Müşk çantası


Samirə Mahmudova
Bu yazıya 20 dəfə baxılıb.

Rəsulullah (s.ə.s.) səhabələri ilə bəzən söhbət edərkən onlara keçmiş ümmətlərin əhvalatlarından, başlarına gələn müsibət, bəla və imtahanlardan söz açarmış. O, Allah-Təalanın bildirmək istədiyi əmr və qadağaları bu hikmətli hekayələrlə nümunə göstərər, ən gözəl təbliğ üsullarından istifadə etməklə ilahi mesajı bu şəkildə çatdırarmış. Bu ibrətamiz hekayələrdən biri də Yəhya Peyğəmbərin ümməti ilə etdiyi bir söhbətində yer alan ilahi mesajlar olmuşdur.

Haris əl-Əşari rəvayət edir ki, Rəsulullah (s.ə.s.) bir gün bizə belə buyurdu:

Allah-Təala Zəkəriyya Peyğəmbərin oğlu Yəhya Peyğəmbərə həm özünün yerinə yetirməsi və həm də camaatına təbliğ etməsi üçün beş əmr verdi. Yəhya Peyğəmbər bu əmirləri xalqa təbliğ etməkdə gecikəndə İsa Peyğəmbər onun yanına gedərək dedi: “Ey Yəhya”, Allah-Təala həm sənin, həm də xalqının yerinə yetirməli olduğu beş əmri sənə vermişdir. Bu əmrləri ya sən bir an öncə təbliğ elə, ya da mən təbliğ edəcəyəm.

Yəhya Peyğəmbər belə cavab verdi:

“-Qardaşım, əgər Allah-Təalanın verdiyi əmrləri xalqa sən təbliğ etsən, Rəbbimin mənə əzab etməsindən və ya məni yerin dibinə keçirməsindən qorxuram.

Sonra Yəhya Peyğəmbər xalqı Beytül-Məqdisə topladı. İbadətgah ağzına qədər doldu, hətta camaat məscid kənarında yerlərə də oturdu. Yəhya Peyğəmbər Allaha həmd və səna etdikdən sonra bunları söylədi:

-Allah-Təala həm mənə, həm də sizə yerinə yetirməli olduğunuz beş əmri verdi. Mən də onları sizə əmr edirəm:

- İlk olaraq Allaha ibadət edəcək, Ondan başqasını Rəbb olaraq qəbul etməyəcəksiniz”. Baxın görün, Allahdan başqasını Rəbb olaraq qəbul edən nəyə bənzəyir:

“Bir nəfər öz malından bir qədər qızıl və gümüşlə bir kölə alır və ona deyir: “Mənə bax oğlum! Bu mənim evim, bu da işim, çalış qazancını gətir mənə ver! Amma o kölə nə eləyir, o qazandığı pulları sahibinə deyil, aparıb başqasına verir. Mənə deyin görək, hansınız köləsinin belə hərəkət etməsini istəyər?

-Sizi Allah yaratdı və ruzinizi O verdi. Elə isə qətiyyən Allahdan başqasını tanrı yerinə qoymayın!

- Allah-Təalə sizə namaz qılmağı əmr etdi. Namaz qılarkən qətiyyən sağa-sola baxmayın. Bir bəndə namazda sağa-sola baxmağa davam edincə Allah- Təala namaz boyunca onun üzünü həmişə o tərəfə çevirər.

-Sizə oruc tutmağı əmr edirəm. Bilirsiniz oruc nəyə bənzəyir?

“Bir camaat arasında bir nəfər olur. Onun da içində müşk qoxusu gələn bir çantası olur. Bu çantadan gələn müşk qoxusu hər kəsi məst edir və hamı onu qoxlamaq istəyir. Oruc da belə bir şeydir. Oruc tutanın ağız qoxusu Allah qatında müşk qoxusundan daha dəyərlidir.

-Sizə sədəqə vermənizi də əmr edirəm. Baxın görün sədəqə nəyə bənzəyir:

“Düşmən bir nəfəri tutub əsir götürmüş, əllərini qandallayıb boynunu vurmaq üçün meydana gətirmişdir. Adam onu əsir götürənlərə: “Məni fidyə qarşılığında azad edin, çalışıb qazanıb qazancımı sizə gətirim” - demiş və beləcə canını ölümdən qurtarmışdır.

-Sizə bir də Allahı çox zikr etmənizi əmr edirəm. Bilirsiniz zikr nəyə bənzəyir:

“Bir nəfər düşməndən qaçar, düşmən isə onu sürətlə qovalayar. Elə bu anda adamın qarşısına möhkəm bir qala çıxar, o da bu qalaya sığınaraq düşməndən canını qurtarar. Bir bəndə də şeytandan canını yalnız zikr ilə qurtara bilər.

Allahın Rəsulu (s.ə.s.) bu hekayəni danışıb qurtarandan sonra belə buyurdu:

- Mən də sizə Allahın mənə əmr etdiyi beş şeyi yerinə yetirməyinizi əmr edirəm:

-Dövlət başçılarınızın əmrlərinə itaət edin.

- Allah yolunda fədakarlıq (cihad) edin.

- Hicrət edin.

- İslam camaatından ayrılmayın. Çünki İslam camaatından bir qarış da olsa ayrılan insan təkrar ora qayıdına qədər boynundakı İslamın ipini açıb atmış olar.

- Cahiliyyə adət-ənənəsi və davası aparan da cəhənnəmlik olar. Bu söhbətdə iştirak edən səhabələrdən biri belə dedi:

“Ey Allahın Rəsulu! O adam namaz qılıb oruc tutsa da yenə cəhənnəmlik olar? Rəsuli-Əkrəm belə cavab verdi:

“-Bəli, namaz qılıb oruc tutsa və özünü Müsəlman sansa belə yenə cəhənnəmlik olar.

Bu ibrətamiz hədisə bizə Allahın qadağa və əmrlərini insanlara aşılayarkən misal, nümunə və bənzətmələrlə izah etməyin necə də gözəl təsir etdiyinin əhəmiyyətini bildirir. Allah-Təala ibrətli hekayələrdən nəticə çıxarmağı və həyatımıza tətbiq etməyi bizlərə qismət etsin. Amin!


Samirə Mahmudova
Bu yazıya 20 dəfə baxılıb.