Müəllimə, bizə sevməyi öyrətdiniz!


Xədicə Şahin
Bu yazıya 13 dəfə baxılıb.

Qazaxıstandan gəlməyimdən 3 il ötür. İllər sonra qeydlərimi yazdığım dəftərimə baxarkən içindən bir məktub tapdım. Oxuduqda çox duyğulandım və təəccübləndim. Məktubu əvvəl oxusaydım mütləq yadımda olardı. Məktub qazaxıstanlı bir şagirdə aid idi. Bu şagirdin 3 il dərsinə girmişdim. Özünə inamı olmayan, danışanda insanın gözlərinə baxa bilməyən, utancaq hərəkətlərinə görə digərlərindən fərqli görünən və dərs danışa bilməyən bir şagird idi. Öz dərsimdə xüsusilə onu qaldırar və “buyur, səni dinləyirəm” deyərək bir neçə cümlə də olsa danışdırmağa çalışardım. Kursun sonuncu ilinin son ayında xoşagəlməz bir hadisə olmuşdu. Həmin qızın sinfində əlaçı bir şagirdin böyük qardaşının hədiyyə etdiyi mobil telefonu itmişdi. Daha sonra telefon zibil qutusundan parçalanmış halda tapılanda çox təccüblənmişdik. Bu oğurluq deyildi. Araşdırdıqda bunu məktubu yazan şagirdin etdiyini öyrəndik. Sinifdə iclas edib “qəti şəkildə bu hadisəni yoldaşınızın üzünə vurmayacaksınız” deyə, digər uşaqlara tapşırdıq. Hətta telefonun sahibi olan tələbəmiz hadisəni həyata keçirən yoldaşını qucaqlayaraq bağışladığını söyləmişdi. O zamanlar telefonun sahibi olan tələbə dərslərdə uğur qazandığı üçün yoldaşı ona həsəd edib telefonunu parçaladığını düşünmüşdük. İşin əslini məktubu oxuyanda başa düşdüm.

Məktub yarımçıq türk dilində yazılmışdı. Belə deyirdi: “Sevgili müəlliməm, mən sizi Allah rizası üçün çox sevirəm. Bu kursda oxuduğum üçün çox xoşbəxtəm. Siz müəllimələr həmişə mənə kömək etmisiniz. Amma mən bunu anlamamışam. Balacalığımdan bu yana məni alçaldan insanlar kimi bilmişəm sizi. Hər zaman özümü işəyaramaz biri kimi görmüşəm. Anamdan ayrı nənəmin yanında böyümüşəm. Anamı kursun ikinci ildə qucaqlaya bildim. O da yalnız bir dəfə. Etdiyim işdən çox utanıram. Mənə başqa sinifin şagirdləri “sənin oğru olduğunu bütün kurs bilir, niyə burada oxuyursan” deyirlər. Nə olur olsun mən çox çalışacağam. Sizdən və bütün müəllimələrdən üzr istəyirəm və hamınıza çox təşəkkür edirəm”.

Məktubu oxuyanda məsələnin əslində necə olduğunu başa düşdüm. Telefonunu qırdığı yoldaşının çok gözəl bir ailəsi vardı. Ailəsi qısqandığı yoldaşına sevgi və dəyər göstərirdi. Bunu bilən qızımız ailə sevgisindən məhrum olduğu üçün ona qısqanclıq etmişdi.

Ey sevgisizlik, sən insanlara nələr elətdirirsən!

Bir də sevginin bağlı qapıları açan bir açar olduğuna həyatdan bir misal verim. Hadisənin sahibləri ilə Qırğızıstanda tanış olmuşam. Ailəlikcə din xadimi olaraq Bişkek şəhərində yaşayan bir ailə idilər. Türkiyənin Elazığ şəhərinin bir kəndində kürd əhalinin çox olduğu yerdə imamlıq ediblər. Ora sərt qaydaları olan bir kənddir. Kənddə hörmətə görə uşaqları böyüklərin yanında heç vaxt qucaqlarına almayıblar. Hər zamanda böyüklərlə birlikdə olduqları üçün bəlkə də uşaqlar öpülmədən, sevilmədən böyüyüb bu kənddə. Xüsusilə də qız uşaqları heç gözəl sözlər eşitməyiblər. Bu kəndə imam kimi gedən ailənin o vaxtlar kiçik bir qızları varmış. Bu müəllim məsciddəki xütbələrində xüsusilə Peyğəmbərimizin (s.ə.s.) uşaqlarına, nəvələrinə olan sevgi və davranışlarından bahs edərmiş. Təkcə danışmaqla kifayətlənməz, qızını çiyninə alıb kəndin içində gəzdirər, məscidə özü ilə aparıb onunla oyunlar oynayarmış, buna kənd camaatı da şahid olarmış. Bu imamın xanımı da kəndin qızlarına, qadınlarına dərs verirmiş. Bir gün bir qız uşağı ağlayaraq bu xanıma: “Allah sizdən razı olsun, dünən atam məni ilk dəfə qucaqladı və alnımdan öpdü. Və mənə: “Qızım, məndə səni sevirdim, amma bunu söyləyə və göstərə bilmirdim. Sənə olan sevgimi söyləməyi müəllimdən öyrəndim” - deyib.

Yenə bir gün 90 yaşında bir baba xanımın dərs verdiyi yerə gələrək onu yanına çağırmış və qapının arxasından: “Qızım bu günə qədər siz harada idiniz? Qapını aç, əlini deyil ayağını öpüm. Siz bizə uşaqlarımızı sevməyi öyrətdiniz. Qızlarımızı qucaqlamağı öyrətdiniz” deyərək minnətdarlığını bildirmişdi.

Nümunəvi bir din maarifçisi. İnsan hədisləri oxuduğunda həyatı ilə uyğunlaşdırmaqda çətinlik çəkir. Elə bilirik ki, hədislər sadəcə səhabə dövründə yaşanılır. Amma sünnəni özünə həyat düsturu etmiş insanları göründükdə hədisləri daha yaxşı qavramaq olur. Bu ailə də Peyğəmbərimizin (s.ə.s.) öz uşaq və nəvələrinə, digər uşaqlara necə davrandığını yaşayaraq camaata öyrətmişdir. İnsanların içində sünnəni canlandırmışlar. İnşallah ki, Rəsulullahın (s.ə.s.) müjdəsinə də çatanlardan olarlar: “Kim mənim unudulan bir sünnəmi canlandırsa, ona yüz şəhid savabı vardır” [Tirmizi, Sünən, Elm, 39/16 (V;46)]

Bu imamım qızı Bişkek Qız Quran kursunda hafizlik tələbəsidir. Tələbəmiz hər kəsə nümunə olacaq şəkildə ədəbli, əxlaqlı, özünə inanan, çox gözəl tərbiyə almış bir qızdır. Deməli qız uşaqlarına göstərilən sevgi onların tərbiyələrinə pis təsir etmir, əksinə tərbiyə edir.

Gün ərzində mediada, söhbətlərimizdə, qonşu ziyarətlərində pis xəbər bombardmanı altındayıq. İnsan daim mənfi hadisələri eşitdikcə pisliklər adiləşib insanı layeqdləşdirir. Gözəl hadisələri eşitməyə-eşitməyə gözəllikləri itiririk. Sizlərlə yaşanan hadisələri paylaştım ki, həyatda gözəlliklərin də olduğunu bilək. İnsan yaradıldıqdan bəri yaxşılıqlar və pisliklər hər zaman yarışda olmuşdur. Bəzən yaxşılıqlar az kimi görünsə də qazanan həmişə yaxşılıq və gözəllik olmuşdur.

Həyatımızda gözəllikləri çoxaltsaq xeyir və şər yarışında xeyirə köməklik etmiş olarıq. Rəbbim bu yarışda xeyiri bir addım önə daşımağa vəsilə olan qullarından etsin ... Amin.


Xədicə Şahin
Bu yazıya 13 dəfə baxılıb.