Salman Farisi (r.a.)


Prof.dr.Necdet Tosun
Bu yazıya 12 dəfə baxılıb.

Əslən İranın İsfahan şəhərindən idi. Onun ailəsi oda sitayiş edirdi. Salman gəncliyində ətrafdakı xristianları görərək əvvəlcə onların dininə keçdi. Sonra Şama və başqa şəhərlərə getdi. Axır zaman Peyğəmbərinin tezliklə Ərəbistanda zühur edəcəyini öyrəndikdə Mədinəyə gəldi. Bir müddət orada bir Yəhudinin köləsi olaraq çalışdı. Hz. Peyğəmbər (s.ə.s.) Məkkədən Mədinəyə köç etdikdə Salman gözlədiyi Peyğəmbərin həmin şəxs olduğunu anlamışdı. Ancaq əmin olmaq üçün hələ iki şərt də olmalı idi. Birincisi, bu Peyğəmbər zəkat və sədəqə qəbul etməyəcək, kürəyində də quş yumurtası boyda xal olacaqdı. Salman Hz. Peyğəmbərə (s.ə.s.) sədəqə olduğunu söyləyərək müəyyən miqdarda pul verdi. Hz. Peyğəmbər (s.ə.s.) o puldan özünə heç nə götürməyib hamısını əshabına payladı. Birinci şərti görən Salman, Peyğəmbərimizin kürəyində xal olub olmadığını bilmək istəyirdi. Bir gün Hz. Peyğəmbər (s.ə.s.) Cənnətül-Baki qəbiristanlığında olarkən Salman arxasına yaxınlaşdı. Onun niyyətini anlayan Peyğəmbərimiz (s.ə.s.) üzərindəki paltarı bir az sıyıraraq kürəyindəki xalı görməsinə icazə verdi. Bundan sonra Salmanın (r.a.) heç şübhəsi qalmadı. İslamiyyəti qəbul edib səhabələrdən biri oldu.

Salman (r.a.) Rəsulullahın (s.ə.s.) saçlarını təraş etdiyi üçün bərbərlərin piri qəbul edilmiş və ona “Salmanı-Pak” deyilmişdir.

Salman (r.a.) gecələr namaz qılardı. Namaz qılmaqdan yorulanda, dili ilə Allahı zikr edərdi. Bundan da yorulsa, Allahın varlığının, birliyinin dəlilləri və əzəməti-ilahiyyə üzərində təfəkkür edərdi. Bir müddət sonra öz-özünə:

“- İstirahət etdin artıq, namaza qalx!” – deyərdi. Bir müddət namaz qıldıqda dilinə:

“- Kifayət qədər istirahət etdin, Allahı zikr et!”- deyərdi. Gecənin böyük bir qismini belə keçirərdi.

Salman (r.a.) Peyğəmbərimizin (s.ə.s.) vəfatından sonra Mədinəyi-Münəvvərədən və Hz. Əbu Bəkirin söhbətindən ayrılmadı. Əbu Bəkir (r.a.) ilə çox yaxın münasibətləri oldu. Ondan feyz aldı. Bir tərəfdən də seçkin tələbələr yetişdirirdi. Tabiunun böyüklərindən və Hz. Əbu Bəkirin nəvələrindən olan Hz. Qasım ibn Muhamməd də Salman Farisinin tələbələrindəndir.

Hz. Ömər xəlifəliyi dönəmində Salman Farisiyə Hz. Həsən ilə Hüseynə verdiyi qədər təsisat ayırmış, yəni onu da Əhli-Beytdən qəbul etmişdir. Ancaq zahid bir könülə sahib olan Salman bu təsisatı sədəqə olaraq paylayıb, xurma liflərindən hördüyü həsir və səbətləri satmaqla dolanışığını təmin edirdi.

Bağdadın 30 km cənub-şərqində olan Mədain şəhəri fəth edildikdə, Hz. Ömər Salman Farisini oraya vəli təyin etdi. Salman (r.a.) insanlara son dərəcə ədalətli və səmimi davrandığı üçün xalq tərəfindən çox sevilib sayıldı. Əsl vətənində və öz qövmü arasında qiymətli sözləri və hikmətli nəsihətləri ilə, gözəl halı və örnək yaşayışı ilə daima İslamı təbliğ etdi. Elmi, fəziləti, gözəl əxlaqı və səyləri ilə İslam orada sürətlə yayıldı.

Bir nəfər Salman Farisinin xəmir yoğurduğunu görmüşdü. Buna çox təəccüb etdi və:

“- Xidmətçin haradadır?” – deyə soruşdu. Salman (r.a.) belə dedi:

“- Onu bir iş üçün göndərdim, iki işi də ona verməyi münasib görmədim. Həm onu bir işə göndərmək, həm də buradakı işini etməmək düzgün olmaz, haqsızlıq olar!”

İki nəfər Hz. Salmana salam verib:

“- Sən Rəsulullahın (s.ə.s.) səhabəsisən?” – deyə soruşdular. O da:

“ – Bilmirəm”, - cavabını verdi. Gələnlər, görəsən yanlış yerəmi gəldik deyə tərəddüd etdilər. Salman (r.a.) sözlərini belə tamamladı:

“- Mən Rəsulullahı (s.ə.s.) gördüm, Onun məclisində oldum. Ancaq Allah Rəsulunun əsl sahəbəsi Onunla birlikdə cənnətə girə bilən insandır”.

Salman Farisi (r.a.) Hz. Ömər zamanında Mədain vəlisi ikən otuz min insana xütbə oxuduğu zaman yanında iki parçadan ibarət əba vardı. Əbasının bir parçasını səccadə olaraq sərib namaz qılar, digər parçasını isə geyərdi. Ondan başqa heç bir paltarı yox idi. Vəli olduğu üçün maaş verilirdi. Maaşını aldığı zaman ondan heç xərcləməz, hamısını kasıblara paylayardı. Öz əlinin əməyi ilə dolanırdı. Torpaqdan qab, ləyən düzəldib 3 dirhəmə satırdı. Onun bir dirhəmi ilə bir daha qab düzəltmək üçün material alar, bir dirhəmini sədəqə verər, bir dirhəmi ilə də evinə lazım olanları alardı. Üzərində tavanı olmayan sadə bir evdə yaşayırdı. Bir tərəfdən günəş düşəndə digər tərəfə keçərdi.

Mədaində vəli olarkən Şamdan bir nəfər gəldi. Yanında bir kisə əncir vardı. Salman Farisini sadəcə əba ilə görüncə işçi zənn etdi və “Gəl bunu apar”, - dedi. Salman (r.a.) çuvalı götürdü və yeriməyə başladı. Salmanı (r.a.) tanıyanlar adama “Sən nə edirsən, bu vəlidir”,-dedilər. Adam Salmana (r.a.) tərəf dönüb “Səhvimi bağışlayın, sizi tanımadım. Çuvalı endirin”, - dedi. Salman (r.a.) “Xeyr, niyyət etdim, gedəcəyin yerə qədər aparacağam”, - dedi və adamın evinə qədər apardı. Salman (r.a.) belə təvazökar biri idi.

Çox sadə bir həyat yaşayan Salman Farisi, Hz. Osmanın dövründə xəstələndi. Onu ziyarət etməyə gələn Sad ibn Əbu Vaqqasa artıq dünyadan ayrılacağını və bütün sərvətinin bir kasa, bir ləyən, bir xalça və bir həsirdən ibarət olduğunu söylədi.

Xanımı belə söyləyir: Vəfatına yaxın mənə: “Evdə bir az müşk olmalıdır, onu suya qoy və başımın ətrafına səp, insan və cin olmayan kimsələr (mələklər) yanıma gələcəkdir”, - dedi. Dediyi kimi etdim və otaqdan çıxdım. Otaqdan “Əssalamu aleykə, ey Allahın vəlisi və Rəsulullahın dostu”, - deyən bir səs eşitdim. İçəri girdiyimdə ruhunu təslim etmişdi.

Sad ibn Müsəyyəb, Abdullah ibn Səlamdan nəqlən danışır: “Salman Farisi mənə: “Ey qardaşım, hansımız əvvəl vəfat etsək, vəfat edən özünü, həyatda olana göstərsin”, - dedi, mən də bu mümkündür? – dedim. “Bəli, mümkündür. Çünki möminin ruhu bədənindən ayrıldıqda, istədiyi yerə gedə bilər, kafirin ruhu isə cəhənnəmdə həbs edilmişdir”, - dedi. Salman (r.a.) vəfat etdi. Bir gün yuxumda Salmanın gəldiyini gördüm. Salam verdi. Salamına cavab verdim. Yerin necədir, deyə soruşdum, “Yaxşıdır. Təvəkkül et. Təvəkkül nə yaxşı şeydir”, - dedi və bunu üç dəfə təkrarladı”.

Əbu Hüreyrə onun iki kitabı da bildiyini söyləmişdir. Bunlardan biri İncil, digəri isə Qurani-Kərimdir. Həzrət Salman buyurur ki: “Mömin həkimi yanında olan xəstəyə bənzəyir. Həkimi ona xeyirli və zərərli olanları bilir. Xəstə özünə zərərli olan bir şey istəsə, həkimi mane olar və yesən öləcəksən deyər. Möminin halı belədir. O, bir chox şeyləri arzulayar, amma Allah-Təala mane olar, ta ki ölənədək. Sonra cənnətə gedər”.

“Üç şey məni heyrətə saldı. Bunlar; ölüm vaxtı yaxınlaşarkən dünyanın arxasınca qaçan kimsənin halı, qəflətə düşüb özünü unutduğu halda unudulmayıb hesaba çəkiləcək kimsələr və Rəbbinin ondan razı olub-olmadığını bilmədiyi halda ürəkdən gülən kimsənin halı”.

Buyurur ki: “Qəlb ilə bədənin halı kor ilə topal bir kimsənin halı kimidir. Kor bir ağacın altında durar, lakin onda meyvə olduğunu görə bilməz. Topal ağacdakı meyvəni görər, amma

götürə bilməz. Axirətdəki ilahi nemətləri qəlb bilməli, inanmalı, bədən də onlara qovuşmaq üçün əməl etməlidir ki, orada sonsuz nemətlərə quvuşmaq nəsib olsun”.

Salman Farisi (r.a.) ölüm yatağında olarkən ağlayırdı. Səbəbini soruşanlara: “Dünyadan ayrıldığım üçün ağlamıram. Ancaq Rəsulullah (s.ə.s.) “Dünyadan ayrılarkən sərmayəniz bir yolçunun yol azuqəsindən çox olmasın” buyurmuşdu, bax buna ağlayıram” – dedi. Halbuki malının dəyəri təxminən on dirhəm idi.

Salman Farisi hicri 34-cü və ya 36-cı (miladi 654-cü və ya 656-cı) ildə Mədaində şəhid olaraq vəfat etmişdir. Türbəsi Bağdadın yaxınlığındaki Salmanı-Pak qəsəbəsindədir.


Prof.dr.Necdet Tosun
Bu yazıya 12 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Salman Farisi (r.a.)