Nigar Rəfibəyli


Aygün Hacıyeva
Bu yazıya 14 dəfə baxılıb.

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Nigar xanımın atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi. 1919-cu ildə gələcək şairə altı yaşında olanda Xudadat bəy Azərbaycan Demokratik Cumhuriyyəti rəhbərliyinin təklifi və Gəncə ictimaiyyətinin təkidli xahişləri əsasında quberniyanın valisi vəzifəsini qəbul etmiş və bir il müddətində bu vəzifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəyi həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.

İbtidai təhsilini Gəncədə almış Nigar xanım sonralar Bakı pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur. Nigar Rəfibəylinin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. “Zəfər nəğməsi” (1943), “Şeirlər” (1949), “Anaların səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir” (1964) və başqa kitabları nəşr olunmuşdur. 1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır.

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Onun poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirib, gördükləri şeirə çevrilib. Daim nikbin olan Nigar Rəfibəylinin ən kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Çünki onun şeirləri saf bir nəfəsdən, könüldən doğan və ürəyə ünvanlanan bahar nəğmələri kimi yaşıldır. Bu şeirlərin ahəngində qəribə bir zəriflik duyulur. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.

Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər də yazıb. Belə ki, onun “Dolores İbarruri” şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeri isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsindən bəhs edən qüvvətli lirik əsərlərindəndir.

Yaradıcılıqla məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışıb. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək, qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko və başqaları) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə “Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur.

Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası nəinki milli ədəbiyyat tariximizdə özünəməxsus yer tutmuş, eyni zamanda, böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığına belə əsaslı təsir etmişdir. O, Azərbaycanın xalq şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır. Bu ailənin övladı Azərbaycan xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən- seçilən nümayəndəsinə çevrilib. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir.

Mən könül mülkünün tacidarıyam,

Xəyal dünyasının şah nigarıyam.

Vətən torpağında iftixar olan

Şanlı nəsillərin yadigarıyam.

Nigar Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilir. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır. Şairin bənzərsiz, yüksək metodik ahəngə və dəyərli sözə malik olan nəğmələri çoxdur. Nədən yazmasından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkib. Bu, ana məhəbbəti, qadın səadəti, övlad sevgisidir. Nigar Rəfibəyli yaradıcılığında ana mövzusunun xüsusi yeri var.

Döyür pəncərəmi bir acı ruzigar,

Bayırda bu axşam yenə boran var.

Bürüyüb qəlbimi coşqun arzular,

Çəkilib gözümün yuxusu, ana.

Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə “Şərəf” nişanı ordeni və medallarla təltif olunmuşdur. Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.


Aygün Hacıyeva
Bu yazıya 14 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Nigar Rəfibəyli