Məhsəti Gəncəvi


Aygün Hacıyeva
Bu yazıya 21 dəfə baxılıb.

Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan şairlərdən biri də Məhsəti Gəncəvidir. Məhsəti Gəncəvi Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qədimliyinin timsalıdır. Azərbaycan ədəbiyyatı tarixinə ilk qadın şair (şairə) kimi daxil olmuş və dərin məzmunlu lirik şeirlər (rübailər) müəllifi kimi tanınmışdır. Məhsəti Gəncəvi XII əsrdə yaşamış azərbaycalı şairədir. O, təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki, “to, meh-həsti” (yəni, “Sən hamıdan böyüksən.”) və sonradan meh-həsti-məhsəti sözünə çevrilərək onun təxəllüsü olur. Abbasqulu ağa Bakıxanovun “Gülistani-İrəm” əsərinin “Nəticə” adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, Məhsəti mah və səti olmaqla iki sözdən ibərətdir və “böyük xanım” mənasına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad mah və səti (“Ay xanım”) sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (Xosrov və Şirin) da bunun analoqudur). Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir. Şah məclislərinin birində Məhsəti də iştirak edirmiş. Məclisin müəyyən anında şairə bayıra çıxır və qar yağdığını görür, qayıdanda şah havanın necə olduğunu soruşur, Məhsəti şahın sualına cavab olaraq bu rübaini deyir:

Ey şahım, hamıdan üstün bilərək Bəxt atını sənə bəxş etdi fələk. Qızıl nallı atın batmasın deyə Yerlərə sərmişdir gümüş bir örpək.

Sultan bu rübaini eşitdikdən sonra şairəni “Mə-histi” (“Ən böyük”) adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi.

Buna baxmayaraq, Məhsəti şeirlərinin qəhrəmanları , əsasən papaqçı, dərzi, bənna, çörəkçi və s. kimi sənətkarlardır. Şairə dünya həyatının keçici olduğunu öz şeirində belə ifadə etmişdir:

Bu dünya bir qızıl kuzəyə bənzər,

Suyu gah şirindir, gah da ki zəhər.

Çox da öyünmə ki, uzundur ömrün,

Əcəl köhlənində hazırdır yəhər.

XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, Rum, Mərv, Bəlx, Nişapur, Herat, Xorasan, İraq, Zuzən, Arran və s. şəhər və vilayətlərdə olmuşdur. Tədqiqatlar onun şərq ədəbiyyatı və musiqisinə yaxından bələd olduğunu göstərir. Məhsəti Gəncəvi qüdrətli rübai ustası kimi tanınır. Müxtəlif cünq və təzkirələrdə iki yüzə yaxın rübaisi, bir neçə lirik şeri qalmışdır. Məhsəti Gəncəvinin təkcə farsdilli Azərbaycan şerinə deyil, ümumiyyətlə şərq poeziyasına bir səhər, nəsimi kimi gəldi. Yaradıcılığında humanizm və nikbinliyi ilə seçilir. Məhsəti bir çox sahələrdə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur: Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülür. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, “Dastan”-ın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir. Şairənin yaradıcılığı və həyatı ilə bağlı faktlar Rəfael Hüseynovun şairəyə böyük məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı “Məhsəti necə varsa” kitabında toplanmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilmişdir.

Məhsəti Gəncəvinin adı doğma yurdunda həmişə əziz və uca tutulur. Nə yaxşı ki, ulu şairənin həmyerlisi Nigar xanım Rəfibəyli incəruhlu rübailəri fars dilindən böyük uğurla tərcümə edərək Azərbaycan oxucusuna çatdırıb. Məhsəti xanımın adına texnikum fəaliyyət göstərir, muzey yaradılıb. Karvansara kompleksində abidəsi qoyulub. Məhəbbət və gözəllik aşiqinin ən uca abidəsi daim azırbaycanlıların qəlbində, ürəyindədir.


Aygün Hacıyeva
Bu yazıya 21 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.