Hz. Aişə - İlahi bəraət


Nəzrin Hüseynova
Bu yazıya 19 dəfə baxılıb.

Hz. Aişə anamıza çox təsir edən və həyatının dönüş nöqtəsi olan bir hadisə vardır ki, islam tarixi kitabları onu İfq (iftira) hadisəsi adlandırmışlar. Aişə anamız həmin vaxt günlərlə ağlamış və evdən bayıra çıxmamışdı. Münafiqlərin rəisi olan Abdullah ibn Übey ibn Səlulun quraşdırdığı hadisə qısac abelə cərəyan etmişdir:

Hicrətin 6-cı ili idi. Peyğəmbərimiz (s.ə.s.) Bəni Müstəliq qəzvəsinə hazırlaşırdı. Əvvəlki səfərlərində də olduğu kimi yanında gedəcək xanımını seçmək üçün püşk atmış və püşkdə Aişə anamız çıxmışdı. Döyüş müsəlmanların zəfəri ilə başa çatdı. Ordu Mədinəyə doğru qayıdırdı. Mədinəyə yaxın bir yerdə fasilə verildi. Bu əsnada Aişə anamız dəvədən düşərək ehtiyacını qarşılamaq üçün ordugahdan uzaqlaşdı. Yenidən karvana döndükdə boyunbağısının düşdüyünü gördü. Getdiyi yerlərdə onu axtarmağa başladı. Həmin vaxt ordu çoxdan yola düşmüşdü. Onun geridə, dayandıqları yerdə qalabiləcəyi heç kimin ağlına gəlməmişdi. Çünki dəvədə oturduğu yerin üzəri örtülü idi. İçərisində kiminsə olub-olmadığı kənardan baxdıqda başa düşülmürdü. Ordu səhərin ilk saatlarında Mədinəyə çatdı. Möminlərin anasının mindiyi dəvə evinin qarşısında yerə çökdürüldü. Oturulan yerdə yavaşca endirildi. Lakin böyük bir heyrət və çaşqınlıqla Aişə anamızın orada olmadığını gördülər. Rəsulullah (s.ə.s.) və əshabı bir müddət narahatlıqla gözlədilər, onu axtarmağa çıxan səhabələr də oldu. Nəhayət, onun bir dəvədə gəldiyini, dəvənin yüyəninin də Səfvan ibn Müəttaləs-Süləmi adında bir səhabədə olduğunu gördülər. Səfvan ordunun dayandığı yerlərdə unudulan əşyaları yığmaqla vəzifələndirilmiş bir səhabə idi. Onları belə vəziyyətdə görən münafiqlərin rəisi Abdullah ibn Übeyibn Səlul Aişə anamız haqqında iftira və dedi-qodu yaymağa başladı.

Hadisənin bundan sonra necə davam etdiyini Aişə anamızdan dinləyək:

“Mədinəyə gəldikdə mən bir ay xəstələndim. İnsanlar iftira atanların sözlərini çoxaldıb yayırlarmış. Mən bunları bilmirdim, sadəcə bu zaman mənə şübhə verən bir şey var idi, o da Peyğəmbərdən (s.ə.s.) başqa vaxt xəstələndikdə gördüyüm şəfqəti bu dəfə görmürdüm.Yanıma gəlir, salam verir və:

- Xəstəmiz necədi? – deyirdi.

Mənim heç bir şeydən xəbərim yox idi, nəhayət ki, yaxşılaşmağa doğru gedirdim. Bir gecə, Mistahın anası ilə birlikdə ehtiyaclarımızı qarşıladığımız yerlərdən biri olan Mənası tərəfə çıxmışdıq. Biz bura gecədən-gecəyə gələrdik. Bu adət ehtiyacımızı evlərimizin yaxınlığında qarşılamadan öncə idi. Mən Mistahın anası ilə oraya gedərkən ayağı çarşabına ilişib yıxılmışdı. Ərəblər arasında pis hadisə və fəlakət baş verdikdə deyilən:

- Düşmənim həlak olsun! - bəd-duası yerinə:

- Mistah həlak olsun! – deyə oğluna bəd-dua etdi. Mən ona:

- Necə də pis danışdın! Bədirdə döyüşməyə hazır olan bir adamı söyürsən? – dedim.

Bunu eşidən qadın mənə:

- Sən gəzən şayiələri eşitməmisən? – dedi və mənə böhtan atanların sözlərini söylədi. Bunlardan sonra xəstəliyimin üstünə xəstəlik gəldi. Evimə qayıtdıqda Peyğəmbər (s.ə.s.) yanıma gəldi, salam verdi və:

- Xəstəmiz necədir? – deyə soruşdu. Mən də:

- Ey Allahın Rəsulu, mənə ata-anamın yanına getməyə icazə ver! – dedim.

Mən bu xəbərin əslini ana-atamdan öyrənmək istəyirdim.Sonra Peyğəmbər (s.ə.s) mənə icazə verdi. Mən də valideynlərimin yanına getdim. Anam Ümmü Rumana:

- İnsanların danışdıqları bu sözlər nədir belə? – deyə soruşdum. Anam:

- Qızım pis olma, sən özünü və sağlamlığını düşün. Allaha and olsun ki, bir qadın sənin kimi gözəl olsun, ərinin sevimlisi olsun, amma haqqında dedi-qodu olmasın, bu çox nadir görülər – dedi.

Mən də:

- Sübhanallah! Həqiqətən, insanlar bu sözləri söyləyir? Düzü heyrətverici bir şeydir! – dedim.

Mən o gecə atamın evində qaldım. Səhərə qədər göz yaşım dayanmadı, gözümə yuxu da getmədi, sonra səhər açıldı.

Allah Rəsulu həmin səhər Ali ibn Əbu Talib və Üsamə ibn Zeydi yanına çağırmışdı. Vəhy gecikdiyi üçün ailəsindən ayrılma mövzusunda onlarla məsləhətləşmişdi. Üsamə Peyğəmbərin (s.ə.s.) ailəsinə (xanımına) olan sevgi və hörməti Ona (s.ə.s.) danışdı. Sonra da:

- Ey Allahın elçisi, onun haqqında xeyirdən başqa bir şey bilmirik, – dedi.

Əli ibn Əbu Talib isə:

- Ey Allahın Rəsulu, Allah sənə dünyanı dar etməyib. Ondan başqa bir çox qadın var. Lakin onun (Aişə anamızın) cariyəsi Bərirədən də soruşun. O, düzünü sənə deyər, – demişdi.

Peyğəmbərimiz Bərirəni çağırdı və soruşdu:

- Ey Bərirə, sən xanımın Aişədə şübhəli bir vəziyyət gördünmü?

Bərirə də:

- Allaha and içirəm ki, mən xanımımda əsla şübhəli bir hal görmədim.

Bundan sonra Rəsulullah məscidə getdi, ayağa qalxdı və dedi:

- Ailəm haqqında mənə əziyyət verən bir şəxs (iftiranı başladan Abdullah ibn Ubey ibn Səlulu qəsd edir) haqqında mənə kim yardım edər? Allaha and içirəm ki, mən ailəm haqqında xeyirdən başqa bir şey bilmirəm.

Hz. Aişə anlatmağa davam edir:

“Mən o gün ancaq ağladım. Nə gözümün yaşı dindi, nə də gözümə yuxu getdi. Bu zaman Rəsulullah içəriyə girdi, yanımda oturdu və dedi:

- “Ey Aişə, mənə sənin haqqında bəzi sözlər çatıb. Əgər sən bu deyilənlərdən uzaqsansa, tezliklə Allah səni təmizə çıxarar. Yox əgər belə bir günaha yaxınlaşmısansa, Allahdan əfv dilə və Allaha tövbə et. Çünki qul günahını etiraf və tövbə edincə, Allah da onu bağışlayar”,- buyurdu.

Hz. Aişə:

Allaha and olsun ki, bu vəziyyətdə sizin və mənim üçün bir misal tapa bilmirəm. Ancaq Yusif Peyğəmbərin atasını örnək olaraq görürəm. O, oğullarına:

“...(Yəqub) dedi: Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!” (Yusif surəsi, 18)

Mən Allahın məni təmizə çıxaracağına inanırdım. Rəsulullah ayağa qalxmamışdı və oradakıların heç biri də otaqdan çıxmamışdı. Nəhayət, Rəsulullaha vəhy endirildi. Vəhyin ağırlığından tərləməyə başladı. Bir az sonra gülərək mənə bu sözləri söylədi:

- “Ya Aişə! Allaha həmd et. Allah səni təmizə çıxardı.

Uca Allah mənim bəraətim haqqında Nur surəsinin 11-22-ci ayələrini endirdi.


Nəzrin Hüseynova
Bu yazıya 19 dəfə baxılıb.