Əbədi zənginlik - ƏDƏB


Fatimə Zəhra
Bu yazıya 23 dəfə baxılıb.

Ədəb İslam nəzərində o qədər əhəmiyyətlidir ki, onu qısaca tərif etmək üçün "İslam, ədəbdən ibarətdir" deyə bilərik. Çünki Allah və Rəsuluna itaət edilərək edilən işlərin hamısı, eyni zamanda ədəbdəndir. Qadağalar isə ədəbə müxalif olanlardır. Ağıl və hikmət nəzəri ilə baxıldığında Qurani-Kərimdə ən çox üzərində durulan mövzunun ədəb və əxlaq olduğu görülür. Ondakı tarixi hekayələr belə ədəb və əxlaqı, yəni davranış mükəmməlliyini təlqin etmək məqsədilə zikr edilmişdir. Həzrəti Mövlana bunu nə gözəl ifadə edir:

“Gözünü aç Allahın kəlamına başdan başa bir bax! Ayə, ayə bütün Quran ədəb təlimindən ibarətdir”.

Qullarına ədəb və incəliyi tövsiyə edən Cənabı-Haqq bunun ziddi olan çirkinliklərdən də nəhy edər. Ayəyi-kərimədə belə buyurulur:

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!”(ən-Nəhl, 90)

Digər bir ayəyi-kərimədə də Cənabı-Haqq ədəbli qullarını əfv edəcəyini müjdələyərək belə buyurur:

“(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır....”(ən-Nəcm, 32)

Peyğəmbərimiz əshabı-kirama hər cür gözəl ədəbi təlim etmişdir. Bu səbəbdən dinimizin insan həyatının hər sahəsi ilə əlaqəli üsulu və ədəb qaydaları mövcuddur. Bunların bəzisi fərz, bəzisi sünnət, bəzisi də mübahdır. Hər biri insanlıq şərəfini qorumaq, belə ki, dünya və axirət səadətini təmin etmək üçün təyin və təsbit edilmişdir.

Bir sultan və ya yüksək mövqe sahibi birinin hüzurunda olanlar, çöldəki kimi davrana bilməz, olduqları yer və mövqeyə uyğun ədəbli davranışlar sərgiləməyə səy göstərərlər. Əhlullah da hər an Allahın hüzurunda olduqları idrakı ilə yaşadıqlarından ədəbə çox etina edərlər. Beləcə ədəb halı onların bütün həyatlarına təsir edər. Çünkü onlar hər zaman və məkanda Haqqın hüzurunda olduqlarını pərdəsiz olaraq görən və dəlilsiz olaraq hiss edən arif könüllərdir. Yəni onlar:

“…Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!...”(əl-Hədid, 4) sirrinin aşinaları olaraq hər anlarını Allah ilə bərabərlik şüuru ilə yaşayarlar.

Cənabı-Haqq:

“Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər”(əl-Məaric, 34)

“O kəslər ki, daim namaz qılarlar”(əl-Məaric, 23) buyurur.

Həzrəti Mövlana bu ayələrə işari bir məna verərək belə deyir:

"Qul namazdakı halını namazdan sonra da mühafizə edər. Beləcə bütün bir ömrünü ədəb və xuşu ilə, dilini və könlünü mühafizə edərək keçirər. Bu, gerçək aşiqlərin, Haqq dostlarının halıdır ... "

Ədəbin əsası imanın yetkinliyindən başqa bir şey deyildir. Ədəb heyvani sifətlərdən xilas olub insani üstünlüklərlə zinətlənməkdir. Gerçəkdə müsəlman olmaq da İslam ədəbinə sahib olmaqdır, ülvi gözəllikləri hal və davranışlara əks etdirmək və onları davamlı hala gətirə bilməkdir. Bu da ancaq insanın ehsan duyğusu ilə, yəni davamlı bir surətdə ilahi kameralar altında olduğu şüuru ilə yaşamasına bağlıdır....

Ədəb eyni zamanda hər ədəbsizin ədəbsizliyinə də səbir və təmkin göstərə bilməkdir. Ədəb hər işin üsuludur. Üsulsuz vüsul (vüslət, məqsədə çatmaq) mümkün olmadığından, ədəb nöqsanlığı ilə də gerçək insanlıq səviyyəsinə çatmaq mümkün deyil. Çünki insan bədəni ilə deyil, əsl yüksək ruhi təmayülləri ilə insandır.

Ədəb ağlın və fəzilətin xaricə əks edən görünüşüdür. Çünki din, ədəb və mürüvvət həmişə ağıl və fəzilətin nəticələridir.

Möminin ədəb və əxlaqının gözəl olması, imanının da son dərəcə qüvvətli olduğunun bir göstəricisidir.Yəni ədəb eyni zamanda kamil imanın bir aynasıdır.

Ədəb maddi və mənəvi bəlalardan mühafizə edən bir sığınaqdır. İbni Abbas -radiyallahu anh- belə buyurur:

"Namusumuzu mühafizə edən qala ədəbdir".

Ədəb kamil insanların məhəbbət xərcidir. Ədəb insana həyatı və içində yaşadığı cəmiyyəti sevdirən sadə bir keyfiyyətdir. Buna əsasən böyüklər, "İnsanın ədəbli olması, bütün dünya sərvətindən daha xeyirlidir" - buyurmuşdur.

Ədəb şeytanın düşmən olduğu bir xüsusdur. Bu səbəblə övladına ədəb öyrətməyən ana-ata şeytanı və düşmənlərini sevindirmiş olur.

Ədəbin ən fəzilətlisi insanın həddini bilərək sərhədi aşmaqdan çəkinməsidir. Bu səbəblə, "Üləma yanında dilinə, övliyanın yanında qəlbinə, süfrədə əlinə, qonaq gedərkən gözünə sahib ol!"- deyilmişdir...

Ədəb insanı maddi və mənəvi hər cür bəladan mühafizə edir. Şair nə gözəl deyib:

Ədəb bir tac imiş nuri Hüdadan

Gey ol tacı, əmin ol hər bəladan…

Buna görədir ki, əvvəllər təkkə və dərgahların divarlarını bəzəyən xəbərdarlıq lövhələrindən biri də "Ədəb ya hu!" idi.

Ənəs bin Malik -radiyallahu anh-: "Əməldə ədəb onun qəbuluna işarədir" - demişdir. Yenə Allah dostları: "İbadət insanı cənnətə aparar, ibadətdə ədəb və təzim isə Allaha aparar, Haqqa yaxınlaşdırar" - demişlər.

Bu səbəbdən əxlaqın ən mükəmməli və ədəbin ən üstünü dində ədəb, yəni Allah-Təalaya qarşı göstərilən ədəbdir ki, təsəvvüfün ən mühim qayəsi də budur. Burada məqsəd xam insanı ehsan duyğusu ilə kamil bir insan halına yüksəldərək Allaha qarşı ədəb sahibi etməkdir.

İbni Abbas -radiyallahu anh- belə buyurur: "Bütün ədəblərin əsası həm rahatlıqda, həm də darlıqda Allah-Təalanın əmrlərinə riayət etmək və qadağalarından da qaçınmaqdır".

Həzrət Mövlana da belə buyurur:

"İman nədir?” - deyə ağlıma soruşdum. Ağlım da ürəyimin qulağına əyilib: “İman ədəbdən ibarətdir…” - deyə fısıldadı. O halda ədəbi olmayan kimsə Allahın lütfündən məhrum qalar.

Allaha qarşı ədəbdən sonra Onun Rəsuluna göstəriləcək ədəb gəlir. Cənabı-Haqq, xüsusilə Hucurat surəsində və bir çox ayəyi-kərimələrdə möminlərə, Allah Rəsulu -səllallahu əleyhi və səlləm-ə qarşı ədəbi mühafizə etmələrini əmr edir. Bu ədəb ustada, ana-ataya, möminlərə və belə silsilə halındə bütün məxluqata uzanır.

Rəsulullah -səllallahu əleyhi və səlləm-in bildirdiyinə görə:

"Allah-Təala çirkin hərəkətlər edən, çirkin sözlər söyləyən kimsədən nifrət edər" (Tirmizi, Birr, 62/2002).

Necə ki, ayəyi-kərimədə:

“Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir…”(ən-Nur,19) buyrulmuşdur.

Həya və ədəb nöqsanlığı, ağıl, iman və din nöqsanlığından ortaya çıxır. Bu səbəblə ədəbə riayət etməyənlər Allahdan və Rəsulundan uzaq kimsələrdir. Onlar böyük bir məhrumiyyət içindədirlər.

Ədəb gözəl əxlaqın zirvə nöqtəsidir. Allahın bir kimsəyə verdiyi ən xeyirli və ən qiymətli varlıq gözəl əxlaqdır (Baxın: İbn-i Macə, Tibb, 1).

Qiyamət günü tərəzidə ən ağır gələcək savab, yenə gözəl əxlaqdır (Baxın: Əbu Davud, Ədəb, 7/4799).

Allah və Rəsulunun ən çox sevdiyi və axirətdə Peyğəmbərimizə ən yaxın olacaq kəslər də yenə əxlaqı gözəl olan ədəbli kəslərdir (Baxın: Tirmizi, Birr, 71/2018).

O halda gözəl əxlaq cənnətə girmələri üçün insanlara ən çox köməkçi olan bir növ cənnət açarıdır (Baxın: Tirmizi, Birr, 62/2004).

Allah Rəsulu -səllallahu əleyhi və səlləm- insanların ən zərifi, ən gözəl əxlaqlısı və ən çox təbəssüm edəni idi. Çiçəkdən iffətli, güldən həyalı idi. Sözlərində və hərəkətlərində ən kiçik xoş olmayan hərəkət olmadığı kimi, O, xoş olmayan heç bir şeyə də etibar etməzdi. Çöldə, bazarda qışqırıb çağırmağı, pisliyə pisliklə qarşılıq etməyə əsla izin verməzdi. Xətaları bağışlayar, üzünü çevirib səhvləri görməməzlikdən gələrdi. Ümmətinin "insanlar arasında, üzdəki gözəlliyin timsalı olan “mən” (yəni simanın gözəlləşdirən əlaməti-fariqa) kimi" olmasını istəyərdi (Əbu Davud, Libas, 25 / 4089).

Səhabələrinin bildirdiyinə görə Allah Rəsulu -səllallahu əleyhi və səlləm- örtüsünə bürünmüş bakirə bir qızdan daha həyalı və ədəbli idi (Buxari, Ədəb, 77).

Sözün özü ədəb, İslamın insanlara təlim etdiyi və son dərəcə əhəmiyyət verdiyi bir xüsusdur. Qızıl və gümüşün zənginliyi gedər, lakin ədəbin zənginliyi əbədîdir. Bu səbəbdən müsəlmanlar ədəb qaydalarını yaxşı öyrənməli, onları canlı tutmağa etina göstərməli və başqalarına da şəxsən yaşayaraq nümunə olmalıdırlar .

Ədəbi tərk etmək insanı heyvandan da aşağılara salaraq, nəhayət, həlaka sürüyən böyük bir qəflətdir. Çünki ədəbsizlik dibsiz bir quyu kimidir ki, ora çatmaq olmaz. İnsan getdikcə daha dərinlərə doğru batar, nəfsinin bir istəyini təmin edəndə daha irəli və daha pis bir həva zühur edər. Bu minval üzrə nəfsin arxasında qaçarkən həm maddi, həm də mənəvi məhv olub gedər. İyrənc şayiələrin yayılmasını istəyən kəslər, özləri kimi cəmiyyəti da pozaraq daşıya bilməyəcəkləri qədər böyük bir günah altına girirlər. Qarşılaşacaqları ilahi əzab isə çox şiddətli və ağrılıdır.

Mövlana (q.s.) belə buyurur:

"Cənabı-Haqdan bizi ədəbli olmağa müvəffəq qılmasını istəyək. Çünkü ədəbi olmayan kimsə Allahın lütfündən məhrum qalmışdır. Ədəbsizin zərəri yalnız özü ilə məhdud qalmaz. Əksinə bütün ətrafı oda verər... "

"Əgər şeytanın başını əzmək istəsən, gözünü aç və gör, şeytanı qəhr edən ədəbdir. İnsanoğlunda ədəb tapılmazsa, o əslində insan deyildir. Çünki insan ilə heyvan arasındakı fərq ədəbdir".

Buna görə də möminlər hər hal və hərəkətlərində ədəb qaydalarına riayət edərək imanın onlara qazandırdığı nəzakət və mədəniyyəti sərgiləməlidirlər. İstər insanlara, istərsə də Yaradana qarşı münasibətində ədəbi əldən buraxmamalıdırlar. Əlinə, dilinə, gözünə, qulağına, qəlbinə, nəhayət, bütün üzvlərinə ədəb həssaslığını hakim qılaraq daim Allahın hüzurunda olduqları şüuru ilə yaşamalıdırlar.

Qeyd: Bu yazıda möhtərəm Osman Nuri Topbaşın əsərl\rindən istifadə olunmuşdur.  


Fatimə Zəhra
Bu yazıya 23 dəfə baxılıb.