Könül İqlimindən İncilər


Osman Nuri Topbaş
Bu yazıya 13 dəfə baxılıb.

Cənab-Haqq göydə və yerdə olan hər şeyi bir təqdirlə yaratmışdır. Ən kiçik atom parçalarından ən nəhəng varlıqlara qədər hər şey bu ilahi nizam daxilində hərəkət edir. Heç bir varlıq “sünnətullah” və “adətullah” deyilən bu nizamın xaricinə çıxa bilməz. Lakin sonsuz güc və qüvvətin yeganə sahibi olan Rəbbimiz istədiyi vaxt bu nizamı dəyişdirə bilər. Belə ki, insanlara doğru yolu göstərmək üçün göndərdiyi peyğəmbərlərinə verdiyi möcüzələr bunun bariz nümunəsidir. Məsələn, dəniz Musa (ə.s.) üçün yol olmuş, əsa əjdahaya dönmüş, İsa (ə.s.) və İbrahim (ə.s.) üçün ölülər dirilmiş, göydəki ay Peyğəmbərimiz (s.ə.s.) üçün iki yerə bölünmüşdür.

Bu valehedici hadisələri bizim dövrdə elmə həddindən artıq dəyər verən insanlar qəbul etməkdə çətinlik çəkə bilər. Lakin Allahın qüdrət və əzəmətinə iman edən bir mömin üçün qavramaqda çətin bir vəziyyət yoxdur.

Rəbbimiz, Haqq yolunda riyazət, cihad və səyləri nəticəsində ikram olaraq bəzi vəli qullarına da fövqəladə hallar olan kəramətləri lütf edə bilər. Lakin unudulmamalı bir həqiqət var ki, o da vəlilərdə olan və bir qisim insanların iradələrinə müsbət bir istiqamət vermək məqsədilə zühur olan kəramətlər, tabe olduqları peyğəmbərin bərəkəti ilədir və eyni zamanda onun möcüzələrinin bir növ davamı mahiyyətindədir.

Necə ki, həm əsri-səadətdə, həm də daha sonrakı dövrlərdə baş verən qənaət və kəramətlərə şahid olan kimsələr: “Vəlisi belə olan bir dinin, Nəbisi gör necə olar!...” - deyərək kəramətin əsl mərkəzini təyin və təsdiq etmişlər.

Allah dostlarının göstərdiyi kəramətlər iki cürdür:

1. Kəvni və suri kəramət: Bunlar, Tayyi-məkan (məkanı anlayışını yox edərək, bir anda müxtəlif yerlərdə görünə bilmə), olmayan bir əşyanı göz önünə gətirmə, vəhşi heyvanlara iş gördürmə kimi maddi aləmdə meydana gələn xariqüladə hallardır. Allah dostları bu tip kəramətlərə əhəmiyyət vermirlər. Onu zərurət xaricində göstərməyi də düzgün olmadığını düşünürlər. Çünki bu hal xalqın heyranlığına və alqışlarına səbəb olur. Cahil kəslər artıq hər şeyi o vəlilərdən gözləməyə başlayır. Bu isə qəlbə zəhər saçan şöhrət və qürur fəlakətini də özü ilə gətirir. Buna görə də vəli zatlar bu tip kəramətlərə meyl etməz, lakin məcbur qalsalar da mümkün olduğu qədər bu hallarını gizlətməyə çalışarlar.

2. Mənəvi kəramət: Elm, əxlaq, ibadət, mərifət və təqvada yol qət edərək, “(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol! ..” (Hud, 112) ayəsinin məzmunundan pay almaqdır. Hər nə qədər insanlar bu kəramət növlərindən birincisinə rəğbət göstərsə də, əslində məqbul olan ikincisidir. Çünki təsəvvüf əhli belə deyir; “Ən böyük kəramət bütün çətinliyinə baxmayaraq istiqaməti qoruya bilməkdir”.

Bir çox kəraməti nəql edilən Bəyazid Bistami kəramətə deyil, istiqamətə əhəmiyyət verir və belə buyururdu: “Kəramətlər verilmiş, hətta havada bardaş qurub oturmuş birini görsəniz belə, dərhal ona aldanmayın! İlahi əmr və qadağalara riayət edirmi, ilahi hüdudları mühafizə edirmi, şəriət hökmlərinə tam əməl edirmi, ona baxın!”

 

Cüneyd Bağdadinin buyurduğu kimi: “Bir adamı havada uçarkən görsəniz, halı kitab və sünnəyə uyğun gəlmirsə, bu bir (kəramət deyil) istidracdır”.

İstidrac isə kəramətin ziddi olaraq kafir, fasiq və mütəşeyyih, yəni vəli olmadığı halda vəli olduğunu iddia edən şəxslərdə görünən xariqüladə hallardır. Bunlar bir ilahi imtahan olub, onları həlaka aparar.

Qulluq həyatında mühüm olan kəramətə deyil, Kərim olan Cənab-Haqqa çatmaqdır. İstiqamət üzrə olmayan birinin kəramət əldə etmək üçün çırpınışı boşadır.

Bu barədə Xalid Bağdadi belə buyurmuşdur:

“İstiqamət və səy, sonsuz kəşf və kəramətdən üstündür. Bundan əlavə bilmək lazımdır ki, kəşf və kəramət dinin əmrlərinə riayəti artırmağa vəsilə olmursa, bəla və fitnədən başqa bir şey deyil”.

Kəşf və kəramət sahibi olmaq son nəfəsin iman ilə gerçəkləşəcəyinin də bir zəmanəti deyil. Həsən Bəsri həzrətlərinin tələbələrindən birinə kəramətlə əlaqədar etdiyi bu vəsiyyət çox diqqət cəlb edir:

“Elm, hal və irfan səviyyənin yüksəkliyinə aldanma! Bəlam ibn Bauranın Lövhi-məhfuza baxıb onu oxuyacaq məqama çatdıqdan sonra başına nələr gəldiyini xatırla!”

Onun ibrətli halı Qurani-Kərimdə belə ifadə edilir:

“...Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!” (Əraf, 176)

Bu səbəblə səhabə hər nəfəsdə axirətin naratlığı ilə yaşamışlar. Danışacağımız hadisə bu vəziyyətin mənalı bir misalıdır:

Rəvayətə görə, iki adam Salman Farisiyə salam verib:

- Sən Rəsulullahın (s.ə.s.) səhabələrindənsənmi? - deyə soruşmuşlar.

Allah Rəsulunun (s.ə.s.) çox sevdiyi və; “Salman məndəndir, Əhli-Beytimdəndir.”1 buyurduğu o seçkin səhabə, könlündəki son nəfəs narahatlığıyla:

- Bilmirəm! - cavabını verdi.

Gələnlər; “Görəsən səhv birinin yanınamı gəlmişik?!” - deyə tərəddüt etdilər. Salman sözlərini belə açıqladı:

- Bəli, mən Rəsulullahı (s.ə.s.) görmüşəm, Onun məclisində iştirak etmişəm. Ancaq Allah Rəsulunun (s.ə.s.) əsl səhabəsi, Onunla birlikdə Cənnətə girə biləcək adamdır" (Baxın. Heysəmi, VIII, 40-41; Zəhəbi, Siyər, I, 549).

Bir çox rəvayətdə Peyğəmbərlərdən (s.ə.s.) sonra insanların ən xeyirlisi olduğu bildirilən Həzrət Əbu Bəkirin fiziki və zahiri kəramətinə dair çox məlumat yoxdur. Onun ən böyük kəraməti Allah Rəsuluna (s.ə.s.) olan bənzərsiz sədaqəti, müstəsna təslimiyyət və itaətidir.

Necə ki, dəfələrlə sərvətinin hamısını Peyğəmbərimizə (s.ə.s.) gətirib Allah yolunda örnəyi olmayan bir infaq nümunəsi sərgiləmişdir.

Rəsulullahın (s.ə.s.):

- Ailənə nə saxladın, ey Əbu Bəkir? - sualını da böyük bir eşq həyəcanı içərisində:

- Onlara Allah və Rasulunu saxladım! – cavabını vermişdir (Əbu Davud, Zəkat, 40/1678; Tirmizi, Mənaqib, 16/3675).

Hətta bir gün Rəsulallahın (s.ə.s.):

- Əbu Bəkirin malından istifadə etdiyim qədər başqa heç bir kimsənin malından faydalanmamışam ... - nəbəvi iltifatına cavab olaraq, göz yaşları içərisində:

- Mən və malım, yalnız Sənin üçün deyilikmi, ey Rəsulallah?!.2 - deməklə özünü bütün varlığıyla Peyğəmbərimizə (s.ə.s.) həsr etdiyini və Onda fani olduğunu ifadə etmişdir.

Haqqa çatmaq üçün istiqamətdən başqa bir yol olmadığı kimi, hər barədə istiqaməti mühafizə etmək qədər yüksək bir mövqe və onun layiqiylə yerinə yetirilməsi qədər çətin olan heç bir əmr yoxdur.

Lakin Cənabı-Haqqın istiqamət əhlinə müjdəsi də böyükdür:

Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!” (Fussilət, 30-32)

Sufyan ibn Abdullah belə danışır:

Rəsulullaha (s.ə.s.):

- Ey Rəsulallah! Mənə İslamı elə izah et ki, onu bir daha başqasından soruşmaq ehtiyacı hiss etməyim - dedim. Peyğəmbərimiz:

- Allaha inandım de, sonra da doğru ol! - buyurdu (Müslim, İman, 62).

Heç şübhəsiz ki, doğru olmaq ancaq Peyğəmbərimizə (s.ə.s.) tabe olmaqla mümkündür. Belə ki, Cənabı-Haqq Onun haqqında: “Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər) (Yasin, 4)” – buyurmuşdur.

Bu səbəblə səhabə də ömürlərini: “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96) hadisi-şərifinin məzmunu ilə yaşayıb, bütün hal və davranışlarında Peyğəmbərimizlə (s.ə.s.) birlikdə ola bilmək cəhdi içərisində olmuşdur.

 

Xülasə, Quran və sünnəyə möhkəm sarılıb, əmr olunduğu kimi doğru ola bilmək, yəni istiqamət

üzrə yaşaya bilmək bu zamanın ən böyük kəramətidir. Çünki Haqq qatında məqbul olma, qulluqdaki istiqamət nisbətindədir.

 

Rəbbimiz bizləri son nəfəsimizə qədər istiqamətdən ayırmasın. Bir kölgənin sahibinə olan bağlılığı kimi, bizləri Rəsulullaha (s.ə.s.) ram etsin. Amin!


Osman Nuri Topbaş
Bu yazıya 13 dəfə baxılıb.