Könül İqlimindən İncilər


Osman Nuri Topbaş
Bu yazıya 21 dəfə baxılıb.

Rəbbimiz quluna ikram və lütf etdiyi hər neməti, ona əbədi səadət sərmayəsi olması üçün ehsan etmişdir. Qulun vəzifəsi bu nemətləri xəsislik və israfa etmədən, Haqqın rizası istiqamətində istifadə etməkdir. Çünki Cənabı-Haqq israf edənləri sevmədiyini belə bildirmişdir:

“…Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31)

“…Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz (Ğafir, 28).

İsraf alçaldıcı hissi boğmaq və etibar satın almaq üçün maddi imkanlarla özünü göstərmə səyi olaraq ifadə edilsə də, əslində, bu tərif israfın ilk ağla gələn məhdud mənasıdır. Halbuki israf insanoğlunun həddini aşdığı hər xüsusiyyətini əhatə edən geniş bir mənanı ifadə edir. İyas (r.a.) bu həqiqəti yığcam ifadə ilə nə gözəl dilə gətirmişdir:

"Allahın əmirləri xaricinə çıxan hər şey, israfdır".

Bu səbəbdən:

Varlıqlar içində ən gözəl bir surətdə yaradılıb, ilahi hörmət ilə "Haqqa qulluq" kimi müstəsna bir şərəfə nail olan insanın, nəfsani arzuların əsarəti altında bir ömür sürməsi,qulluğun israfıdır.

Nəzərgahi-ilahi olmaq kimi uca bir şərəfə nail olan istedadla yaradılan, iman və əxlaqın bir növ mühafizəsi ürəyin, insanı Haqdan uzaqlaşdıran qəflət və günahlarla çirklədilməsi, ürəyin israfıdır.

İnsana ehsan edilən ən qiymətli nemət olan zamanı, Cənabı-Haqqın rizasına vəsilə olacaq bir keyfiyyətdə istifadə etməyib axirət səadətinə sərmayə etməmək, vaxtın, başqa sözlə, ömrün israfıdır.

"Əl-Vədud" ismi-şərifi ilə sevginin qaynağı olan Cənabı-Haqqa və bir iman göstəricisi olaraq sevdiyimiz Rəsulullaha (s.ə.s.) verəcəyimiz məhəbbətin, gizli və açıq hər fürsətdə Allah və Rəsuluna düşmənçilik edən kəslərə istiqamətləndirilməsi, məhəbbətin ən faciəvi israfıdır.

Belə ki, Təbbət surəsi də layiq olana nifrət göstərilməsinin bariz bir misalıdır.

Hər biri misilsiz bir qiymətə malik olan nəfəsləri, Qurani-Kərim tilavəti və daima zikr ilə əhya etmək varkən, "Onlar ki, boş və faydasız şeylərdən üz çevirirlər" (Əl-Muminun, 3) ayəyi- kəriməsinin ziddinə, insanın əbədi səadətinə yaramayacaq boş həvəslər uğruna zay edilməsi, nəfəslərin israfıdır.

Qəmli ürəkləri, yorğun könülləri, çətinlikdən daralmış ürəkləri dincəldən zəkat, sədəqə və yardımları möhtaclara verərkən, eqoizm və mənliyə qapılıb başa qaxmaq surətiylə onları minnət altında buraxmaq,xeyrin israfıdır. Ayəyi-kərimədə belə buyurulur:

“Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın…” (əl-Bəqərə, 263-264)

Rəbbimizin bir hidayət rəhbəri olaraq Rəsulunun ürəyinə endirdiyi, oradan da bütün insanlığa elan edilən, Peyğəmbərimizin oxumaqdan doymadığı Qurani-Kərimi layiqli vəch ilə oxuyub anlama səyinə girməmək, əmr və qadağalarını nəzərə almamaq, o ilahi feyz mənbəsinin israf edilməsidir.

Allah-Təala, Qurani-Kərim barəsində israfa düşənlərlə, onun feyzindən gözəlcə istifadə edənləri belə bəyan edir:

“Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Məhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!” (Fatir, 32)

Ayəyi-kərimədə, özünə zülm etdiyi bəyan edilən kəslər, Quranın həyat verən əmr və qadağalarına qafil qalaraq ömürlərini hədər edən bədbəxtlərdir. Ortada olanlar, bu ilahi əmrlərə bəzən itaət edib, bəzən laqeyd yanaşan kəslərdir ki, bunların halı sanki nəfsi ləvvamənin əsassızlığını xatırladır. Allahın izni ilə yaxşı işlərdə önə keçənlər isə, Cənabı-Haqqın Qurani-Kərimdəki əmr və qadağalarına böyük bir eşq və vəcd içərisində yerinə yetirməyə cəhd edən, o ilahi kəlamın fəzilətli, ehkamı və əxlaqıyla kamil olan saleh qullardır.

Sözləri və prinsipləri həm öz həyatında, həm də qiyamətə qədər davam edəcək olan ümmətinin həyatında həqiqətən yaşanan Peyğəmbərimizin nurlu izində deyil, ağılları vəhy tərbiyəsi görməmiş, ictimai nizam ilə əxlaq adına ortaya qoyduqları fikirlər, əksəriyyətlə kitabxananın tozlu rəflərindəki kitablarda, sırf bir nəzəriyyə olaraq qalmış filosofların arxasına ilişib boş yerə yorulmaq, ağlın israfıdır.

Küsülü könülləri barışdırmaq, din qardaşlığını qüvvətləndirmək, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək, daim haqqın və xeyrin müdafiəçisi və katibi olmaq yerinə, boş və mənasız söz söyləmək, könüllərə tikan batırmaq, ən pisi də batilin, şərrin və şeytanın vəkilliyini etmək, lisan nemətinin israfıdır.

İmkan var ikən namazı camaatla qılmamaq, huşla ifa etməmək də, ibadət həyatına aid israflardandır.

Bilməliyik ki, ömrü mənasız keçirmək, yemə-içmə və geyimdə həddi aşmaq, səhhəti lazımsız yerlərdə məhv etmək, təfəkkürü ruhani mənzərələrə deyil, nəfsani vitrinlərə istiqamətləndirmək, faydasız elmlə məşğul olmaq və elmi nəfsani mənfəətlərə alət etmək də bir israfdır. Hələ təhsildə, övladları sırf dünyəvi istiqbal qayğılarıyla mənəvi tərbiyədən məhrum olaraq yetişdirmək, israfların ən böyüyü olan "insan israfı" dır. Çünki bu, ən böyük həqiqətə qafil qalaraq əbədi səadəti israf etməkdir.

Bir kimsənin tənbəllik edərək ruzisini qazanmağına laqeyd yanaşması və ətrafında olanlardan möhtac hala düşməsi də bir növ israfdır. Çünki hədisi-şərifdə:

"Allah-Təala bəndəsini halal iş arxasınca qaçmaqdan yorulmuş vəziyyətdə görməyi sevər"- buyurulmuşdur (Süyuti, əl-Camius-Sağir, I, 65).

Daha çox ehtiyac sahibləri varkən, şəxsi yaxınlıq hiss etdiyimiz bir kimsəyə ehtiyacından çoxunu vermək də israfdır. Bu səbəblə möhtacların ehtiyac dərəcələrinə görə infaqda üstünlük sırasını təyin etmək zəruridir. Mövlana Həzrətləri bu barədə belə buyurur:

"Nə qədər sərvət sahibləri vardır ki, onların layiq olmayanlara verməmələri, vermələrindən daha xeyirlidir. Buna görə Allahın verdiyi malı, ancaq Allahın əmrinə görə xərclə! Yersiz infak, üsyankar bir kölənin, guya yaxşılıq edirəm deyə, padşahın malını yol kəsənlərə paylamasına bənzər".

Ayəyi-kərimədə buyurulur:

“(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi qazanmaq üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!” (əl-Bəqərə, 273)

İçərisində min aydan daha xeyirli olan Qədir gecəsi olan Ramazani-Şərifin səhərlərini oyanıq bir könüllə ifa edilən təhəccüd, təfəkkür, zikr və Quran tilavətləri ilə əhya etməyən, gündüzlərini könlü Haqqa verərək edilən ibadət, infaq və əməli-salehlərlə abad etməyən, icabət saatı olan iftar vaxtlarını, istiğfar, dua və bir orucluya iftar etdirə bilmək dincliyi ilə keçirməyən, axşamlarını da təbdili-hərb üzrə əda edilən təravih namazları ilə diriltməyən kəslər, Ramazani-Şərif nemətini israf etmiş olurlar. Ramazanın gün və gecələrini israf edənlər üçün isə, Cəbrayılın (ə.s.) bu xəbərdarlığı kifayətdir:

"Ramazana çatıb günahları əfv edilməyən kimsə rəhmətdən uzaq olsun!" (Hakim, IV, 170/7256)

İnsanlıq, ilahi həqiqətlərdən uzaqlaşdıqca; vicdan, insaf və ədəbə, şəfqət və mərhəmətə, səmimiyyət və fədakarlığa, nəhayət, insanı əşrəfi-məxluqat edən bütün fəzilət və uca xüsusiyyətlərə də vida etməkdədir. Bəlkə bundan daha hüznlü olanı isə, özünü "dindar" olaraq görən müsəlmanlardan da, zamanımızda yayılmış olan israf və güc nümayişi xəstəliyinə tutulub möhtaclara biganə qalanların mövcudiyyətidir.

Halbuki Cənabı-Haqq, bizə Tövbə surəsinin 100-cü ayəsində mühacir və Ənsarın izindən gedən "ehsan sahibləri"ndən olmağımızı təlqin edir. Yəni Allah Rəsulunun nəbəvi tərbiyəsi altında yetişən seçkin nəsli özümüzə nümunə almağımız lazım olduğunu bəyan edir. Necə ki, lüks, israf, saçıb sovurmaq, güc nümayişi və doyumsuzluq kimi çirkin hallar səhabə nəslinin əsla tanımadığı bir həyat tərzi idi. Onlar özləri üçün kifayət miqdarına qənaət edib ehtiyacları olandan artığını, hətta çox zaman öz möhtac olduqlarını din qardaşları ilə paylaşmağı ən böyük zövq və ləzzət bilən yüksək şəxsiyyətlərdir.

Xülasə israf, həyatın hər mərhələsində özünü göstərən bir zehniyyət və davranış pozuqluğudur. İnsana bəxş edilən maddi-mənəvi nemətlərin israf edilməsi isə, əbədi səadət sərmayəsini ziyan edərək axirətdə iflasa sürüklənmək deməkdir.

Rəbbimiz bizi hər cür pisliklərdən və axirətimizi məhv edən israflardan mühafizə etsin. Həyatımızı razılığı istiqamətində yaşaya bilməyi lütfi-kərəmi ilə ehsan etsin. Amin! .


Osman Nuri Topbaş
Bu yazıya 21 dəfə baxılıb.