Aişə anamızın həyatından çıxarılacaq ibrətlər


Nəzrin Hüseynova
Bu yazıya 11 dəfə baxılıb.

1. Aişə anamızın evi yetəri qədər sadə və təvazökar bir həyat üçün hazırlanmış kiçik bir otaqdan ibarət idi. Bu kiçik otağın divarları kərpic, tavanı isə xurma yarpaqları ilə örtülü idi. Yüksəkliyi çox deyildi. Ev əşyası isə yatmaq üçün bir örtü və yemək üçün bir qabdan ibarət idi. Lakin bu evin içində yaşayan şəxsiyyət möminlərin anası, Nur ayələriylə taclanmış Hümeyra idi və həyatı ilə bizə örnək idi. Evimiz və yaşamımızı Aişə anamızın evi kimi sadəlövh və israfdan uzaq hala gətirməli, amma könül aləmimizi də o mübarək şəxsiyyət kimi zənginləşdirməyə çalışmalıyıq. Nə ilə? Təbii ki, Allah və Rəsuluna (s.ə.s.) məhəbbət və sünnəyə tabe olmaqla!

2. Aişə anamız Cənab-Haqqın imtahan olaraq övlad vermədiyi xanımlar üçün də bir nümunədir. O, bu imtahan qarşısında əzilməmiş, enerjisini ah-nalə ilə bitirməmişdir. Əksinə zəka, anlayış və qabiliyyətlərini, qısacası bütün həyatını əvvəlcə möhtərəm həyat yoldaşına ayırmış, onun vəfatından sonra da təxminən əlli il müddətində elm məclislərində ən böyük müəllimlərdən biri olaraq xidmət etmişdir. O, bir tərəfdən öyrəndiyi hədisi-şərifləri nəql etmiş, digər tərəfdən isə xüsusilə xanımlara aid olan fiqh hökümlərinin öyrənilməsi üçün ən düzgün qaynaq olmuşdur. Yanına gəlib elm öyrənmək istəyənləri bir ana şəfqəti ilə bağrına basaraq, elm və hikmətlə doyurmuşdur.

3. Peyğəmbərimizin (s.ə.s.) özündən çox gənc yaşda olan Aişə anamızla evlənməsi də ümmət üçün böyük bir lütf olmuşdur. Çünki o, Rəsulullahın (s.ə.s.) həyatını ən incə və ən məhrəm təfərrüatlarına qədər müşahidə etmiş, anlamadığı məsələləri heç çəkinmədən soruşub öyrənmiş və övladları yerində olan əshab-kiram və tabiuna bütün səmimiyyəti və xırdalıqları ilə nəql etmişdir. Bir çox səhabə, hətta Həzrət Ömər belə, məhz xanımlarla əlaqədar məsələlərdə Aişə anamıza müraciət etmişdir.

4. Həzrət Ömər vəfat etməzdən əvvəl Aişə anamızdan Peyğəmbərimizin (s.ə.s.) ayaq tərəfinə dəfn edilmək üçün icazə istəmişdi. O, özü üçün düşündüyü bu yerdən imtina etmişdir.

Beləliklə Aişə anamız bu dünyada ən sevdiyi insan olan Peyğəmbərimizə (s.ə.s.) yaxınlıqdan Onun sünnəsinə tabe olmaq üçün keçmişdir. Çünki Allah Rəsulu (s.ə.s.): “İnsan özü üçün istədiyini mömin qardaşı üçün də istəmədikcə, tam mənada iman etmiş olmaz!” – buyurmuşdur. Təkcə bu

hadisə belə Aişə anamızın Peyğəmbərimizin (s.ə.s.) əxlaqı ilə nə qədər əxlaqlandığını və nə gözəl comərdlik nümunəsi nümayiş etdirdiyini göstərir.

5. Aişə anamız Rəsulullahın (s.ə.s.) digər xanımlarına nisbətən daha qısqanc bir xanım idi. Qısqanclıq xeyir üçün də, şərr üçün də istifadə olunan bir duyğudur. O, həddindən artıq olduqda pis bir xislətə çevrilir. Amma Peyğəmbərimizin (s.ə.s.) xanımları arasında Aişə anamızın haqq verəcəyimiz bəzi xüsusiyyətləri var idi. O, yaşca ən balaca və tək bakirə xanım idi. Peyğəmbərimizdən (s.ə.s.) uşağı da olmamışdı. Beləliklə, Rəsulullaha olan sevgisi heç bir şəkildə bölünməmişdi. Həzrət Peyğəmbər (s.ə.s.) Aişə anamızın könlünə girən ilk və tək kişi idi. O, bir peyğəmbərlə deyil, adi bir insanla evli olsaydı, hər halda bu qədər qısqanmayacaqdı. Bəzən Peyğəmbərimizlə (s.ə.s.) Aişə anamız arasında belə bir danışıq keçərdi:

- Məni qısqandınmı?

- Mənim kimi bir zövcə, sənin kimi bir zövcü qısqanmazmı heç?!

6. Peyğəmbərimizin (s.ə.s.) Aişə anamıza, Aişə anamızın da Rəsulullaha (s.ə.s.) bəslədiyi sevgi barəsində bir nöqtəyə toxunmaq faydalı olacaqdır.

Bildiyimiz kimi, Rəbbimizin adlarından biri də “Ər-Rakibdir”. Allah qulunun qəlbində öz məhəbbətinə rəqib istəmir. Əgər bir sevgi o qəlbdə çox böyüyərsə, sanki ilahi bir qüdrət onu normallaşdırmaq üçün sevənə də, sevilənə də müxtəlif çilələr, imtahanlar göndərir. Beləliklə, onları Zatı-İlahinin ülvi məhəbbətinə meyl etdirir. Bu vəziyyət qulların tərəfindən zahirən əzab kimi görünsə də, əslində bir lütf və rəhmətdir.

Peyğəmbərimiz (s.ə.s.) ona çox qısqanc olduğunu deyən bir səhabəsinə insan olaraq özünün də, hətta Cənab-Haqqın da çox qısqanc olduğu xəbərini vermişdir.

Bu vəziyyət Allah Rəsulu (s.ə.s.) ilə Aişə anamız arasındakı sevgiyə də təzahür etmişdir. Cənab-Haqqın Ər-Rakib ismi-şərifi burda da özünü göstərmiş və Aişə anamıza atılan böhtanlarla həm o, həm də Rəsulullah (s.ə.s.) böyük bir çətinlikdən keçmişdir. Bu çətin imtahanın sonunda Peyğəmbərimizin (s.ə.s.) Aişə anamıza olan eşqi ölçülü səviyyəyə enmiş, Aişə anamızın məhəbbəti də mənəvi olaraq bir dərəcə yüksəlmiş və “Fəna fir-Rəsuldan fəna fillaha” çatmışdır.

7. Aişə anamızın həyatı bir xanımın ruhunun fırtınalarını ən gözəl şəkildə təsvir edən bir tablo kimidir. Həzrət Peyğəmbərlə onun evliliklərində yaş

problemi olmamış, Rəsulullah (s.ə.s.) Aişə anamızın səviyyəsinə enərək bəzən onunla oyun oynamış, bəzən tamaşaya baxmasına icazə vermiş və yerli-yersiz qısqanclıqlarına dözərək, kişilərə xanımlarına necə davranmalı olduqlarına dair gözəl bir ailə həyatı örnəyi sərgiləmişdir.

8. Aişə anamız Peyğəmbərimizin (s.ə.s.) sağlığında Ona göstərdiyi məhəbbət, hörmət və qayğını, Onun sünnə və hədislərinə qarşı da göstərmişdir. Dərs dediyi vaxt hədis rəvayət edərkən dəstəmazlı olmağa diqqət göstərmiş, bəzən dəstəmaz almaq imkanı olmadıqda təyəmmüm etmişdir.

Cənab-Haqq Peyğəmbərimizə (s.ə.s.) məhəbbət və Onun sünnələrinə tabe olma cəhətdən bu nəcib anamızdan razı olsun. Bizlərə də onun könül aləmindən pay götürən bir “Hümeyra” olmağı nəsin etsin. Amin…


Nəzrin Hüseynova
Bu yazıya 11 dəfə baxılıb.