Pişikotu


Kəmalə Hüseynova
Bu yazıya 15 dəfə baxılıb.

Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibdə çox geniş istifadə olunur.

Dərman pişikotu 60-120 sm hündürlükdə yerüstü gövdəsi olan çoxillik ot bitkisidir. May ayından başlayaraq avqusta kimi çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Bu bitkinin 200-ə qədər növü var. Ökəmizdə 8 növünə rast gəlinir. Ən çox istifadə edilən növü isə dərman pişikotu və cökəyarpaq pişikotudur

Pişikotunun faydaları saymaqla bitmir. Belə ki, dünya farmaseptik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir.

Pişikotu müalicəvi vasitə kimi lap qədim zamanlardan istifadə olunur. Bu otun adı latın dilindən "sağlam olmaq" kimi tərcümə olunur ("valere" - sağlam olmaq). Qədim Yunanıstan həkimləri valeryanın köklərini sakitləşdirici, ağrısızlaşdıran maddə kimi istifadə edirdilər, bu otun köməyi ilə baş ağrıları, nevrozları, hətta epilepsiyanı müalicə edirdilər.

Pişikotu dəmləməsi baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.

Pişikotu klimaks zamanı da qadınlara yaxşı kömək edir.

Körpələr üçün pişikotu dəmləməsi əlavə olunmuş vannalar çox xeyirlidir - yaxşı sakitləşdirir, tez yuxuya getməyə kömək edir.

Pişikotu həm də ürək-damar sistemi xəstəliklərində və pozulmalarında faydalıdır. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə olunur. Bu bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.

Pişikotu tək sinir və ürək-damar sisteminə deyil, mədə-bağırsaq sisteminə də müalicəvi təsir edir. Güclü spazmolitik xüsusiyyətlərinə malik olan pişikotu qida borusu, bağırsaq, mədə spazmları zamanı çox yaxşı effekt verir, köpdən azad edir, qəbizlik zamanı xeyirlidir, mədə şirəsinin ifrazını artırır, iştahanı yaxşılaşdırır.

Pişikotu qara ciyər və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, orqanizmi qurdlardan təmizləyir.

Bundan əlavə pişikotu bronxial astma, neyrodermit, ağ ciyər iltihabı zamanı da istifadə olunur.

Hamiləlik zamanı qadınlar tez-tez gərgin, əsəbi olur, stressə və depressiyaya düşür. Bu zaman pişikotu dəmləməsi rahatladıcı effekt göstərir.

Pişikotu dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı pişikotu kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla müxtəlif pozulmalar zamanı qəbul edilir.

Stress, xüsusilə də xroniki stress, bir çox ürək-damar, sinir, endokrin və s. kimi xəstəliklərin əsas səbəblərindən biridir.

Müasir insanın həyatı streslə olduqca zəngindir.

Stresdən xüsusilə ürək-damar sistemi əziyyət çəkir. Stress damarların xroniki sıxılmasına səbəb olur ki, bu da infarkt və insult kimi ağır pozulmaların riskini artırır.

Sizə stressi azaldan, sakitləşdirən dəmləmənin reseptini təqdim edirik.

2 x.q. pişikotu kökünün üzərinə 1-lt soyuq su tökün, qapaqla örtün, 1 gün ərzində soyuducuda saxlayın. Sonra 3 dəqiqə ərzində vam odda qaynadın. Daha sonra, dəsmala bükərək 30 dəqiqə dəmləndikdən sonra dəmləməni süzün. Hazır dəmləməni soyuducuda saxlayın və hər gün yatmazdan əvvəl dəmləmədən 1/2 stəkan qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin. Bal da sinir sistemi üçün çox faydalıdır, orqanizmə ümumi möhkəmləndirici təsir edir.

Bu dəmləməni hər gün 1,5-2 ay ərzində qəbul edin.

Dəmləmə xroniki streslərdən, yuxusuzluqdan əziyyət çəkənlərə yaxşı kömək edir.

Pişikotu ekstraktı (həblər şəklində) də çox təsirli müalicəvi vasitədir. Həblər gün ərzində 3 dəfə 1-2 həb olmaqla qəbul edilir.

Nəzərinizə çatdıraq ki, bütün digər müalicəvi bitkilərdə olduğu kimi, müalicəvi effektinin olması üçün pişikotu uzun müddət ərzində (3 həftə - 1 ay) qəbul olunmalıdır. Lakin daha uzun müddət ərzində bu otu qəbul etmək olmaz. Əks halda ürək fəaliyyətində müxtəlif pozulmalar, baş ağrıları, ürəkbulanması və s. mümkündür.

Bəzi hallarda pişikotu allergiyaya səbəb ola bilər.

Pişiklər bu bitkini çox sevir

Pişikotu köklərinin özünə xas şiddətli və xüsusi bir qoxusu vardır. Bu qoxu pişiklərin çox xoşuna gəlir. Hətta bəzən pişiklər bu bitkinin köklərini çıxardır. Bu səbəblə botanika bağlarında yetişdirilən bu bitkilər məftil qəfəs ilə əhatə olunur. Əslində bitkiyə "Pişikotu" adının verilməsinin əsl səbəbi də budur.

Keçmiş zamanlarda döyüşçülər yaralarını yaxşılaşdırmaq üçün bu bitkidən istifadə edirdilər.

Yaralarını bitkinin təzə yarpaqlarını əzərək hazırladıqları məlhəmlərlə müalicə edərdilər.

Pişikotunun qurudulmuş köklərinin üyüdülməsi nəticəsində əldə edilən tozun da mikrob əleyhinə təsiri vardır. Əqli və fiziki yorğunluq zamanı pişikotu kökündən istifadə edilməsi nəticəsində müsbət nəticələr alındığı görülmüşdür.


Kəmalə Hüseynova
Bu yazıya 15 dəfə baxılıb.