Albinizm xəstəliyi


Vüqarə Məmmədova
Bu yazıya 30 dəfə baxılıb.

Qarşınıza saçları və üz cizgiləri ağbəniz olan insanlar çıxsa təəccüblənməyin. Onları el arasında “Fosfor adam” kimi tanıyırlar. Bu şəxslərin xəstəlikləri elmdə albinizm adlanır. Belə insanların ağ rəngi ətrafdakıların diqqətini tez cəlb edir. Bu baxımdan albinizm xəstəliyinə tutulanların çoxu bunu kompleks sayır. Belə ki, bəzi insanların reaksiyaları, onlara uzun müddət baxmaları, bu xəstəlikdən əziyyət çəkənləri sıxır. Alimlərin araşdırmasına görə, Avropada hər 20 min nəfərdən biri, dünyada isə hər 17 min insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos isə Nigeriyada yaşayır. Nigeriyada hər 3 min adamdan biri albinosdur. Albinizm dəridə piqmentin anadangəlmə yoxluğudur. Albinizm genetik xəstəlikdir və müalicəsi yoxdur. Belə insanlarda piqmentlər inkişaf etmədiyi üçün onların rəngi ağ olur. Albinizm - insan dərisində, saçlarda və gözlərdə həmin hissələrin normal rəngini verən boya maddəsinin irsi olaraq yoxluğudur. Albinizm 3 cür olur. Bütün bədəni əhatə edən albinizm, göz albinizmi, dəri albinizmi. Tam albinizm zamanı dəri, tüklər ağ, gözlər isə qırmızı rəngdə olur. Dəri albinizmində gözlər normal olsa, dəri və tük piqmentsiz olur. Göz albinizmində isə gözlər piqmentsiz, dəri və tük normal rəngdə olur. Albinosların gözləri çox pis görür, dəriləri isə günəşə qarşı çox həssas olur. Albinoslar özlərini günəş şüalarından çox diqqətlə qorumalıdırlar, çünki onlarda dəri xərçənginə tutulmaq riski çox yüksəkdir. Onlar xüsusi qoruyucu eynək taxmalı və bütün bədəni örtən paltar geyinməlidirlər. Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biridir. Sağlamlıq, intelekt və yaşam müddətinə görə digər insanlardan fərqlənmirlər. İnsanların bu patalogiya ilə doğulmasının səbəbləri bəlli deyil. Gənclər ailə həyatı quranda mütləq yoxlanışdan keçməlidirlər. Laboratoriya şəraitində piqment çatışmazlığından analiz verib özlərini müayinə etdirə bilərlər. İstər qohum olsun, istər yad, evlənən gənclərin genetikasında bu xəstəlik varsa, öz uşaqlarında olmasa da, gələcək nəsillərdə mütləq üzə çıxacaq. Əgər hər iki gənc albinosdursa, onların övladının da albinos olması qaçılmazdır".

Biz bu cür insanlara xəstə kimi yanaşırıq. Düzdür, bu, xəstəlikdir, amma təhlükəsizdir. Çünki o toxunmaqla, ya da hər hansı bir təmasla keçən, yayılan bir şey deyil. Albinizm dəriyə, saça, gözə rəng verən boya maddəsinin yoxluğundan qaynaqlanan genetik bir problemdir. Belə insanlar xüsusən uşaq yaşlarında çox narahat olurlar. Onlar yaşıdlarından seçildikləri üçün bəzən həmyaşıdları tərəfindən qəbul edilmir, yaxud "sən niyə ağsan", "sənə əl vursam mənə də keçər" kimi suallarla qarşılaşırlar. Təbii ki, bu da onlarda psixoloji gərginlik yaradır. Övladlarımıza başa salmalıyıq ki, o, xəstə deyil və dostları kimi hər şey edə bilər. İstənilən halda uşaq üçün bu halı qəbul etmək heç də asan olmur. Azərbaycanda albinizm xəstələri... Müşahidələr onu göstərir ki, ölkəmizdə bu cür xəstələr heç də az deyil. Albinizm xəstəsinin görmə qabiliyyəti azalıbsa, onlara əlillik verilir və sintomatik

müalicə aparılır. Albinizm xəstəliyindən əziyyət çəkənlərin Səhiyyə Nazirliyində statistikası yoxdur. Onlar xüsusi qeydiyyatda olmurlar. Bu xəstəliyin müalicəsi olmadığı üçün onların qeydiyyatı aparılmır. Albinoslar tarixən bütün dünyada ayrı-seçkiliyə məruz qalıblar. Bəzi Afrika ölkələrində cadugərlər albinosları öldürüb onların bədən üzvlərini kəsərək uğurgətirici amulet kimi satırlar. Hər il onlarla albinos öldürülür. Xüsusilə Tanzaniyada cadugərlərin, albinosların saç, qol, ayaq və qan kimi bədənlərindən alınan parçaları, insanları zəngin edəcəyi iddia edilən bir iksir istehsalında istifadə etdikləri deyilir. Bu baxımdan bir çox ölkələrdə albinoslar hüquqlarını müdafiə etmək üçün öz təşkilatlarını yaradıblar. Belə xəstəlik daşıyıcıları ilə bir çox ölkədə hələ sağ ikən müqavilə bağlanılır, onlara pul ödənilir. Onlar dünyasını dəyişdikdən sonra isə sümüklərindən texniki məsələlər üçün istifadə edirlər.

Dünyada ən böyük albinos ailəsi Hindistanda yaşayır. Onlar sayı 10 nəfərdi. Bundan əvvəlki rekord ABŞ və Kanadada yaşayan 6 üzvlü iki ailəyə aid olub.

Bu xəstəliyə həmçinin heyvanlarda da rast gəlinir. Albinizm sindromu ilə doğulan heyvanların həyatda qalma şansı daha azdır. Çünki hər yerdə gözə çarpırlar. Bir tək qarla əhatə olunmuş yerlərdən başqa. O da ki, qar həmişə və hər yerdə olmur. Bu da onların ya asan yem olmasına, ya da yem tapa bilmədiyi üçün ölümlərinə gətirib çıxarır.

Demək olar ki, bütün növ heyvanlarda albinoslara rast gəlmək olar: köstəbəklər, yarasalar, quşlar, tısbağalar, suda-quruda yaşayanlar, balıqlar və s.

Alimlərin hesabatlarına görə hər 10 min heyvandan biri tam albinos olaraq doğulur.

Bir çox albinos quşların lələkləri çox kövrək olur, eyni zamanda rəngləri də adət edildiyi kimi olmur.

Qeyd edək ki, bəzi ölkələrdə geniş yayılmış batil inanclar səbəbindən albinizm sindromu ilə doğulan insanlar alver alətinə çevrilirlər. Hətta onların bədən üzvləri böyük məbləğdə pullara satılır. Yaxın qohumlar belə pula görə bu cinayətdən kənarda qala bilmirlər.


Vüqarə Məmmədova
Bu yazıya 30 dəfə baxılıb.