Əhli-Beyt sevgisi


Fatimə Zəhra
Bu yazıya 13 dəfə baxılıb.

Varlıq nuru Həzrət Peyğəmbərin mübarək ailəsi…

Nəbəvi əxlaq, elm, irfan və fəzilətlərlə yoğrulan şərəfli nəsil…

Həzrət Peyğəmbərə məhəbbət və bağlılıqda ixlas və təqva abidəsi olan ümmətin rəhbəri, “Ali Muhamməd” –sallallahu əleyhi və səlləm-…

Əhli Beyt, əvvəla, Peyğəmbərimizin ailə üzvlərini ifadə etməkdədir. Bu mənada Əhli Beyt; Rəsul Əkrəm və ailəsi, Həzrət Əli, Cəfər, Aqil, Abbas və ailələridir.

Rasulullaha -sallallahu əleyhi və səlləm- salavat gətirmək, bütün möminlərə vacib olduğu kimi, Əhli Beytə hörmət və məhəbbətlə bağlı olmaq da bütün möminlərin vəzifəsidir.

Çünki insanoğlunun bir kimsəyə duyduğu məhəbbətin təbii nəticəsi, sevdiyi ilə əlaqədar olan hərkəs və hər şeyin bu məhəbbətə daxil olmasıdır. Bunlar, şəxslər, eşya, davranışlar ya da ərazi də ola bilir.

Məsələn, bir kimsəni çox sevirsənsə, o kimsəyə məxsus hal və hərəkətləri kimdə görsəniz, sevdiyiniz insanı xatırlayarsınız. O hal və hərəkətlərin sahiblərini də, sırf sevdiyinizi xatırlatdığı üçün məhəbbət dairənizə alırsınız. Bu nəticə, məhəbbətin dərəcəsinə görə təcəlli edər. Yüksək bir məhəbbətlə sevilənin; oturması, qalxması, hətta geyim-keçiminə aid xüsusiyyətləri də qəlbə təsir edər.

Allaha məhəbbət, sevginin zirvəsidir. Bir sonrakı zirvə isə, yaradılışımıza vəsilə olan Rasulullaha (s.ə.s.) məhəbbətdir. Rasulullah sevgisi ilə yoğrulanlar, yuxarıda ifadə etdiyimiz gerçəklər ətrafında Əhli Beyti də sevməyin sevinci ilə onların gözəl hallarına ram olurlar.

Zeyd ibn Ərkam -radıyallahu anh- belə anladır:

“Bir gün Rasulullah -sallallahu əleyhi və səlləm-, Məkkə ilə Mədinə arasındakı Hum suyunun başında ayağa qalxaraq bizimlə söhbət etdi. Allaha həmd sənadan və bizə nəsihət etdikdən sonra belə buyurdu:

«–Ey insanlar! Mən də bir insanam. Bu yaxında Rəbbimin elçisi mənə də gələcək və mən Onun dəvəti ilə gedəcəyəm. Sizə iki mühüm əmanət qoyuram. Biri, insanı doğruya aparan bir rəhbər və nur olan Allahın kitabı Qurandır. Onu götürün və çox bərk sarılın!..»

Peyğəmbərimiz (s.ə.s.) Qurani-Kərimə bağlılıq xüsusunda bəzi tövsiyyələr etdikdən sonra sözlərinə belə davam etti:

«–Sizə bir də Əhli Beytimi qoyuram. Allahdan qorxun və Əhli Beytimə hörmət göstərin! Allahdan qorxun və Əhli Beytimə hörmət edin!»”

Yanındakılar Zeydə -radıyallahu anh-:

“–Həzrəti Peyğəmbərin Əhli Beyti kimlərdir ya Zeyd? Xanımları da Əhli Beytindən deyildirmi?” deyə soruşanda o:

“–Xanımları da Əhli Beytindəndir. Lakin Onun əsil Əhli Beyti, özündən sonra da sədəqə almaları haram olan Əli, Aqil, Cəfər və Abbasın ailələridir” dedi (Müslim, Fədailus-Səhabə, 36).

Bir də mənən Əhli Beytdən olmaq əsas mövzudur. Beləki, Salman Farisi -radıyallahu anh-, hər halı ilə o qədər gözəl bir İslam şəxsiyyəti sərgiləyirdi ki, Ənsar da Mühacirlər də: “−Salman bizdəndir” deyərək onu paylaşa bilmirdilər.

Bu zaman Peyğəmbərimiz:

“–Salman bizdəndir, Əhli Beytdəndir!” buyuraraq onu təltif etdi (İbn Hişam, III, 241; Vakidi, II, 446-447; İbn Sad, IV, 83; Əhməd, II, 446-447; Heysəmi, VI, 130).

Deməli, Əhli Beytdən olmağın ən mühüm şərti “təqva”dır. Yəni zahiri mənada Əhli Beyteə mənsub olmaqla yanaşı, bir də mənən və ruhən Əhli Beytdən olmaq vardır. Bu isə, mömin könüllər üçün mərtəbələrin ən şərəflisidir.

Əshabın içində yüksək fəzilət və təqvasıyla tanınan Muaz ibn Cəbəlin -radıyallahu anh- halı da gözəl bir misaldır:

Rasul Əkrəm -sallallahu əleyhi və səlləm-, Muazı –radıyallahu anh- Yəmənə vali olaraq göndərərkən, onu yola salmaq üçün Mədinədən çıxana qədər onunla birlikdə getmişdi. Həzrəti Muaz minik üzərində, Peyğəmbərimiz (s.ə.s.) isə piyada gedirdi. Ona bəzı tövsiyyələr etdikdən sonra:

“–Ey Muaz! Bəlkə bu ildən sonra məni bir daha görə bilməyəcəksən! Ola bilsin ki, bu məscidimlə qəbrimi ziyarət edərsən!” buyurdu. Bu sözləri eşidən Muaz -radıyallahu anh- ağlamağa başladı. Rasulullah -sallallahu əleyhi və səlləm-:

“–Ağlama ey Muaz!” buyurdu və sonra üzünü Mədinəyə çevirərək:

“–İnsanlardan mənə ən yaxın olanlar, kim və harada olursa olsun, Allaha qarşı təqva sahibi olan müttəqilərdir” buyurdu (Əhməd, V, 235; Heysəmi, Məcmauz-Zəvaid, Beyrud 1988, IX, 22.).

Beləcə; “Şübhəsiz mənim dostlarım müttəqilərdir” (Əbu Davud, Fitən, 1/4242) buyuran Fəxri Kainat Peyğəmbərimiz, Ona yaxınlığın ən mühüm şərti, Allah qatında da yeganə üstünlüyün “təqva” olduğunu bəyan etmiştir.

O halda; “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96) hədisi şərifə əsasən Peyğəmbərimizə (s.ə.s.) yaxın olmaq, Onun dostluq halqasına və Əhli Beytinə daxil olmaq üçün, ən başda qəlbimizin Allah qorxusu və məhəbbəti ilə dolu olması, yəni qəlbimizin Allah və Rəsulu ilə bərabər olmasıdır. Bu halın ən əsas əlaməti də ibadət və davranışlarımızda özünü göstərir.

 

Əhli Beytə Məhəbbət

Cənab Haqq Qurani-Kərimdə:

“…Ey Əhli Beyt! Allah sizdən, sadəcə günahı götürmək və sizi tərtəmiz etmək istəyir” (əl-Ahzab, 33) buyuraraq Əhli Beyti təzkiyə və tərbiyə etdiyini bildirir. Yəni Əhli Beyti şəxsən Cənab Haqq mədh edir.

Rasulullah da (s.ə.s.) ailə üzvlərini candan sevər, ümmətinin də onları sevməsini arzu edərdi. Bu səbəbdən belə buyurmuşdur:

“Allah Təalanı, sizi nemətləndirdiyi üçün sevin. Məni, Allahı sevdiyiniz üçün sevin. Ehli Beytimi də məni sevdiyiniz üçün sevin!” (Tirmizi, Mənakib, 31/3789)

Allah Rasulunda fani olan Ebu Bəkir -radıyallahu anh-, Əhli Beytə hörmət və məhəbbətə də örnək bir şəxsiyyətdir. O, buyururdu ki:

“Əhli Beytinə qarşı ədəbli olmaqla Həzərt Məhəmməd (s.ə.s.) hörmət edin. Canım qüdrət əlində olan Allaha and içirəm ki, Rəsulullahın (s.ə.s.) yaxınları, öz yaxınlarımdan mənə daha sevimlidir.”

Əhli Beyt sevgisi o qədər mühüm bir vəzifədir ki, Rəbbimiz, namazlarda oxuduğumuz dualarda “Ali Məhəmməd” deyərək Əhli Beyt üçün də dua etməyimizi murad etmişdir. Namazlarda “Ali Məhəmməd” üçün edilən dua, şübhəsiz ki, onların məqamlarının ucalığını göstərir. Təzim və hörmətin beləsi, başqa heç bir “ailə” üçün olmamışdır.

 

GÖYLƏRİ TİTRƏDƏN CİNAYƏT (10 MƏHƏRRƏM, KƏRBƏLA)

Peyğəmbərimizin (s.ə.s.) məhəbbətlə bağrına basdığı, şəfqətlə öpüb oxşadığı, namazlarında belə mübarək belinə aldığı əziz nəvələri Həzrət Hüseyinə karşı işlənən cinayət, İslam tarixinin gördüyü ən ağır fəlakətlərindən biridir. Bu cinayətin İslam dünyasının bağrında açtığı yara hələ də qanamaqdadır.

Vəhşicəsinə törədilmiş bu cinayəti işləyənlərin hər biri, Allahın ayrı bir qəzabına düçar olmuşdur. Həzrət Hüseyinin qəddarlıqla qətli, İslam dünyasında o qədər nifrətlə qarşılanmışdır ki, o dövrün hökümdarı olan Yezidin adı həqarət ifadəsi olaraq işlədilir. Çünki o mənfur cinayətə, hansı məzhəbdən olursa olsun hər müsəlmanın ürəyi fəryad halındadır. Buna görə əslində Sünnülər və Şiələr arasında hər hansı bir problem yoxdur. Varmış kimi göstərilməsi, pis niyyətli insanların təhriklərindən başqa bir şey deyildir. Dolayısıyla bu gün hər iki tərəf də bir-birlərinə heç bir şəkildə düşməncəsinə baxmamalıdır. Bu gün əsasən; “Möminlər ancaq qardaşdırlar!..” (əl-Hücurat, 10) hökmü ətrafında birləşmək şərtdir.

Bu xüsusda Məhəmməd ümmətinin birlik və bərabərliyini pozan quru çəkişmələrə yol vermək, mübahisə və çatışmalara girmək, ən başda o əziz nəslin mübarək ruhunu incidəcək hərəkətlərdir. Əsasən də yersiz münaqişələr, tarixdən bəri daim zərər verici olmuşdur. Çünki ən kiçik bir sürtüşmə belə, Məhəmməd ümmətini bölmək istəyən İslam düşmənlərinin çörəyinə

yağ sürtmək deməkdir. Bu xüsusda sahib olacağımız ən gözəl hal, iman fərasəti ilə davranıb, lazımsız yerə qiybət və münaqişələrdən uzaq durmaqdır.

Bunda müvəffəq olmaq üçün Quran və Sünnə ilə yanaşı sarsılmaz bir ortaq nöqtəmiz də vardır ki, o da Əhli Beyt məhəbbətidir. Peyğəmbərimizin də əmr ettiyi bu məhəbbət, hər müsəlmanın sahib olması gərəkən könül üfiqidir.

Bu səbəblədir ki, xalqımız, Ehli Beytə daima dəyər vermiş, hörmət etmişdir.

Bizlər də o mübarək əcdadın torunları olaraq Peyğəmbərimizə layiq ola bilmək üçün, Onun bizlərə qoyduğu iki böyük əmanət olan Quran və Əhli Beytin məhəbbətini qəlblərimizdə daşımalıyıq. Gözəl əxlaq və davranışımızda Onu örnək almalıyıq. Bunun üçün də ən başda Peyğəmbərimizin, Onun əshabının halı ilə öz halımızı nizamlamalıyıq.

Ya Rəbbi! Qəlblərimizə Peyğəmbərimizin, Əhli-Beytinin, ashabının və onların izindən gedən Haqq dostlarının ruhaniyyətlərindən ehsan eylə!

Amin...

Yazı möhtərəm Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır.


Fatimə Zəhra
Bu yazıya 13 dəfə baxılıb.