Doğmalarımızla imtahanımız


Neslihan Güneş
Bu yazıya 19 dəfə baxılıb.

Bir mömin üçün dinini hər baxımdan yaşatma qayğısı ona can olar, həyat verər...

Nəfsini bu yöndə tərbiyə edərkən, inancını başqa insanlara da çatdırmaq üçün çalışar. İbadətlərinə diqqət edər, saleh əməllərin arxasınca qaçar, oxuyar, danışar, xəta və səhvlərinə tövbə edər, ağlayar, peşmanlığını dilə gətirər və günahlardan qaçar. Gizli və açıq, böyük və kiçik - günahlar onu qorxudar. Günahın hər cürü onun içini titrədər. Çünki o, aləmlərin Rəbbinə qulluğun, ona ibadət etmə üstünlüyünün ləzzətini iliklərinə qədər hiss edəndir.

Dünya həyatı onun axirəti üçün bir fürsətdir. Hər fürsəti dəyərləndirərkən inancına görə xoşbəxt, rahat, sakit, güclü, idealist, ümidli, hərəkətli, pozitiv, ağır, comərd, gümrah, əzmli və müvəffəqiyyətlidir. Hər anın qazanc və ya zərər olduğunu dərk edərək aktiv və məhsuldardır.

Bu bəhs edilən dəyərlərin ölçüsü olmadığı üçün, insandan-insana dəyişir, daxili xüsusiyyətlərə görə haldan-hala müxtəlif olsa da ümumi istiqamət bəllidir. Belə olduqda qulluq yoxuşuna qalxarkən bəzi maneələrin olması da təbiidir. Nəfsimiz, şeytanın vəsvəsələri, yaşadığımız cəmiyyətin ümumi halı əlbəttə bəzən bizə çətinlik törədəcək, biz də mübarizəmizi, müdafiəmizi buna əsasən inkişaf etdirəcəyik.

Amma çoxumuzun enerjisini yox edən, zəiflədən, məqsədlərimizi axsadan, gözləmədiyimiz bir vaxtda bizi qəddarca vuran, ailələrimizə zərər verən bir maneə var – çox vaxt itirdiyimizin belə fərqinə varmağa imkan verməyən, içimizdə bir yara kimi qanayan, fəaliyyətimizi azaldan bir maneə; insanın qohumlarıyla olan əlaqəsi. Bu əlaqənin bizi nə qədər yorduğunun, ya da bizim onları nə qədər yorduğumuzun fərqinə varmadan ölüm aramıza girir.

Ailədə ünsiyyət, uşaq böyütmə, dialoq, diksiya, fərdi inkişaf və s. kimi mövzuların gündəmdə olmasına baxmayaraq, demək olar ki, hər kəsə təsir edən bu imtahan hamımızındır.

Səksən yaşındakı biri ilə danışarkən belə keçmişdəki xatirələrinin silinə bilmədiyini görürük. Danışmağa başlayanda duyğuları canlanır və qaynanasından, ərindən, övladlarından, gəlinlərindən nələr çəkdiyini o anı indi yaşayırmışcasına izah edir. Halbuki, danışdığı hadisədəki insanların çoxunun ölməsindən illər ötüb, amma onların təsirləri hələ də davam edir. Bəd-dualar göz yaşları ilə bərabər axır dodaqlarından. Həyatlar beləcə tükənib gedir. Ürəyimizi yandıran, qəlbimizi sızladan ən çox yaxınlarımızdır, ya da biz yaxınlarımızı kədərləndirən, ağladanıq...

Diqqət etsək görərik ki, ən çox dedi-qodu, qeybət təəssüf ki, qohumlar arasında olur və əməllərimiz də ələklə su daşıyanın halı tək biz fərqinə varmadan axıb gedir.

Yaxşı bəs axirətə inanaraq, hesab gününü qəbul edərək, bu nöqtədə özümüzə necə bir yol tapaq, necə hərəkət edək? İtirən olmamaq üçün nə edək, haralara gedib kimlərə məsləhətləşək, kimlərdən nəsihət dinləyək, kimlərlə dərdləşək ki, qohumluq əlaqələrimiz cənnətimiz olsun?

“Və ən yaxın qohumlarını qorxut!” (Şuəra, 214)

Bu ayə bizim həyat düsturumuz olmalıdır. İnanan insanlar birlikdə hərəkət edərək, bir-birimizin ayağına ilişmədən, əksinə şeytan və dostlarına, cəmiyyətin görünən və görünməyən hücumlarına, nəfsimizə qarşı qohumluq əlaqələrini yaxşılaşdıraraq, bu çətin yolda birlikdə irəliləməliyik. Eyni cür düşünməyən, fərqli həyat fəlsəfəsinə malik olan qohumlar, dəstək bir yana, daim dünya həyatımızda çətinlik və axirətdə də itki olacaqlar.

Biz məsul belə olmadığımız kəslərə qarşı xoş davranarkən, təəssüf ki, yaxınlarımızı çox vaxt gözardı edirik.

Nəticədə başqaları ilə meydana gətirdiyimiz bir həyatı birlikdə yaşamaq məcburiyyətində olduğumuz insanlarla məhv edirik. Əlaqələri ürəkdən istəyərək yox, məcburiyyətdən davam etdirməli oluruq. Bu da aradakı məhəbbəti zədələyir və uşaqlara da ötürür. İstər-istəməz hər kəs bundan təsirlənir.

Axirət hesabını, əzab və mükafatı düşünsək, mərhəmət duyğumuz üstün gələcək və yaxınlarımıza qarşı fərqli rəftar edəcəyik.

Yenidən dəyərləndirək:

Hara gedirik? Zərrə qədər xeyrin və şərin nəzərə alınacağı hesab gününə sürətlə yaxınlaşarkən, kimlərə görə nələri itirdiyimizin və ya bizə görə kimlərin nələri itirdiklərinin fərqindəyikmi? Cənnətimiz olacaqkən cəhənnəmimiz olduğunu, cənnəti olacaqkən cəhənnəmi olduğumuzu anladıqda bəziləri üçün çox gec ola bilər.

Əlbəttə, bu imtahanın çətinlikləri olacaq, amma gözəllikləri və nemətləri daha çoxdur.

“Ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyən kimsə, qohumunu qorusun!” (Buxari, Ədəb 12, Böyu 13; Müslim, Birr 20, 21).

Rəbbim!

Bizi və sevdiklərimizi uduzacağımız imtahana səbəb etmə! Qul haqqını yüklənib, qazandıqlarımızı itirməyimizə fürsət vermə! Bizi, nəslimizi, yaxınlarımızı sıratı-müstəqim yolçusu et!


Neslihan Güneş
Bu yazıya 19 dəfə baxılıb.