MODA BİZƏ LAZIMDIRMI?


Gülnarə Seyidova
Bu yazıya 1409 dəfə baxılıb.

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. (Ə'RAF Surəsi, 26)

Bu ayədə ilk insan və ilk peyğəmbər olan Hz. Adəmin Cənnətdən dünyaya gəlişində geyimləriylə birlikdə yaradıldığına işarə edilir. Ayrıca "bəzəkli libas" ifadəsiylə bu geyimlərin bəzəkli və gözəl olduqları aydın olur. Ayədən bəlli olur ki, qədim çağlarda insanların primitiv həyat sürdüklərinə dair məlumatlar tamamilə təkamülçü, boş bir fərziyyədir. Allahın ilk insan olaraq yaratdığı Hz. Adəm çox müasir, gözəl görünüşlü, gözəl geyimli bir peyğəmbər idi.

Geyim insanların təməl ehtiyaclarındandır. Geyinmə ehtiyacı ayədə də deyildiyi kimi bədən üzvlərini görünməkdən və təbiətin təsirlərindən qorumaq səbəbi ilə yaranmışdır. Dünyada insanlardan başqa bütün canlılar xarici təsirlərdən qorunmaq üçün dəyişik qorunma vasitələrinə sahibdir. Məsələn; əsasən soyuq bölgələrdə yaşayan ayı kürkü vasitəsi ilə qorunur.

Lakin zaman keçdikcə insanlar təməl ehtiyaclarından olan geyimlərlə gözəl görünmə, diqqətləri üzərinə çəkmə istəkləri, daha yaxşı və daha gözəli axtarma səyləri ilə yaxşı geyim deyimi ortaya çıxdı.

Daha yaxşı və gözəli axtarma duyğusu köhnələn geyimin yerinə eynisini deyil, fərqlisini əldə etmə istəyi ilə moda fəaliyyətə başladı.

Cəmiyyətlər arasında özlərini bəyəndirmə səyi fərqli görünməklə bizə görə maraqlı gələbilicək davranışlar sərgiləyir. Buna  bir neçə  nümunə;

Taylanddakı Padaunq qəbiləsinin gözəl göründüyünü düşünərək, uzun boyunlu ola bilmək üçün boyunlarına, burunlarına və qulaqlarına qalın halqalar taxırlar. Afrikada olan bəzi qəbilələrdə hətta dodaqlarına diametri 25 sm-ə çatan dairəvi qablar taxır, qab nə qədər geniş olsa o qədər də gözəl göründüyünü düşünürlər.

Çinlilər kiçik ayaqlı ola bilmək üçün ayaqlarına 6 yaşından etibarən heç çıxarmadıqları, ‘qızıl lotus'  adı verdikləri kiçik çarıklar geyinirlər, bu da eyni səbəblərdən ötəri edilir...

Ənənəvi cəmiyyətlərdə moda yoxdur. Geyimlər müəyyən rolları ifadə edir; hər kəs öz yaşına, cinsiyyətinə, cəmiyyət içindəki vəziyyətinə, işinə uyğun olanı geyir. Ola biləcək dəyişikliklər son dərəcə əhəmiyyətsizdir.

İnsanoğlu örtünmək deyil də geyinmək istədiyi anda bəlkə də şüursuzca da olsa moda anlayışını meydana gətirib. Əslində moda da məqsəd geyimin hökmən faydalı və lazımlı olması deyil fərqli olmasıdır. Yəni əslində isinmək və ya qorunmaq üçün modaya ehtiyacımız yoxdur. Amma insanoğlunu gözəl və cazibədar olmağa, şəxsiyyətini və stilini geydiyi şeylərlə ifadə etməyə olan ehtiyacını moda qarşılayacağını düşünür.

Baxaq nədir bu moda; Niyə insanlar həyatlarını ona görə nizamlayır, niyə tez-tez adını eşidirik, niyə qəzet və jurnalların onlarla səhifəsini tutur?

Moda, bizim köhnə ayaqqabımız. Ya da yeni paltarımızdır. Moda cəmiyyətin ictimai, siyasi və mədəni vəziyyətinə əks olunur. Moda Fransız imperatriçəsi Egenieni 1936-cı ildə Süveyş kanalının açılışına 250 paltarla getməsinə səbəb olan şeydir. Moda XIX əsrdə 27 Paris dərzisini 100 metrlik parçadan 11 gün bal paltarı tikməyə məcbur edən şeydir. Tarix boyunca müxtəlif xalqlar müxtəlif geyimlər, saç düzümləri, boyalar istifadə edərək fərqli tərzlər yaratmalarına səbəb olan şeydir moda.

Moda gerçək mənada ancaq dəyişməyə inanan, dəyişmə yoluna başlamış cəmiyyətlərdə ortaya çıxır. Bu səbəblə də bir tərəfdən iqtisadiyyata bir tərəfdən də ictimai quruluşa möhkəm, amma hərəkətli (dəyişən) şəkildə bağlıdır. Uzun zaman boyunca moda əhalinin ancaq çox kiçik bir hissəsini maraqlandıran bir fakt olaraq qalmış, seçmələrə xas olmuşdur.

Moda cəmiyyətlərin ənənəvi hadisələrinin bir tilsimli aynasıdır. Xalçadan ev əşyalarına, ləl-cəvahiratlardan ətirə, avtomobildən televizora, mahnılardan romanlara qədər hər şeyin ayrı modası vardır. Nəticə olaraq Dünyada dəbdən düşməyəcək tək şey insanların dəblə ayaqlaşma səyidir ki, buda idarə olunmalıdır. Əks halda bu moda sevdası insanları dəhşətli bir uçuruma apara bilər…

Modanın təsir etmə vasitələri: Satış təşkilatları və reklamlardır. Bu təşkilatlar zaman-zaman ortaya dəyişik yeniliklər çıxarır. Bu yeniliklərin tutub tutmayacağı cəmiyyətin yaşam şərtlərindən və nəfsin idarə olunmasından asılıdır. Bu işdə isə qazanan bir sıra təşkilatçı şirkətlər, itirən isə onların moda tələsinə düşənlərdir. İnsanlar anlamalıdır ki, bütün bu moda oyunları ancaq bir qrup insanların böyük məbləğdə pul qazanmaları üçün təşkil olunur.

Modanın əks təsirləri; araşdırmalarım nəticəsində modanın heç bir müsbət yönünə rast gəlmədiyim üçün ancaq zərərlərindən danışmaq istərdim. Beləliklə, əsasən 3 zərərli təsirinin olduğu qənaətinə gəldim. Maddi, mənəvi və fiziki.

  1. Bəzi insanlar modanın yeni nümunələri satışa çıxar çıxmaz, evdə bir sürü yeni paltarlarının olmasına baxmayaraq bütün pullarını xərcləməyə hazırdır. Nəinki əllərindəki pulu xərcləyirlər hətta kredit kartlar vasitəsi ilə faizli borclar da götürürlər. Yetər ki, modadan kənarda qalmasınlar. Ən dəhşətlisi də odur ki, “Geyinməyə heç bir şeyim yoxdur” deyib, özlərinə haqq qazandırırlar. Modanın maddi ziyanı geyimlə kifayətlənmir. Yeni istehsal olunan maşın markaları, ev dekorasiyası və hətta ləl-cəvahiratını da modaya əsasən dəyişən bir toplum var hazırda. Bütün bu sadalananlar hər dəfə  yenisi ilə əvəzlənəndə itirilən pullar ağlasığmaz rəqəmləri meydana gətirir. Adi bir riyazi hesablama ilə bunu özünüz də görə bilərsiniz.
  2. Mənəvi zərər sözsüzki, geyimlərdə olan açıq-saçıqlıq, özünü göstərmə həvəsi və başqalarının diqqətini üzərinə çəkməklə özünü də onları da günaha salmasıdır. Nur surəsi 30, 31-ci ayələrində bunlar açıq izah olunur. Bunlarla yanaşı milli-mənəvi dəyərlərimizi də unutmamalıyıq. Çünki bizim xalqımızın keçmişində nə bu cür geyim olub nə də ki moda. Milli geyimlərimizə nəzər salsaq heç birində açıq-saçıqlıq, darlıq, narahatlıq yoxdur. Əksinə hər biri sadə, rahat və xoşagələndir. Müasir modanın əsas zərərlərindən də mənəvi dəyərlərimizi əlimizdən alaraq soy kökü olmayan, heç bir əxlaqi normalara sığmayan insanların geydiklərini bizim həyatımıza yeridirlər. Özümüzü bunlardan qorumağın tək yolu Quran və sünnəyə əsasən geyinməkdir.
  3. Soruşa bilərsiniz ki, bəs fiziki zərərləri necə ola bilər? İzah etməyə çalışacam. Moda ilə geyinən bir insan daha dəbli görünmək üçün qışın soyuğunda çox incə bir paltar geyə bilər. Bunun nəticəsində də soyuqlayıb, xəstələnən insanları yəqin hər biriniz görmüsünüz. Bundan əlavə son illərdə dəbdə olan həddən ardıq dar geyimlər, yeniyetmələrdə və gənclərdə çox ciddi problemlər yaradır. Orqanizmin normal inkişafına əngəllər törədir. Həkimlərin bildirdiyin görə bu kişi və qadın sonsuzluğuna kimi aparır. Hələ hündür dabanlı ayaqqabılardan danışmırıq. Bu ayaqqabılarla gəzməklə qadınlar ayaqlarına, onurğa sütunlarına eləcə də bütün sinir sisteminə zərər yetirirlər. Hələ yıxılaraq ayaqlarına və müxtəlif bədən üzvlərinə zərər yetirənləri də qeyd etməliyəm.

Beləcə modanın zərərlərindən çox danışmaq olar. Mənim araşdırmalarımın nəticəsində modaya bir tərif vermək istərdim. “Bu günün modası elə sənə uyğun olanı və yaraşanı geyməkdir”.


Gülnarə Seyidova
Bu yazıya 1409 dəfə baxılıb.