Ədalət xanım Alimova


Bizim Ailədən
Bu yazıya 15 dəfə baxılıb.

Ədalət xanım Alimova:

Övladlarımız bizə Allah Təalanın əmanətləridir. Biz onları ən gözəl şəkildə yetişdirməliyik ki, onlar da gələcək nəsilləri gözəl yetişdirsinlər.

Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimovu həyat yoldaşı Ədalət xanım Alimova ilə görüşmək Bizim Ailə üçün çox xoş oldu. Ədalət xanım Alimova ilə aramızda keçən səmimi söhbəti oxucularımıza təqdim edirik.

Bizim ailə: Ədalət xanım özünüz haqqında oxucularımıza qısa məlumat verə bilərsinizmi?

Ə.Alimova: Evdar xanımam, 4 övladımın 3-ü oğlan biri isə qızdır. Övladlarımın hamısı evlidir. 8 nəvəm var. Biz ailəyə çox dəyər veririk, övladlarımla birlikdə çox xoşbəxtik. Daşkənddə yaşayırıq.

Bizim Ailə: Allah-Təala xoşbəxtliyinizi daim etsin. Azərbaycanla bağlı təəssüratlarınızı bizimlə paylaşarsınızmı?

Ə.Alimova: Mən artıq 4-cu dəfədir ki, Azərbaycana gəlirəm. Hər səfərim zamanı ölkənizin daha da gözəlləşdiyinin, inkişaf etdiyinin şahidi oluram. Şəhərləriniz, rayonlarınız çox gözəldir. İnsanlarınız gülərüz, mehriban və qonaqpərvədir. İnsan qürbəttə olduğunu heç hiss etmir. Biz Azərbaycanı öz atayurdumuz hesab edirik. Burda çox sayda dostlarımız, qardaşlarımız var. Hər gəlişimizdə bizi yüksək səviyyədə qarşılayırlar. Paytaxtınız Bakının da həm gecəsi, həm də gündüzü də gözəldir. Azərbaycanın günü-gündən inkişaf edib belə gözəlləşməsinin əsas səbəbi sözsüz ki, dövlət başçısı və nüfuzlu insanların göstərdikləri xidmətdəndir.

Bizim Ailə: Ədalət xanım Özbəkistan da Azərbaycan kimi uzun illər Sovet hökümətinin əsarəti altında olub. Azərbaycan bu əsarətdən çox əzablar çəkib. Xüsusilə də dinimizi yaşamağa fürsət verilmiyib. Dindarlarımız qətlə yetirilib, sürgünə göndərilib, məscidlərimiz dağıdılıb. Bəs Özbəkistanda necə bu hallar yaşanıbmı?

Ə.Alimova: Əlbəttə, Özbəkistanda Sovet hökumətinin əsarətində olarkən çox çətinliklər gördü, təqiblər yaşandı. Hər nə qədər çətinliklər və əngəllər də olsa, Allaha sonsuz şükürlər olsun ki, dinimizi əlimizdən ala bilmədi Sovet hökuməti. Xalqımızın iradəsi ilə dinimizi daim diri tutduq. İnsanlar hər zaman ibadətlərini, məscidlərini qoruyaraq beş vaxt namazlarından heç ayrılmadılar. Hətta qədim tarixə malik olan Buxara mədrəsəsinin də fəaliyyətini dayandıra bilmədilər. Mübarək Nakşibəndi həzrətlərinin mərkəzini də qoruyub saxlaya bildik.

Sovet hökumətinin süqutundan sonra xalqımızın dininə yönəlməsi daha da artdı. İnsanlar şüurlu şəkildə, canı-könüldən özlərini və övladlarını dinə və dini təhsilə yönəltdilər. Özbəkistanda hazırda İslam universiteti, İslam Elmi İnstitutu, İmam Buxarı Elmi İnstitutu, İslam mədrəsələri və digər dini tədris və araşdırmalar mərkəzi fəaliyyət göstərir ki, bu da insanlara öz dinlərini gözəl şəkildə öyrənməyə, yaşamağa və yaşatmağa yardım edir.

Bizim Ailə: Ədalət xanım Özbəkistanda dini təhsilə, təlim, tərbiyəyə nə dərəcədə önəm verilir?

Ə.Alimova: Əlbəttə bizdə bütün övladlarımızın, xüsusilə də qızlarımızın təhsilinə çox önəm veririk. Xüsusilə də onların dini təlim tərbiyə almasına diqqət yetirilir. Çünki hər qız bir ana, bir tərbiyəçi kimi yetişməlidir ki, gələcəkdə sağlam nəsillər yetişsin. Bu bizim və dövlətimizin gələcəyi üçün çox önəmlidir. Özbəkistanda bir sıra qız mədrəsələri mövcuddur. Burada qızlar həm yatılı, həm də gündüz bölmələrində təhsil alırlar. Onlar İslam dinini ən gözəl şəkildə öyrənib istər bir müəllimə, istərsə də bir tərbiyəçi kimi yetişirlər. Övladlarımız bizə Allah- Təalanın əmanətləridir. Biz onları ən gözəl şəkildə yetişdirməliyik ki, onlar da gələcək nəsilləri gözəl yetişdirsinlər.

Biz hər zaman Azərbaycanla dini, mədəni, elmi əlaqələr saxlamağa hazırıq. Burada təhsil alan övladlarımızı təkmilləşmə üçün Özbəkistana dəvət edirik. Bilgi paylaşımı ilə övladlarımızın daha yüksək nailiyyətlər qazanacağına inanırıq.

Bizim Ailə: Ədalət xanım Azərbaycana səfəriniz zamanı məhdud olan dəyərli vaxtınızı ayırıb bizimlə səmimi söhbət etdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Sizi yenidən Azərbaycanda görmək diləyi ilə sizə çox sağolun deyirik.

Ə.Alimova: Mən də sizə və sizin vasitənizlə gördüyümüz xoş münasibətlərdən dolayı hər kəsə təşəkkürlərimi bildirirəm.


Bizim Ailədən
Bu yazıya 15 dəfə baxılıb.