Sonrakı peşmançılıq fayda verməz!


Ülkər Dadaşova
Bu yazıya 13 dəfə baxılıb.

Əslində, peşmançılıq hissi insanı yetişdirir, doğru seçimlər etmək üçün yol göstərir. Amma bəzən də dönüşü olmayan bir cığır açır. Ustadlardan biri hər zaman öz şagirdlərinə belə bir tövsiyəni verərmiş ki, həyatda nəyi səhv etsəniz də çalışın iki seçimdə heç vaxt yanılmayın. Birincisi, öz həyat yoldaşınızı, ikincisi də öz peşənizi seçərkən. Çünki bu iki seçimdən biri ilə məcbursan işləyib yaşamını təmin edəsən, digəri ilə də ömür-gün keçirəsən. Hər hansı birində yanılsan həyatını məhv etmiş olarsan. Mövlanənin də dediyi kimi:

“Ümidini itirmə, bu həyatda hər sonluq yeni bir başlanğıca səbəb olmuşdur”.

Addımınızı səhv atıb yanılmısınızsa bütün qapılar sizin üçün bağlanıb deyə düşünmək xəyal qırıqlığından başqa bir şey deyil. Hər zaman doğru olan yeniliklərə can ataraq daha böyük nailiyyətləri hədəf almaq lazımdır. Bir sözlə “startap” ruhlu insanı biz öz daxilimizdə böyütməliyik.

Hansı sahədə olmasından asılı olmayaraq, çalışmaq lazımdır ki, “addım”larımızı atarkən hər zaman valideynlərimiz və ya necə deyərlər, həyatın hər üzünü görmüş digər böyüklərimizlə məsləhətləşib onların razılığını alaq. Fikirlər üst-üstə düşməsə də ortaq bir nöqtədə qərarlaşmağa çalışaq. Günümüzdə valideyn-uşaq münasibətlərindən əziyyət çəkən ailələrin sayı kifayət qədərdir. Bu problem çox hallarda valideynin cahilliyindən və ya uşaqların düzgün düşüncəyə sahib olmamaqlarından irəli gəlir. Valideyn övladına düzgün alternativlər verməyi hər zaman bacarmalıdır. İstər peşə seçimində, istərsə yaşam tərzində və s. kimi bir çox mövzularda. Aradakı münasibəti düzgün şəkildə tarazlamadıqda isə övlad ilə valideynin arasında uçuruma gedən bir yol, səmimiyyətsizlik yaranır. Bu da öz təsirini uşaqlar cəmiyyətə atılarkən, daha çox yeniyetməlik yaşlarında onların tərbiyə və davranışlarında, psixoloji durumlarında özünü açıq-aydın büruzə verir.

Bəs sadalanan bu cür problemlərlə rastlaşmamaq üçün nə etməli, düzgün seçimlər etmək üçün hansı qərarları verməliyik?

Bütün bu anlaşılmazlıqlara aydınlıq gətirmək üçün mövzuya bir də psixoloqların aspektindən yanaşaq.

Psixoloqların fikrincə, uşaq yaşlarından yersiz qadağalara, şiddətə məruz qalma kimi hallarla rastlaşan insanlar daha çox özlərinə qapalı, bəziləri isə daha emosional olur. Nəticə də isə onlar hisslərinə qapılaraq düzgün qərar verməkdə çətinlik çəkir və ya emosiyalar üstün gəldiyi üçün məntiqli düşünə bilmirlər. Beləliklə də səhv qərarlar qəbul edə bilirlər: "Hədsiz emosional insanlar bu halla daha çox rastlaşır. Onlar emosiyaların qurbanı olaraq çox vaxt verdiyi qərarlara görə peşmançılıq çəkirlər. Ona görə yaxşı olar ki, qərar qəbul etməli olduğunuz anda özünüzə vaxt ayırasınız. Misal üçün, bir həftəyə və ya bir aya hansısa qərarı verməli olduğunuzu qarşınıza məqsəd qoyun. Təyin olunan müddətə qədər sakitləşib qərar verməyiniz daha yaxşı olar. Məşhur metoddan istifadə edib qərar verəcəyiniz məsələ barədə kağızda yaza bilərsiniz. Bunun üçün üç sütun ayırın və sütunun birində qərardan sonra nəyin dəyişiləcəyini, əgər bu qərarı versəniz, hansı pis və hansı yaxşı hadisələrin baş verə biləcəyini qeyd edin. Hər şeyi planlaşdırıb vərəqdə yazın. Gerçəklikdə qərarı qəbul etdikdən sonra da nəyin baş verdiyini yazmağı unutmayın. Belə ki, yazdığınız hadisələri istədiyiniz vaxt təhlil edə bilərsiniz. Bu, sizə gələcəkdə kömək edə bilər. Belə ki, ola bilsin, siz yenə də oxşar vəziyyətlə üzləşib düzgün qərar verməli olacaqsınız. Bu

barədə apardığınız qeydlər və onların hərtərəfli təhlili isə sizə düzgün qərar verməyə kömək edəcək".

Qərar qəbul edərkən fikirlərdə ardıcıllıq olmalı, insan aydın düşünməyi bacarmalıdır. İnsan qəzəblənən zaman aydın düşünə bilmir və yanlış qərarlar verir. Sakitləşəndə, özünü ələ alandan sonra isə məntiqə əsaslana bilir. Əslində onun üçün hansı seçimin daha xeyirli olduğunu ayırmağı bacarır. Qərarın nə dərəcədə uğurla nəticələnməsi isə həm insanın təcrübəsindən, həm də hadisələrin gedişatından, təsadüflərdən asılıdır. Uğursuzluqla nəticələnən qərarlar isə anidən, qəzəblənən və ya qorxan vaxt verilən qərarlardır. İnsan hər şeyin pis olacağından qorxduğu zaman da qorxu hissi ona düzgün qərar verməyə imkan vermir. Qorxunu aradan qaldırmaq üçün qərardan sonrakı nəticələri ətraflı təhlil etmək lazımdır.

Düzgün qərar qəbul etmək üçün əsas amillərdən biri də obyektivlikdir. Vəziyyəti hisslərə qapılaraq yox, olduğu kimi qəbul etmək sizə və verəcəyiniz qərarlara müsbət təsir edəcəkdir.


Ülkər Dadaşova
Bu yazıya 13 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.