səhabəyə:

“-Namaza qalxdığın zaman dünyaya vəda edən bir kimsə kimi namaz qıl!” - tövsiyəsini etmişdi (İbni Macə, Zühd, 15).

Allah Rəsulu (ə.s.) Allah-Təalanı çox zikr edər və əshabına da zikr etmələrini tövsiyə edərdi. Bir gün zikr halqalarının fəzilətini bəyan edərək:

“-Cənnət bağçalarına baş çəkdiyinizdə oradan haqqı ilə istifadə edin” – buyurmuşdu.

Əshabı-kiram:

“-Cənnət bağçası ilə nəyi qəsd edirsiniz, ya Rəsulallah? – deyə soruşduqda Peyğəmbərimiz (ə.s.):

“-Zikr halqalarını” – qarşılığını verdi (Tirmizi, Dəavat, 82).

Səhabələrdən Şəddad ibn Evs (r.a.) belə deyir:

Allah Rəsulunun (ə.s.) yanında olduğumuzda bizə: “Aranızda əcnəbi biri varmı? – deyə soruşdu. Burada “əcnəbi” sözü ilə Əhli-Kitabı qəsd edirdi. Biz də “Xeyr, yoxdur, ya Rəsulallah!”-dedik.

Bunun üzərinə Allah Rəsulu qapıların örtülməsini əmr edərək belə buyurdu:

“-Əllərinizi qaldırın və Lə iləhə illallah deyin!”

Əllərimizi qaldırıb bir müddət belə zikr etdik. Allah Rəsulu (ə.s.) da əllərini qaldırıb belə dua etdi: “-Əlhamdülillah! Allahım, Məni “bu cümlə” ilə göndərdin. Onu (söyləməyi və lazım olanı yerinə yetirməyi) Mənə əmr etdin. Buna qarşılıq Mənə Cənnəti vəd etdin. Sən vədindən əsla dönməzsən!”

Daha sonra Allah Rəsulu əshabı-kirama “Müjdələr olsun sizə! Mütləq ki, Allah Təala sizi məğfirət etdi” – buyurdu.

Peyğəmbərimiz yetimlərə və fağırlara qarşı çox mərhəmətli idi. Bu barədə belə buyurduğu rəvayət edilir:

“Bir kimisə müsəlmanların arasında olan bir yetimi yedirib içirmək üçün evinə apararsa, əfv edilməyəcək bir günah işləmədiyi təqdirdə, Allah-Təala onu mütləq cənnətə qoyar” (Tirmizi, Birr, 14).

“Bir kimsə sırf Allah rızası üçün bir yetimin başını oxşayarsa, əlinin toxunduğu hər saç telinə qarşılıq ona savab yazılar” (Əhməd, V, 250).

Peyğəmbərimizin (ə.s.) şəfqət və mərhəməti heyvanları da əhatəsinə alırdı. Abdullah ibn Məsud (r.a.) deyir:

Biz bir yolçuluqda Rəsulullahla (ə.s.) bərabər idik. Peyğəmbərimiz bir ehtiyacı üçün yanımızdan ayrıldı. O sırada bir quş gördük, iki dənə də balası var idi. Biz balalarını götürdük, quş işə aşağı, yuxarı qalxıb enərək çırpınmağa başladı. Allah Rəsulu gəldiyində bu halı gördü və belə buyurdu:

“-Kim bu yazığın balasını götürərək ona əziyyət etdi, tez balasını geri verin!” (Əbu Davud, Cihad 112, Ədəb 163-164)

Hz. Peyğəmbər (ə.s.) belə buyurmuşdur: “Vaxtilə bir kişi yolda gedərkən çox susayır. Bir quyu tapır, içinə enir, su içir və çölə çıxır. Bir də nə görsün, bir köpək, dili bir qarış çöldə susuzluqdan nəmli torpağı yalayır. O kişi öz-özünə:

“-Bu köpək də eynilə mənim kimi çox susayıb!”-deyib öz içində bir vicdan hesablaşması edir. O dəqiqə quyuya enir, ayaqqabısını su ilə doldurur və ağzına alaraq yuxarı qalxır. Köpək doyunca sudan içir. O kimsənin bu hərəkətindən Allah-Təala razı olur və onu bağışlayır”.

Səhabələr:

“-Ey Allahın Rəsulu! Bizim üçün heyvanlardan ötrü də savab varmı?” – dedilər. Peyğəmbərimiz:

“-Hər canlı səbəbi ilə savab vardır” – buyurdu (Buxari, Şürb, 9; Müslim, Salam, 153).

Bir dəfə Rəsulullah (ə.s.) Məkkəyə getmək üzərə ehramlı olaraq Mədinədən çıxmışdı. Üsayə mövqeyinə gəldi. Bura Rüveysə ilə Arc arasında bir yer idi. Burada kölgədə qıvrılıb yatan bir ceyran gördü. Allah Rəsulu əshabdan birinə hər kəs keçənə qədər ceyranın yanında gözləməsini və heç kimin heyvanı tədirgin və narahat etməməsini əmr etdi (Muvatta, Həcc, 79; Nəsai, Həcc, 78).

Peyğəmbərimizin (ə.s.) həyatını örnək götürən, Onun əxlaq, təqva, zikr və təfəkkür halını öz könül dünyalarında davam etdirməyə çalışan səhabə, tabiun və sonrakı dönəmlərdə yaşayan zahidlər, sufilər, Allah dostları Onu (ə.s.) özlərinə rəhbər etmişlər. Bu səbəblə təsəvvüf yolundakı mənəvi silsilələr Hz. Peyğəmbər (ə.s.) ilə başlayır.


Nahidə Mürüdova
Bu yazıya 126 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Hz. Muhamməd Mustafa (s.ə.s.)