Əmanətlərin fərqindəyikmi?


Gülnarə Seyidova
Bu yazıya 13 dəfə baxılıb.

Səbəbini bilmirəm, nədənsə bizim müəllimlərin əksəriyyəti arasında belə bir anlayış var. Tələbəyə və ya şagirdə üz vermə, sərt ol, sinifdə ya da auditoriyada daha sərt baxışlarla, qaşları düyünlənmiş ol! Ol ki, tələbə səndən çəkinsin, şagird qorxusundan bir kəlmə danışa bilməsin! Çünki bu cür şagirdləri idarə etmək daha asan olur. Düzdür, onlar gələcəkdə öz fikirlərini söyləyə bilməyəcək, hüquqlarını müdafiə edə bilməyəcək, bəlkə cəmiyyətə yararsız bir insan kimi yetişəcək, eybi yox, olsun! Təki, müəllimin sinfi səssiz, sakit, sözəbaxan olsun. Belə müəllimlər rəhbərlik və hətta valideynlər tərəfindən böyük hörmət və rəğbət görürlər. Bəzi valideynlərə də təəccüblənməmək mümkün deyil. Müəllimədən övladlarına qarşı çox sərt, qəddar olmalarını tələb edərək, hətta “Müəllim, uşağımın əti sənin, sümüyü mənim olsun”, yəni mənim övladımla necə istəsən rəftar edə bilərsən, istəsən vur, istəsən təhqir et, hər cür cəzanı ver, yetər ki, oxusun. Bəzən valideynlər övladlarının bir insan, hətta uşaq olduqları üçün çox həssas olduqlarını unudurlar. Övladlarının ayağına daş dəyməsinə razı olmayan valideynlər, bəlkə də, yaxşı tanımadıqları bir müəllimə həvalə edərək övladlarını məhv etməsi üçün tam hüquq verirlər. Görəsən, bu şəkildə oxudulan övladlarımız bizə, cəmiyyətimizə və ölkəmizə necə yararlı ola bilər?! Elə bunların nəticəsidir ki, cəlladdan fərqlənməyən həkimlər, daş qəlbli hakimlər, şəfqətsiz müəllimlər və digərləri yetişir. Bu hala gəlmələrinin səbəbkarları onları bu şəkildə yetişdirən valideynlər və əlbəttə ki, müəllimlərdir. Axı bu uşaqlar sirk üçün deyil, cəmiyyət üçün yetişdirilir. Onlara şiddət deyil, sevgi vermək lazımdır ki, gələcəkdə də insanlara şiddət deyil, sevgi bağışlasınlar. Şagirdlərinə qayğı və şəfqətlə yanaşan müəllim cəmiyyət üçün optimist, pozitiv düşüncələrə sahib, keyfiyyətli fərdlər yetişdirmiş olur. Təəssüflər olsun ki, bəzi müəllimlər necə böyük və məsuliyyətli bir vəzifə icra etdiklərinin fərqində deyillər. Onlara əmanət olunanlara ancaq gəlir mənbəyi olaraq baxırlar ki, beləcə qayğıdan, nəvazişdən yoxsun bir dərs zamanı keçirmiş olurlar.

Halbuki bir ölkənin, cəmiyyətin gələcəyi üçün ən vacib məqamlardan birini təşkil edən uşaqlar, bu ölkənin var olması və inkişafı üçün olduqca mühümdür. Ölkəmiz üçün bu qədər önəmli olan uşaqların cəmiyyətdə ruhi, fiziki və duyğu hallarına diqqət yetirilməlidir. Daim tənqid, təhqir, şiddət göstərməklə verilən elm gerçək elm deyildir.

Təhsil, təlim və tərbiyə zamanı gözlənəcək incəlikləri öyrənmək üçün də xüsusi bir elm mövcuddur. Bütün bu incəlikləri öyrənən elm sahəsi Pedaqogikadır. Pedaqogika uşaqların duyğu, zehn və sosial inkişaflarına diqqət yetirərək ruh sağlamlığı haqqında bilgilər əldə etməyə çalışan bir elmdir.

Doğulduğu andan etibarən ilk olaraq ailədə başlayan uşaq tərbiyəsi ölkə üçün də əhəmiyyət daşıyır. Bu səbəbdən də ailə ilə bərabər dövlətlər də uşaqların yetişdirilməsi üçün müxtəlif yollar axtarırlar. Pedaqogikanın da əsas hədəfi məhz budur.

Təhsil pedaqogikası əsasən ailədən başlamaqla daha sonra məktəb və fərqli təhsil müəssisələrində davam etdirilir. Pedaqogika elm olaraq müəllim-şagird münasibətlərinin necə olmalı olduğunu araşdırır və insanla bağlı bütün problemlər üçün vacibdir.

Herbarta görə pedaqogika, fəlsəfəyə və psixologiyaya bağlıdır. Birincisi, təhsilin hədəfini, ikincisi də, bu hədəfə aparan yolu, vasitələri və qarşılaşılan problemləri göstərir. Bunlar olmazsa təhsil də olmaz, insanın içində olduğu və daxil olmaq məcburiyyətində qalacağı həqiqətlə əlaqəsini qura bilməz.

Pedaqogikanı çox mərtəbəli binaya bənzətmək mümkündür. Bu mərtəbələrin qatlarından biri elmlə, digəri əxlaq və praktik fəlsəfə ilə, üçüncüsü metodlarla, sonuncusu isə xüsusi bir qayğı ilə yaxınlıq göstərməkdir. Sonuncunun bütün mərtəbələrə tətbiqi mütləqdir. Təəssüflər olsun ki, pedaqogika bizim təhsil müəssisələrində səthi tədris olunur. Və gələcəyin müəllimləri pedaqogikanın nə olduğunu dərk etmədən siniflərə daxil olurlar.

Təhsilimizdə mövcud problemləri sayarkən, gördüyü işin fərqində olub, yüzlərlə şagird yetişdirən çox dəyərli müəllimlərimizi də xatırlamalıyıq. Onlar üzlərindəki təbəssümlə, sevgi ilə şagirdlərini qarşılayar, hər cür nəvaziş və qayğını göstərərlər. Əlbət bu ortamda təhsil alan uşaqlar da həyatları boyunca belə müsbət xasiyyətlər sərgiləyərlər. Bu müəllimlərin vaxtaşırı öz təcrübələrini digər həmkarları ilə bölüşməsi daha gözəl nəticələrə səbəb ola bilər.

Uşaqlar pul qazanmaq üçün vasitə olmamalıdır. Onlarla həmhal ola bilən insanlar müəllim olsunlar!


Gülnarə Seyidova
Bu yazıya 13 dəfə baxılıb.