Dəb, yoxsa ŞÖHRƏT?


Samirə Mahmudova
Bu yazıya 1110 dəfə baxılıb.

Hər dünyaya gələn insan Allah Təalanın yaratdığı fitrətə uyğun olaraq geyinmə və örtünmə ehtiyacını hiss edir. Təbii bir ehtiyac və yönəliş olaraq görülən geyinmə və bəzənməni Allah Təala insanların zəifliklərini nəzərə alaraq bəzi qayda-qanunlara bağlamışdır. Qurani Kərimdə “Allahın bəndələri üçün yaratdığı bəzəyi və halal ruziləri kim haram qıldı? De ki, onlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərindir” ( Əraf, 7/32) buyurularaq insanların təmiz və gözəl geyinmələri və halal ruzilərlə bəslənmələri təşviq edilmiş, əksinə xoş görülməyən və təmiz sayılmayan şeylərin isə haram olduğu ifadə edilmişdir.( Maidə, 4/5; Əraf, 7/160).

Hər mövzuda insanlığa və xüsusilə də ümmətinə örnək olan Peyğəmbərimiz ( s.ə.s.) geyinmə və bəzənmə mövzusunda daima  göstəriş və  riyadan uzaq durmağı əshabına məsləhət görər və yeni bir paltar geyindiyi zaman “Övrət yerini örtən və həyatımda onunla gözəl göründüyüm bu paltarı mənə geyindirən Allaha həmd olsun”, deyə dua edərdi. (Tirmizi, Dəavat,107) Göstəriş və şöhrətə səbəb olan geyimləri geyməyi əshabına qadağan edən Peyğəmbərimiz bu geyimlərin insanı  təkəbbürə götürdüyü və həddindən artıq diqqəti cəlb etdiyini vurğulamış və belə buyurmuşdur:

“Kim dünyada şöhrət paltarı geyinərsə, Allah Təala ona qiyamət günündə rüsvayçılıq paltarı geydirər”. (İbn Macə, Libas, 24)

Üstəlik bu geyimlərin həddindən artıq bahalı olması israfa da yol açmış olur ki, dinimiz ehtiyacı olmadığı halda alınan malın israf olduğunu, israfın da haram olduğunu bildirir.

Dünyanın dəb xəstəliyinin pəncəsində qıvrandığı bir vaxtda artıq geyinilən geyimin sadə və yaraşıqlı olmasından daha çox dəbə uyğun olub-olmaması insanları məşğul edir.  Vəziyyət o qədər acınacaqlı bir hala çatmışdır ki, insanlar artıq bu ilin dəbi olmadığı üçün gözdən düşmək qorxusu ilə təzə qalan geyimlərini geyinməyi belə özünə ar bilir və yeni dəbə uyğun geyimlərin alınması üçün əllərindən gələni edirlər. Bu mövzuda artıq dəbdə olan geyimin kişi cinsinə bənzəyib-bənzəmədiyini araşdırmaqdan söhbət belə gedə bilməz. Yeni çıxan geyimlər qadınlarımız və qızlarımızın əyinlərində dəbə uyğundur düşüncəsi ilə iftixar hissi ilə geyinilir. Bu geyimlərin isə qadına yaraşıb-yaraşmadığını, qarşı cinsin geyiminə bənzəməsini düşünənlərin sayı isə təəssüf ki azdır. Xanımlar yaradılışlarının əksinə qaba və sərt görünən geyimləri seçdikcə istər-istəməz danışma tərzlərində və yerişlərində olan incəlik, təravət və nəzakət, yerini sərt və kobud hərəkətlərə verir. Allahın yaratdığı incə və mülayim davranışın yerini kobud və sərt hərəkətlər alır.

Dəbin axışına düşüb arxasınca sürüklənən insanımız artıq hansı geyimin kişi, hansı geyimin isə qadın geyimi olduğunu ayırmaqda belə çətinlik çəkir. Bunun bariz nümunəsini satıcıların verdiyi cavablarda da görmək olar; satılan malın hansı cinsin geyimi olduğunu soruşduğun zaman verilən cavab: “nə fərqi var, kişilər də geyinir, qadınlar da”. Bizə elə gəlir ki, dinini Allah Təalanın və Rəsulunun qayda-qanunlarına görə yaşayanlar üçün bunun çox böyük bir fərqi vardır. Üstəlik, Allah Rəsulunun bu mövzuda ciddi qadağaları və ağır qınaqları da vardır. Belə ki, Peyğəmbərimiz (s.ə.s.) Abdullah b. Məsud (r.a.) dan rəvayət edilən  bir hədisində “ Qadınlara bənzəyən kişilərə, kişilərə bənzəyən qadınlara lənət etmiş və onları evlərinizdən çıxarın” buyurmuşdur. (Əbu Davud, Libas, 28)

 Həyatda önəmli deyil geyindiyin şeyin dəbə uyğun olsun. Önəmli olan geyimin insanı soyuqdan və istidən qorumağı və insana yaraşmağıdır. Hələ atalar sözü olan “İnsanı geyiminə görə qarşılayıb elminə görə yola salırlar” cümləsini yada salsaq geyimin deyil, ədəb və elmin insanı insan edəcəyini unutmamaq lazımdır.

 


Samirə Mahmudova
Bu yazıya 1110 dəfə baxılıb.