Appendisit


Vüqarə Məmmədova
Bu yazıya 13 dəfə baxılıb.

Appendisit nədir, əlamətləri hansılardır, bu xəstəlik uşaqlarda hansı yaşda özünü göstərə bilər? Kor bağırsağın soxulcanabənzər çıxıntısının kəskin iltihabına appendisit deyilir. Appendisit qalın bağırsağa bağlı, 10-25 sm uzunluğunda boru şəklində olur. Alimlər arasında appendiksin orqanizmdə fizioloji rolu barəsində yekdil fikir yoxdur. Bəziləri onu artıq, lazımsız bir törəmə kimi qiymətləndirir. Digərləri çıxıntının selikli qişasında çoxsaylı limfa düyüncüklərinin mövcudluğunu əsas tutaraq bunun “infeksiyaya qarşı sədd” funksiyası daşıdığını söyləyirlər. Appendiksin orqanizmə gərəkliyi haqqında ziddiyyətli fikirlərdən fərqli olaraq, onun iltihabının həyat üçün təhlükəli olması ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı yoxdur. Xəstəliyin başvermə səbəblərilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər appendisitin inkişafının səbəbini soxulcanabənzər çıxıntıda nəcis kütləsinin toplanmasında görürlər. Digər qrup alimlər xəstəliyin əmələgəlmə səbəbini bağırsaqdakı yad cisimlərin (çəyirdək, nəcis daşları və s.), bağırsaq qurdlarının soxulcanabənzər çıxıntıya keçib onun mənfəzini tutması ilə izah edirlər. Bu toxuma iltihablandığı zaman qalın bağırsağın bu hissəsi tıxanır. Soxulcanabənzər çıxıntıdakı iltihabi prosses ilk əvvəl bağırsağın selikli qişasından başlayır, sonra tədricən bütün qatlarına keçir. Nəticədə appendiks şişkinləşir, iltihablaşır, onun mənfəzində irin əmələ gəlir. Proses inkişaf etdikcə soxulcanabənzər çıxıntının divarında destruktiv, yəni dağıdıcı prosseslər baş verir ki, bu da son nəticədə onun deşilməsinə gətirib çıxarır. Soxulcanabənzər çıxıntı bağırsaqların patogen mikroflora ilə zəngin olan bölgəsində yerləşir və onun deşilməsi virulent irinli infeksiyanın qarın boşluğuna yayılmasına yol açır. Nəticədə qarın boşluğunun daxili təbəqəsinin iltihabı – peritonit baş verir. Peritonitin müalicəsinin isə nə qədər çətin olduğu cərrahlara yaxşı bəllidir. Appendisit partladığı zaman iltihablı maye qarın boşluğuna axır və qısa müddətdə qarın pərdəsinin iltihablanmasına səbəb olur. Qarın pərdəsinin iltihablanmasına zamanında müdaxilə edilməzsə, həyat üçün təhlükəli olur.

Appendisit qarın bölgəsində yaranan ağrılarla özünü büruzə verir. Ağrı göbək dəliyi ətrafında başlayır və qarnın alt sağ bölgəsində şiddətlənir. Appendisit ağrısı donuq, iti və şiddətli olur. Ağrı ilə yanaşı qusma, ürək bulanma, qızdırma, qəbzlik və ya ishal, qaz problemi, kürək ağrıları müşahidə edilir. Amma bu əlamətlər hər adamda görülə bilməz.

Appendisit ağrıları yeməkdən sonra yaranan qaz və ağrılar, böyrək və ya digər orqanlarda müşahidə edilən ağrılarla qarışdırılmamalıdır. Appendisit ağrısı bel bölgəsi daxilində, göbək dəliyi xəttində müşahidə edilir. Daha sonra qarının alt sağ bölgəsinə yayılmağa başlayır və “bıçaq batırılması” effektini verir. Ağrı bütün omba sümüyünə yayılır.

Appendisit əlamətləri öd kisəsi problemi, sidik yolu infeksiyaları, qastrit və yumurtalıq problemlərinin əlamətləri ilə eyni olduğu üçün dəqiq diaqnozu qoymaq çox çətindir.

Belə ağrılar varsa, bunu ev şəraitində müxtəlif üsullarla müəyyən etmək olar: “Qarnınızı yüngülcə sıxın. Toxunmaq belə, qarnın sağ qismində ağrıya səbəb olursa, tez həkimə müraciət

edin. Qarın bölgənizə toxunulan zaman sağ tərəf möhkəm və şişdirsə, bu, appendisit ola bilər. Ümumiyyətlə, appendisit zamanı ağrı sağ ayağa düşdüyü üçün gəzmək məhdudlaşır, gəzərkən ayaq dartılır. Əgər heç bir xəstəliyiniz olmadığı halda iştahın azalması, ürək bulanma, ağrılar başlayan kimi qusma, qarın nahiyəsinin şişkinliyi, qazla birlikdə müşayiət edilən ishal və qəbzlik, qızdırma, sidiyə çıxarkən ağrılar varsa, mütləq həkimə müraciət edin. Bunlar appendisitin əlamətləridir. Appendisitin partlaması həyat üçün təhlükəlidir. Buna görə də belə ağrılara çox diqqət etmək lazımdır.

Cərrah bildirir ki, appendisit problemini ancaq əməliyyat yolu ilə aradan qaldırmaq mümkündür. Appendisit əməliyyatının həyata keçirilməsi üçün appendisit şübhəsi belə kifayət edir. Əməliyyat ümumi anesteziya yolu ilə aparılır və sağ bölgədə 10 sm yer açılaraq, appendisit götürülür.

Xəstələr əməliyyatdan 12 saat sonra normal həyata qayıda bilər. Əməliyyat 15-30 dəqiqə davam edir. Appendisitdə partlama, plastron inkişafı olan xəstələr bir müddət təqib edilir. Xəstələr əməliyyatdan sonra ağır əşyalar qaldırmamalı, ağır işlərdən və məşqdən uzaq durmalıdır. Açıq tikişlər varsa, bunlar bir həftə sonra sökülməlidir.

Bəs uşaqlarda appendisit ola bilərmi? Appendisit hər yaşda görülə bilər. Uşaqlarda appendisit böyüklərlə müqayisədə daha uzun olur: “Appendisit ən çox 6-10 yaş arası uşaqlarda görülür. 2 yaşından kiçik uşaqlarda 2 faiz, 60 yaşından böyüklərdə 10 faiz müşahidə edilir.

Appendisitin müşahidə edilmə cədvəli cinsiyyətə görə fərqlənir. Belə ki, yetkinlik yaşında qız və oğlanlarda appendisit nisbəti bərabərdir. 15-25 yaş qrupunda kişilərdə appendisit qadınlara nisbətən 2 qat çox müşahidə olunur. 25 yaşından sonra nisbət yenidən bərabərləşir. Appendisitin partlama ehtimalı da yaşa görə fərqlənir. Gənclərdə 15-25, uşaqlarda 85, yaşlılarda 90 faiz partlama ehtimalı var.

Appendisit yaşlıların həyatı üçün daha təhlükəlidir. Belə ki, yaşlıların appendisitdən ölüm riski 50, gənclərdə isə 0,1 faizdir.


Vüqarə Məmmədova
Bu yazıya 13 dəfə baxılıb.